Məhkəmə qərarları › İş №2(027)-1972/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1972/2022

16.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1972/2022 16.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş oğlu xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat alimentin və xx.xx.2020-ci il təvəllüdlü X1 3 yaşına çatanadək 100 (yüz) manat məbləğdə pulun və ilkin mediasiya prosesinin keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Cavabdehla birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X2 anadan olmuşdur. Cavabdehlə aralarında olan nikah Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş və o həmin qətnamə əsasında xx.xx.2021-ci il tarixdə nikahın pozulması haqqında şəhadətnamə almışdır. Nikah pozularkən o cavabdehdən azyaşlı övladı yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tələb etməyib. Çünki, düşünüb ki, cavabdeh bir ata kimi azyaşlı övladına maddi və mənəvi cəhətdən qayğı və köməklik göstərər. Lakin, nikahın pozulmasından uzun müddət keçməsinə baxmayaraq, cavabdeh birgə nikahdan olan uşağıyla maraqlanmır və onun saxlanılması üçün heç bir maddi köməklik göstərmir. O azyaşlı oğluyla birlikdə valideynlərinin evində yaşayır. Uşağı azyaşlı olduğu üçün onun qayğısına nəvazişinə ehtiyacı var, ona görə də, heç bir yerdə işləmir. Onun və azyaşlı övladının maddi xərclərini valideynləri qarşılayır. Düşünür ki, cavabdeh birgə nikahdan olan övladının saxlanılması üçün aliment ödəməlidir. Odur ki Cavabdeh ilə birgə nikahdan döğulmuş oğlu xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat alimentin və xx.xx.2020-ci il təvəllüdlü X1 3 yaşına çatanadək kimi 100 (yüz) manat məbləğdə pulun və ilkin mediasiya prosesinin keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı aliment hissədə qəbul edərək, bildirdi ki, o maşınyumada işləyir, gündə 5-10 maşın yuyur. Maddi durumu o qədərdə qənaətbəxş deyil, 200 manat aliment ödəyə bilər, lakin əlavə xərcləri ödəməyə maddi imkanı çatmır. Odur ki, iddianı aliment hissədə qəbul edərək, əlavə xərclərin ödənilməsi hissəsində rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 406909 seriya və nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur, nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmiş, nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixində 41 nömrə ilə qeyd edilib. İş materiallarında olan AZ-İV 419400 seriya və nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə doğulub, atası Cavabdeh, anası İddiaçı qeydə alınıb. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh 19 iyul 2022-ci il tarixdən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment və xx.xx.2020-ci il təvəllüdlü X1 3 yaşına çatana kimi hər ay 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 19 iyul 2022-ci il tarixdən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment və xx.xx.2020-ci il təvəllüdlü X1 3 yaşına çatana kimi hər ay 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. Cavabdeh ilkin mediasiya prosesnin keçirilməsi ödənilmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin alınması hissəsində dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar