Məhkəmə qərarları › İş №2(027)-1981/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1981/2023

03.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1981/2023 03.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Kamran oğluna qarşı “alimet tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin və mediasiya prosesinin keçirilməsi üçün tərəfindən ödənilmiş 55 (əlli beş) manat məbləğində rüsumunun və müdafiəçiyə ödənilmiş 200 (iki yüz) manat məbləğində müdafiə xərcinin, 50 (əlli) manat məbləğində poçt, yol xərci və digər xərclərin yarısının alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olmadan dini kəbinlə el adəti ilə toy edib ailə qurmuşlar. Ailə kimi birgə yaşadığları dövrdə övladları xx.xx.2013-cü il təvəllüdlü X2 dünyaya gəlmişdir. Bundan bir müddət sonra aralarında yaranan anlaşılmazlıqlar, xasiyyətlərinin uyğunsuzluğu səbəbindən ayrılmışlar. Artıq bir neçə ildir ki, ayrı yaşayırlar. Heç bir əlaqələri yoxdur. Bu vaxta kimi maddi vəziyyəti övladıına baxmağa imkan verirdi. Ona görə aliment tələb etməmişdir. Amma halhazırda maddi vəziyyəti o qədər də yaxşı deyil. Getdikcə artan xərcləri ödəyə bilmir. Övladı məktəblidir. O, bildirmişdir ki, cavabdehin yaxşı qazancı var. Ancaq rəsmi və ya qeyri-rəsmi olduğu barədə məlumatı yoxdur. Maddi vəziyyəti aylıq 220 (iki yüz iyirmi) manat məbləğində aliment pulunu rahat şəkildə ödəməyə imkan verir. Aliment tələbi üçün Mediasiya Şurasına müraciət edilmişdir. Mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 55 manat mediasiyaya dair xərc tərəfindən ödənilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Kamran oğlu məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X1 atası Cavabdehdur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı uşağın saxlanması üçün cavabdehdən uşağa görə hər ay 220 manat məbləğində aliment tələb etsə də, cavabdehin qazancının məbləği barədə sübutlar təqdim etməmişdir. Cavabdehin əmlak vəziyyəti, o cümlədən qazancının məbləği barədə məlumat olmadan alimentin miqdarı hər uşaq üçün 220 manat məbləğində müəyyən edilə bilməz. Məhkəmə hesab edir ki, aliment uşaq üçün hər ay 190 manat məbləğində müəyyən edilməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, uşağa görə hər ay 190 manat məbləğində aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olması, digər tərəfdən, iddiaçının uşağın saxlanmasında çətinlik çəkməsi nəzərə alınaraq, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət olunan xx.xx.2023-cü il tarixdən başlayaraq, iddiaçının xeyrinə cavabdehdən uşağa görə hər ay 190 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Bununla yanaşı, iddiaçının ilkin mediasiya xidməti üçün ödədiyi 55 (əlli beş) manat məbləğində pulun yarısı, yəni 27,50 (iyirmi yeddi manat, əlli qəpik) manatı Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. İş materialllarından görünür ki, iddiaçı hüquqi yardımla bağlı 200 manat məbləğində pul ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hüquqi yardıma görə ödədidiyi 200 manat manat məbləğində pulun yarısı, yəni 100 manatı Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçı aliment alınması barədə iddialar üzrə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-nin 112.1.6 və 119.2-ci maddələrin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, 8.1.2 və 9.4-cü maddələrinə əsasən 42,80 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixindən başlayaraq hər ay 190 manat sabit pul məbləğində aliment Cavabdeh Kamran oğlundan İddiaçı xeyrinə tutulsun. İddiaçının ilkin mediasiya xidməti üçün ödədiyi 55 (əlli beş) manat məbləğində pulun yarısı, yəni 27,50 (iyirmi yeddi manat, əlli qəpik) manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddiaçının hüquqi yardıma görə ödədidiyi 200 manat manat məbləğində pulun yarısı, yəni 100 manatı Cavabdeh İddiaçı ödənilsin. Qətnamə dərhal icraya yönəldilsin. Cavabdeh Kamran oğlundan 42,80 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar