Məhkəmə qərarları › İş №2(027)-1962/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1962/2020

19.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1962/2020 19.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı və cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh X1 xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment və uşağın 3 yaşına çatanadək 100 manat məbləğində maddi yardım olmaqla ümumilikdə 300 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, X6 ilə xx.xx.2019-cu il tarixdə el adəti ilə ailə qurmuşlar. Ailə qurduqdan sonra faktiki nikah münasibətlərindən xx.xx.2020-ci il təvəllüdlü X5 anadan olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan pisləşmişdir. Bu səbəbdən də, o, övladı ilə birlikdə anasının yanında yaşamağa məcbur olmuşdur. O, hal-hazırda heç bir yerdə işləmir, uşağın maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir, cavabdeh isə uşaqla maraqlanmır və onun saxlanılması üçün heç bir maddi yardım etməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X6 iddianı qismən qəbul edərək, xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat aliment ödəməyə imkanının olduğunu qeyd edərək iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin və “doğum haqqında şəhadətnamə”nin surətlərindən görünür ki, tərəflərin faktiki ailə münasibətlərindən xx.xx.2020-ci il təvəllüdlü X5 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələblərinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələblərinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən valideynlər arasında aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün valideynlərindən hər ay məhkəmə tərəfindən aliment tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin əmlak vəziyyəti, o cümlədən qazancının məbləği barədə məlumat olmadan alimentin miqdarı uşaq üçün 200 manat məbləğində müəyyən edilə bilməz. Məhkəmə hesab edir ki, aliment uşaq üçün 150 manat sabit pul məbləğində müəyyən edilməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, uşağa görə hər ay 150 manat məbləğində aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olması, digər tərəfdən, iddiaçının uşağın saxlanmasında çətinlik çəkməsi nəzərə alınaraq, xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət olunan xx.xx.2020-ci il tarixdən başlayaraq, iddiaçının xeyrinə cavabdehdən uşaq üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bununla yanaşı, Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən, həmçinin azyaşlı uşağı üç yaşına çatanadək onlara qulluq etdiyinə görə iddiaçının özü üçün 100 manat sabit pul məbləğidə aliment tutulması hissədində tələb təmin edilməməldir. Çünki Ailə Məcəlləsinin 85.1.1ci maddəsinin məzmunundan göründüyü kimi ümumi uşaqların doğulduğu gündən 3 il ərzində keçmiş arvad keçmiş ərdən aliment tutulmasını tələb edə bilər. Lakin iş materillarından görünür ki, tərəflərin nikahı olmamışdır Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələblərinə görə aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3 və 119.2-ci maddələrin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 və 9.4-cü maddələrinə əsasən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2020-ci il tarixdən hesablansın. Cavabdeh X1 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar