Məhkəmə qərarları › İş №2(027)-1954/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1954/2020

20.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1954/2020 20.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, X1, Cavabdeh iştirakı ilə, X1 Cavabdeh qarşı “borcun qaytarılması və mənəvi təzminatın ödənilməsi tələbi”nə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Cavabdeh qarşı “borcun qaytarılması və mənəvi təzminatın ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona o zamankı 50 (əlli) manat borcun 2,2 mislini, yəni 110 manat qaytarması, əlavə xərcə görə 100 (bir yüz) manat təzminat verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə təqdim edərək, tələbdən əlavə Cavabdeh ərizənin təqdim edilməsi üçün ödədiyi 20 (iyirmi) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2006-cı il tarixdən Quba TQK-nın Afurca EATS-in bir neçə kəndlərində yaşayan telefon abunəçilərindən telefon borclarını toplayaraq, cəmi məbləğin 10%-i qədər əmək haqqı almışdır. Əmək haqqısının aşağı düşməməsi üçün müdiriyyətin tələbi ilə bəzi abunəçilərin borclarını ay sonunda və ya il sonunda öz cibindən ödəmişdir. Ödəmə qəbzlərini təqdim edib çoxundan ödədiyi pulu almışdır. Lakin dəfələrlə müraciət etməyinə baxmayaraq Cavabdeh 2014-cü ildən borclu qaldığı 50 (əlli) manat pulu ona qaytarmamışdır. Məhkəmə iclasında X2 iddianı müdafiə edərək bildirdi ki, əvvəllər TQK-da işləyib 400-500 şəxsə xidmət etmişdir. İş fəaliyyətinin əsas şərti abunə haqlarını vaxtında toplamaq olmuşdur. Çünki abunə haqların zamanında toplanmaması maaşında kəsirlərə səbəb olurmuş. Bu səbəbdən o, ödənişləri vaxtında icra etməyən bir çox kənd sakininin əvəzinə aylıq telefon borcunu ödəmiş və bir çox kənd sakini sonradan borclu qaldığı pulu ona vermişlər. Cavabdeh isə 2014-cü ildən borclu qaldığı 50 (əlli) manat pulu verməmişdir. Belə ki, bununla bağlı onların arasında yazılı razılaşma olmamışdır. O, hamı üçün abunəhaqqı ödədiyi üçün cavabdehin yerinə də ödənişlər etmişdir. Göstərdiklərini nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı onun əvəzinə abunə borcunu ödəməmiş, o, iddiaçıdan bunu xahiş etməmiş, bu barədə aralarında bu barədə nə şifahi nə yazılı razılaşma olmamışdır. Digər tərəfdən onun yaşadığı evdə quraşdırılmış stasionar telefona uzun müddətdir ki, abunə haqqı ödənilmədiyindən, ümumiyyətlə xidmət edilmir. Ona görə tələbin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 rayonu, Afurca kəndində yaşayır; “xxxxxxxxx” MMC-nin arayışından görünür ki, X5 2006-cı ilin iyul ayından 2014-cü ilin may ayının sonuna kimi Quba TKQ-da Afurca kənd EATS-də ştatdan kənar müqavilə əsasında əməliyyatçı vəzifəsində işləmişdir; abunəçi sıyahısından görünür ki, Cavabdeh Quba rayonu, Kunxırt kənd sakinidir və (023)33 4-35-12 saylı telefon nömrəsinin istifadəçisidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərində təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X11 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X11 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və X11 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, X1 Cavabdeh əvəzinə 50 (əlli) manat telefon borcunun ödədiyini və sonuncunun həmin pulu qaytarmadığını iddia etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçının qeyd etdiyi kimi tərəflər arasında cavabdehin telefon borcunun ödənilməsi ilə bağlı hər hansı şifahi və ya yazılı razılaşma olmamışdır. İddiaçı əmək razılaşmasına əsasən hər topladığı məbləğin 10%-i qədər əmək haqqı almışdır. Lakin tələb olunan məbləği toplaya bilmədiyi üçün, deməsinə görə, məcbur qalıb öz vəsaitindən ödənişlər etmişdir. İddiaçı ifadəsində məhz öz mövqeyini düşünərək, ayın sonunda əmək haqqından məhrum olmamaq üçün cavabdehin adına ödənişlər etdiyini qeyd edir. Görünür ki, tərəflər bununla bağlı bir-birinə qarşı hər hansı öhdəlik götürməmişlər. Buna görə qeyd olunanların borcun mövcudluğu təsdiq edən mötəbər sübut kimi qəbul olunması yolverilməzdir. Beləliklə, hazırkı mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü cavabdehlə onun arasında borc münasibətinin olması, borcun verilməsi, həmin məbləğin cavabdehin qanunsuz sahibliyində olması və geri qaytarmamasının sübut edilməsindən asılıdır. Həmin faktların təsdiqindən sonra isə cavabdehin sübut etməli olduğu hal borcun geri qaytarmasının təsdiqi ilə bağlı olmalıdır. Göstərilən sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair yanaşma baxımından məhkəmə hesab edir ki, iddiaçının tələbi özünün izahatından başqa digər sübutlarla təsdiq olunmur. Digər tərəfdən, iddia tələbi maddi zərərin ödənilməsi hissəsində rədd edildiyindən, qalan hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X1 Cavabdeh qarşı “borcun qaytarılması və mənəvi təzminatın ödənilməsi tələbi”nə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar