Məhkəmə qərarları › İş №2(027)-2015/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2015/2025

09.10.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2015/2025 09.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4 Seyicamal oğlu, Cavabdeh5, Quba regional “ASAN Xidmət” Mərkəzi Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın bağışlanma və alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi”) Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı nümayəndəsi qismində X1 İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3 və onun nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4 Seyicamal oğlu, Cavabdeh5, Quba regional “ASAN Xidmət” Mərkəzi Notariat Ofisi və Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba regional “ASAN Xidmət” Mərkəzi Notariat Ofisi tərəfindən tərtib edilmiş Quba rayonu, Vladimirovka kəndində yerləşən **********90 reyestr nömrəli 0.36 ha torpaq sahəsinin Cavabdeh3 tərəfindən Cavabdeh4 bağışlanmasına dair xx.xx.2024-cü il tarixli, 4Ə-1209 saylı bağışlanma müqaviləsi və Quba rayonu, Vladimirovka kəndində yerləşən **********85 reystr nömrəli 0.8404 ha torpaq sahəsinin Cavabdeh3 tərəfindən Cavabdeh5 bağışlanmasına dair xx.xx.2024-cü il tarixli, 4Ə-1206 saylı bağışlanma müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 mülkiyyətində olmuş və Quba rayonu,Vladimirovka kəndində yerləşən 0.36 ha torpaq sahəsinin qardaşı Cavabdeh4 bağışlaması haqqında Quba Regional ASAN Xidmət Mərkəzinin notariat ofisində qeydə alınmış xx.xx.2024-cü il tarixli, 4Ə-1209 reyestr nömrəli “bağışlanma müqaviləsi”nin və həmin müqaviləyə əsasən xx.xx.2024-cü il tarixdə DƏDK və RPHŞ-ndən onun adına verilmiş Reyestr № **********90, Qeydiyyat № ********** saylı Çıxarışın etibarsız hesab edilməsi və Cavabdeh3 mülkiyyətində olmuş və Quba rayonu,Vladİmirovka kəndində yerləşən 0.84 ha torpaq sahəsinin yaxın qohumu (xalası oğlu) Cavabdeh5 satması haqqında Quba Regional ASAN Xidmət Mərkəzinin notariat ofisində qeydə alınmış xx.xx.2024-cü il tarixli, 4Ə-1206 reyestr nömrəli “alqı-satqı müqaviləsi”nin və həmin müqaviləyə əsasən xx.xx.2025-ci il tarixdə DƏDK və R PHŞ-dən onun adına verilmiş Reyestr № **********85, Qeydiyyat № ********** saylı Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Daha sonra ərizə təqdim edərək iddia tələbini çıxarışın etibarsızlığı ilə bağlı hissədə çıxarışın ləğvi kimi nəzərə alınmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)- 141/2024 saylı qətnaməsi ilə Cavabdeh3 103.000 manat məbləğində pul alınaraq ona yəni, İddiaçı verilməsi, tərəfimdən ödənilmiş 435 manat dövlət rüsumunun Cavabdeh3 tutularaq İddiaçı ödənilməsi, tərəfindən hüquqi yardımla bağlı ödənilmiş 900 manat məbləğində pulun yarısı, yəni 450 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi qərara alınmışdır. Qeyd olunan qətnamə xx.xx.2024-cü il tarixdən icra edilməsi üçün Quba rayon İcra və Probasiya Şöbəsinə yönləndirilmişdir. Bu zaman Cavabdeh3 mülkiyyətində Quba rayonu, Vladimirovka kəndində yerləşən **********49 reystr nömrəli, 0.0250 ha torpaq sahəsi, **********90 reystr nömrəli, 0.36 ha torpaq sahəsi, **********85 reystr nömrəli, 0.8404 ha torpaq sahəsi və Quba rayonu Ağbil kəndində yerləşən **********35 reystr nömrəli, 0.3190 ha torpaq sahələri müəyyən edilmiş və Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-141/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Quba rayon Məhkəməsinin 8(027)-271/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı borclu Cavabdeh3 mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində **********49 reystr nömrəli, 0.0250 ha torpaq sahəsi, **********90 reystr nömrəli, 0.36 ha torpaq sahəsi, **********85 reystr nömrəli, 0.8404 ha torpaq sahəsi və Quba rayonu Ağbil kəndində yerləşən **********35 reystr nömrəli, 0.3190 ha torpaq sahələri üzərinə həbs qoyulmuşdur. Bundan başqa, Quba rayon Məhkəməsinin 8(027)-272/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Quba rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-141/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə borclu Cavabdeh3 mülkiyyətində olan “VAZ 21061” minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Quba rayon İcra və Probasiya Şöbəsinin Cavabdeh3 mülkiyyətində olan “VAZ 21061” minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil 2500 (iki min beş yüz) manat dəyərində qiymətləndirilmişdir. Cavabdeh3 məxsus üzərinə həbs qoyulmuş əmlak ona təklif edilmişdir. Oda bununla razılaşmışdır. Cavabdeh3 mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində **********49 reystr nömrəli, 0.0250 ha torpaq sahəsi, **********90 reystr nömrəli 0.36 ha torpaq sahəsi, **********85 reystr nömrəli 0.8404 ha torpaq sahəsi və Quba rayonu Ağbil kəndində yerləşən **********35 reystr nömrəli, 0.3190 ha torpaq sahələri üzərinə həbs qoyulduqdan sonra qiymətləndirilməsi üçün mütəxəssis təyin edilmişdir. Lakin bu zaman Cavabdeh3 mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində yerləşən **********90 reystr nömrəli 0.36 ha torpaq sahəsi və **********85 reystr nömrəli 0.8404 ha torpaq sahəsinin bağışlanma müqaviləsi əsasın özgəninkiləşdirildiyi müəyyən olunmuşdur. Açıq-aydın görünür ki, Cavabdeh3 məhkəmə qətnaməsini icra etməkdən yayınmaq üçün mülkiyyətində olan torpaq sahələrini uydurma və həqiqəti pərdələmək niyyəti ilə bağışlanma yolu ilə **********90 reyestr nömrəli 0.36 ha torpaq sahəsini xx.xx.2024-cü il tarixli, 4Ə-1209 saylı bağışlanma müqaviləsi əsasında yaxın qohumu sayılan qardaşı Cavabdeh4, **********85 reyestr nömrəli 0.8404 ha torpaq sahəsini isə xx.xx.2024-cü il tarixli, 4Ə-1206 saylı bağışlanma müqaviləsi əsasında qohumu Cavabdeh5 bağışlamışdır. Həmin bağışlanma müqavilələrinin uydurma əqd olması ikisinin eyni gündə cavabdeh tərəfindən qohumlarına bağışlanmasıdır. Bundan başqa, Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi onun cavabdehlə arasında olan mülki məsələdən agah olsa da, torpaq sahələrinin üzərində həbs ola-ola saxta yollarla bağışlanma müqaviləsi tərtib edilmişdir. Bununla bağlı, Quba rayon İcra və Probasiya Şöbəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2025-ci il tarixdə irad məktubu göndərmişdir. Göründüyü kimi cavabdeh Azərbaycan Respublikası adından qəbul edilmiş qətnaməni icra etməkdən yayınmaq üçün saxta yollara əl atır. Bundan başqa dayanmadan onun və ailəsi barədə bir çox dövlət qurumlarına əsassız şikayətlər edir. Düşünür ki, Quba regional “ASAN Xidmət” Mərkəzi Notariat Ofisi tərəfindən tərtib edilmiş Quba rayonu, Vladimirovka kəndində yerləşən **********90 reyestr nömrəli 0.36 ha torpaq sahəsinin Cavabdeh3 tərəfindən Cavabdeh4 bağışlanmasına dair xx.xx.2024-cü il tarixli, 4Ə-1209 saylı bağışlanma müqaviləsi və Quba rayonu, Vladimirovka kəndində yerləşən **********85 reystr nömrəli 0.8404 ha torpaq sahəsinin Cavabdeh3 tərəfindən Cavabdeh5 bağışlanmasına dair xx.xx.2024-cü il tarixli, 4Ə-1206 saylı bağışlanma müqaviləsi etibarsız hesab edilərək ləğv edilməlidir.

İş materialları :

5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, **********90 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Quba rayonu, Vladimirovka kəndində yerləşən 0.36 ha torpaq sahəsi Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyesterində 358 nömrəli reyestr kitabını 63 nömrəli vərəqində qeydiyyata alınmışdır. Torpaq sahəsinə Cavabdeh3 tam mülkiyyəti müəyyən olunmuşdur.

6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli, **********85 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Quba rayonu, Vladimirovka kəndində yerləşən 0.8404 ha torpaq sahəsi Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyesterində 424 nömrəli reyestr kitabını 47 nömrəli vərəqində qeydiyyata alınmışdır. Torpaq sahəsinə Cavabdeh3 tam mülkiyyəti müəyyən olunmuşdur.

7. Quba rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2(027)-141/2024 nömrəli qətnaməyə əsasən Cavabdeh3 103 000 manat məbləğində pulun, iddia tərəfindən ödənilmiş 435 manat dövlət rüsumunun və hüquqi yardımla bağlı ödənilmiş 900 manat məbləğində pulun yarısının, yəni 450 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Quba rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 8(027)-271/2024 nömrəli qərardadına əsasən Quba rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu Cavabdeh3 mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində **********49 reyestr nömrəli 0,0250 ha torpaq sahəsi, **********90 reyestr nömrəli 0.36 ha torpaq sahəsi, **********85 reyestr nömrəli 0.8404 ha torpaq sahəsi və Quba rayonu, Ağbil kəndində yerləşən **********35 reyestr nömrəli 0.3190 ha torpaq sahələri üzərinə həbs qoyulmuşdur.

9. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli, **********85 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Quba rayonu, Vladimirovka kəndində yerləşən 0.96 ha torpaq sahəsi Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyesterində 424 nömrəli reyestr kitabını 47 nömrəli vərəqində qeydiyyata alınmışdır. Torpaq sahəsinə Cavabdeh3 tam mülkiyyəti müəyyən olunmuşdur.

10. AN-İ ******* saylı, xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsindən görünür ki, Quba rayonu, Vladimirovka kəndində yerləşən 0.96 ha torpaq sahəsi Cavabdeh3 tərəfindən 5000 manata Cavabdeh5 satılmışdır. xx.xx.2024-cü il tarixli, notarial qaydada təsdiq edilmiş “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, Cavabdeh3 məxsus Quba rayonu, Vladimirovka kəndində yerləşən 0.36 ha torpaq sahəsi Cavabdeh4 bağışlamışdır.

11. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2025-ci il qeydiyyat tarixli, **********85 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Quba rayonu, Vladimirovka kəndində yerləşən 0.84 ha torpaq sahəsi Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyesterində 424 nömrəli reyestr kitabını 47 nömrəli vərəqində qeydiyyata alınmışdır.

12. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, **********90 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Quba rayonu, Vladimirovka kəndində yerləşən 0.36 ha torpaq sahəsi Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyesterində 358 nömrəli reyestr kitabını 63 nömrəli vərəqində qeydiyyata alınmışdır. Torpaq sahəsinə Cavabdeh4 tam mülkiyyəti müəyyən olunmuşdur.

13. Quba rayon İcra və probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə ünvanladığı məktubdan görünür ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 08.01,2024-cü i. tarixli, 2(027)-141/2 saylı icra sənədinə əsasən borclu Cavabdeh3 mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində yerləşən 0.0250 ha 0 36 ha. 0.8404 ha v Quba rayonu. Ağbi! kəndində yerləşər 0 3190 ha kənd təsərrüfatı təyinatlı torpe sahələrinin üzərinə həbs qoyulmalıdır. İş üzrə borclu Cavabdeh3 mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində yerləşən 0 0250 ha, 0.36 ha, 0.8404 ha və Quba rayonu. Ağbil kəndində yerləşən 0.3190 na kənd təsərrüfatı təyinatlı torpaq sahələrin üzərmə həbsin qoyulmasını təmin etməklə, həmin torpaq sahələrinin mülkiyy sənədlərini Quba rayon icra və Probasiya Şöbəsinə təqdim edilməsi xahiş edilmişdir.

14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Quba rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 12 may 2025-ci il tarixli, 3-21-3-34/2-6285/2025 nömrəli məktubla bildirilmişdir ki, tərəflərindən aparılan araşdırma zamanı Quba rayonu, Vladimirovka kəndində yerləşən **********90 reyestr nömrəli 0.36 ha torpaq sahəsinin xx.xx.2024-cü il tarixli 4Ə-1209 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh4, Quba rayonu, Vladimirovka kəndində yerləşən **********85 reyestr nömrəli 0.8404 ha torpaq sahəsi isə xx.xx.2024-cü il tarixli, 4Ə-1206 reyestr nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh5 özgəninkiləşdirilmişdir.

15. Quba rayon İcra və probasiya Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə ünvanladığı məktuba əsasən bildirilmişdir ki, torpaq sahələrinə həbs qoyma ilə bağlı sizə ünvanladığımız xx.xx.2025-ci il tarixli məktubumuza cavab olaraq ünvanlanan xx.xx.2025-ci il tarixli, 3- 21-3-34/2-6285/2025 saylı məktubunuzdan məlum olur ki, Quba rayonu, Vladimirovka kəndində yerləşən **********90 reyestr nömrəli 0.36) ha torpaq sahəsi 25 04 2024-cü il tarixli, 4Ə-1209 reyestr nömrəli bağışlanma müqaviləsi (Quba regional "ASAN xidmət” mərkəzində Cavabdeh3 tərəfindən, Quba rayonu, Vladimirovka kəndində yerləşən **********85 reyestr nömrəli 0.8404 ha torpaq sahəsi isə xx.xx.2024-cü il tarixli, 4Ə-1206 reyestr nömrəli bağışlanma müqaviləsi (Quba regional "ASAN xidmət" mərkəzi) əsasında Cavabdeh5 tərəfindən özgəninkiləşdirilmiş və sonuncuların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat verilmişdir. Beləliklə xx.xx.2024-cü il tarixli məktubunuzla borclunun adına olan torpaq sahələrinin üzərinə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə həbs qoyulmuş lakin, xx.xx.2025ci il tarixli məktubunuzla borcluya məxsus Quba rayonu, Vladimirovka kəndində yerləşən **********90 reyestr nömrəli 0.36 ha və **********85 reyestr nömrəli 0.8404 ha torpaq sahələrinin bağışlandığını bildirmişdir. Belə olan halda xx.xx.2024-cü il tarixli və xx.xx.2025ci il tarixli məktublarınız arasında ziddiyyət yarandığı üçün iş üzrə tələbkarın haqlı şikayətinə səbəb olub. Odur ki, qeyd olunanlarla bağlı aydınlıq verilməsi tələb olunmuşdur.

Tərəflərin izahatları :

16. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 və onun nümayəndəsi vəkili Vəkil iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdilər.

17. Məhkəmə iclasında Cavabdeh3 və nümayəndəsi və vəkili X5 iddia tələbinə etiraz edərək, hazırda iddiaçının əqdin etibarsızlığı tələbinin irəli sürülməsi üçün heç bir subyektiv hüququnun mövcud olmadığını irəli sürərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

18. Cavabdeh 30 iyun 2025-ci il tarixdə məhkəməyə yazılı qaydada etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı ona və qeyrilərinə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. İddiaçı qeyd olunan müqavilələrin tərəfi deyildir, bağışlanan əmlaklara dair onun paylı, birgə mülkiyyət hüququ və hər hansı başqa hüququ olmamışdır. Həmçinin müqavilə obyekti olan torpaq sahələri onun xeyrinə, öhdəliyin icrasının təminatı olara girov qoyulmamışdır. Belə olduğu halda İddiaçı mübahisələndirilən bağışlama müqavilələrinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yaranmamışdır. İddiaçı ona heç bir aidiyyatı olmayan müqavilələri mübahisələndirir. İddia ərizəsində qeyd olunan məhkəmə qətnaməsi ilə onun iddiaçıya borcunun olması, gələcəkdə həmin torpaq sahələrinin satışı hesabına borcun ödənilməsinin mümkün olması əsası ilə bağışlama müqavilələrinin ləğvinə dair iddiaçı tərəfindən iddianın qaldırılması üçün hüquqi ixtiyarı, bununla da tələb etmək hüququ yaranmamışdır. Hazırki iş üzrə 25 aprel 2024-cü il tarixli, 4Ə-1209 saylı və 25 aprel 2024-cü il tarixli, 4Ə-1206 saylı əqdlərdə mən öz mülkiyyətimdə olan torpaq sahələrini digər şəxslərə bağışlamış, həmin şəxslər isə hədiyyəni qəbul etmişlər, burada onların hansısa başqa bir əqdi bağlamaq niyyəti olmamışdır. Bağışlama zamanı mülki qanunvericiliyin və Notariat haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

19. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh4 Seyicamal oğlu verdiyi izahatda iddia tələbinə etiraz edərək, cavabdehin qardaşı olmasını qeyd etməklə, daşınmaz əmlakın ona bağışlanması ilə bağlı razılığın cavabdehlə çoxdan əldə edilməsini, lakin rəsmiləşdirmənin sonrakı tarixlərdə həyata keçirilməsini qeyd etmişdir. Belə ki, torpaq sahəsi uzun müddətdir ki, onun istifadəsindədir.

20. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh5 da verdiyi izahatda iddia tələbinə etiraz edərək, cavabdehin xalası oğlu olduğunu bildirməklə, torpaq sahəsinin alqısatqısının sonradan rəsmiləşdirilməsinin səbəbini digər cavabdehin istinad etdiyi eyni hallarla əsaslandırmışdır.

21. Digər cavabdehlər Quba regional “ASAN Xidmət” Mərkəzi Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, Quba regional “ASAN Xidmət” Mərkəzi Notariat Ofisi məhkəməyə ərizə ünvanlayaraq, onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir.

22. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasının digər tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

Məhkəmə baxışının hədləri:

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi :

106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

Məhkəmənin mövqeyi :

26. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

27. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

28. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

30. İddiaçı Cavabdeh3 qarşı olan bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbini məhz həmin müqavilələrin icradan yayındırmaq məqsədi ilə formal olaraq bağlanması ilə əsaslandırmışdır.

31. Belə ki, işin halları ilə müəyyən edilmişdir ki, Quba rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2(027)-141/2024 nömrəli qətnaməsinə əsasən hazırki iş üzrə Cavabdeh3 rüsumlar da daxil olmaqla ümumilikdə 103885 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, qətnaməyə qanuni qüvvəyə minməklə icraya yönəlmiş, lakin cavabdeh tərəfindən icra sənədi üzrə hər hansı bir ödəniş həyata keçirilməmişdir. Qısa müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə cavabdeh ona məxsus olan 0.36 ha və 0.84 ha torpaq sahələrininin alqı-satqı və bağışlama müqaviləsi əsasında özgəninkiləşdirilməsini həyata keçirmişdir.

32. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində əqdin etibarsızlığını yalan əqd olması ilə əlaqələndirsə də, məhkəmə iddia tələbindən və onun əsaslandırıldığı hallardan çıxış edərək, əqddə uydurma əqdin əlamətlərinin mövcudluğu qənaətinə gəlir.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

34. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

35. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, nəzərdən keçirilən halda, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin uydurma əqd ilə bağlı müddəaları nəzərdən keçirilməlidir.

36. Mülki Məcəllənin 340.1-ci maddəsinin dispozisiyasından görünür ki, uydurma əqdin aşağıdakı əlamətləri mövcuddur: - bu əqdi bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə uyğun hüquqi nəticə, yəni tərəflər üçün hüquq və vəzifələr yaranmır, belə niyyət də mövcud deyildir; - əqdin tərəfləri bununla formal hüquqi görünüş yaradaraq, tam başqa məqsəd güdürlər.

37. Bu məqsədin hüquqazidd xarakter daşıması: vergi ödəməkdən yayınması, cinayət yolu ilə əldə edilmiş əmlakı müsadirə olunmaqdan xilas edilməsi, öhdəliyini icra etməkdən boyun qaçırması, birgə nikah dövründə əldə olunmuş əmlakın ər-arvad arasında bölünməsinin qarşısının alınması və s. istisna olunmur.

38. Göstərilən hallara görə uydurma əqd qanunazidd və məzmunu qüsurlu olduğu üçün əhəmiyyətsizdir.

39. Mülki qanunvericiliyin yuxarıda sadlanan normalarının məzmunundan göründüyü kimi uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsindəöz aralarında razılığa gəlmiş olurlar Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır.

40. Beləliklə, uydurma əqd bir qayda olaraq üçüncü şəxsləri aldatmaq və xarici aləmə həqiqətdə olmayan bir hüquqi vəziyyəti göstərmək məqsədilə bağlandığı üçün bu vəziyyətə görə mənafeyi pozulan hər bir şəxs həmin əqdin etibarsızlığına dair məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Belə olan təqdirdə kreditorun (tələbkarın) borclunun öz əmlakını icradan yayındırmaq məqsədilə bağladığı əqdin etibarsız sayılması barədə tələb irəli sürməyə subyektiv hüququnun mövcudluğu istisna olunmur.

41. Belə ki, iddiaçı ona istinad edir ki, mübahisə olunan əqdlərin rəsmiləşdirilməsində məqsəd borclunun müqavilələrin predmeti olan əşyaların mülkiyyətçisi kimi görünməməsini təmin etməklə tələbin həmin əmlaka yönəldilmənin qarşısını almaqdır. Belə olan halda, alacağının borclunun əmlakı hesabına ödənilməsi imkanı aradan qalxır və tələbkar kimi hüquqları pozulur.

42. Bununla belə işin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən müqavilə bağlanılan zaman tərəflərin iradə ifadəsi real bağışlama münasibətlərinə daxil olmağa yönəlməmişdir.

43. Məhkəmə qeyd edir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır.

44. Mülki qanunvericiliyə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalıdır.

45. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 09 dekabr 2019 və N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli qərarlar).

46. Hər hansı əqdin, o cümlədən bağışlama və alqı-satqı müqavilələrinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.

47. Məhkəmə tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh mülkiyyətində olan 0.36 ha və 0.8404 ha torpaq sahələrini məhz 08 yanvar 2024-cü il tarixli məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən qısa zaman sonra, eyni tarixdə bağlanmış müqavilələr əsasında, yəni 25 aprel 2024-cü il tarixdə özgəninkiləşdirmişdir. Belə ki, 0.36 ha torpaq sahəsi qardaşı Cavabdeh4 ilə bağlanmış bağışlama müqaviləsi və 0.8404 ha torpaq sahəsi isə xalası oğlu Cavabdeh5 ilə bağlanmış alqı-satqı müqaviləsi əsasında sonuncuların adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır.

48. Əlavə olaraq qeyd edilməlidir ki, hazırda 0.8404 ha təşkilm edən torpağın sahəsi xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsində 0.96 ha olaraq qeyd edilsə də, işin araşdırılması zamanı, eyni zamanda cavabdehin də məhkəmə iclasında verdiyi izahatdan aydın olunur ki, həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zamanı sahəsinin azalması müşahidə edilməklə sonradan 0.8404 ha olaraq qeyd edilmişdir. Belə ki, həm 0.96 ha, həm də 0.84 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrində çıxarış verilməsi eyni günə təsadüf etmişdir.

49. Məhkəmə iclasında cavabdehlər verdiyi izahatlarda Cavabdeh4 və Cavabdeh5 torpaq sahələrinin özgəninkiləşdirilməsi ilə bağlı razılığın uzun müddətdir əldə edilməsinə baxmayaraq, rəsmiləşdirmənin 25 aprel 2024-cü il tarixdə həyata keçirilməsini iddia etsələr də, məhkəmə müqavilə tərəflərinin kimliyini (cavabdehlə qohumluq münasibətlərini), müqavilələrin bağlanmasının eyni tarixə və qətnamədən qısa müddət sonraya təsadüf etməsini, sözügedən şəxslərin torpaq sahəsindən uzun müddətdir istifadə etməsi ilə bağlı hər hansı bir sübutun təqdim edilmədiyini nəzərə alaraq, müqavilələrin cavabdehin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından yayınması məqsədilə bağlandığı qənaətinə gəlir. Belə ki, torpaq sahələrinin niyə məhz eyni gündə özgəninkiləşdirildiyi və müqavilənin digər tərəflərinin hər ikisinin cavabdehlə qohumluq münasibətində olması faktı bağlanmış müqavilələrin etibarlılığının şübhə altında qoyulmasına səbəb olur.

50. İşdən məlum olur ki, icra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə cavabdehin mülkiyyətində olan torpaq sahələrinin üzərinə həbs qoyulmasına baxmayaraq, hazırda mübahisələndirilən sahəsi 0.36 ha və 0.84 ha təşkil edən torpaq sahələrinin 25 aprel 2024-cü il tarixdə özgəninkiləşdirildiyi məlum olmaqla, onların üzərinə həbsin qoyulması mümkün olmamışdır.

51. Məhkəmə qeyd edir ki, qanunverici şəxslərin azad surətdə müqavilə bağlamalarını məhdudlaşdırmasa da, onların öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqlarını təsbit edərək, mülki hüquqların hüquqa uyğun həyata keçirilməli olduğunu tələb edib, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadəni və sui-istifadəni qadağan etdiyini açıq bəyan etməklə, bu qadağanın pozulacağı hallarda qeyd edilən əsasla həyata keçirilən razılaşmaların (hərəkətlərin) etibarsız sayılacağı ilə bağlı əvvəlcədən xəbərdarlıq etmişdir.

52. İşin bütün faktiki halları onu deməyə əsas verir ki, cavabdehin məqsədi bağışlama və alqı-satqı müqavilələrinin real məqsədlərinə xidmət edəcək hüquqi nəticə yaratmaqdan ibarət olmadığından həmin əqdlər uydurma əqd hesab edilməlidir.

53. Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.

54. Mülki qanunvericiliyə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

Məhkəmə xərcləri :

55. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticə :

56. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia təmin edilsin. Cavabdeh3 mülkiyyətində olmuş və Quba rayonu,Vladİmirovka kəndində yerləşən 0.36 ha torpaq sahəsinin qardaşı Cavabdeh4 bağışlaması haqqında Quba Regional ASAN Xidmət Mərkəzinin notariat ofisində qeydə alınmış xx.xx.2024-cü il tarixli, 4Ə-1209 reyestr nömrəli “bağışlanma müqaviləsi” etibarsız hesab edilsin və həmin müqaviləyə əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, **********90 reyestr nömrəli, ********** saylı çıxarış ləğv edilsin. Cavabdeh3 mülkiyyətində olmuş və Quba rayonu,Vladİmirovka kəndində yerləşən 0.84 ha torpaq sahəsinin yaxın qohumu (xalası oğlu) Cavabdeh5 satması haqqında Quba Regional ASAN Xidmət Mərkəzinin notariat ofisində qeydə alınmış xx.xx.2024-cü il tarixli, 4Ə-1206 reyestr nömrəli “alqı-satqı müqaviləsi” etibarsız hesab edilsin və həmin müqaviləyə əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2025-ci il qeydiyyat tarixli, **********85 reyestr nömrəli, ********** saylı Çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar