Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2016/2021 05.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 21 aprel 2012-ci il təvəllüdlü X2 və 26 avqust 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində alimentin və əlavə olaraq 2021-ci il təvəllüdlü X1 3 yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 11 sentyabr 2011-cu il tarixdə el adəti üzrə ailə qurmuşlar. Nikahlarını 22 iyun 2018-cl il tarixində rəsmiləşdirmişlər. Birgə nikahlarından 21 aprel 2012-ci il təvəllüdlü X2 və 26 avqust 2021-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Cavabdehlə münasibətləri ilk vaxtlar yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, cavabdeh onlarla maraqlanmır, onun və uşağının xərclərini qarşılamamışdır. Artıq uzun müddətdir ki, valideynlərinin yanında yaşayır. O, uşaqlarını valideynlərinin köməkliyi ilə saxlayır. Uşaqların ehtiyacları günü-gündən artır. Valideynləri imkansızdılar, işsizdilər, atası fəhlə işləyir. Hər gün qazancı olmur, valideynləri öz gəlirlərini qarşılamağa çətinlik çəkirlər. Onun kimi uşaqlarına baxmaq cavabdehin də vəzifəsidir. Hazırda körpə övladı olduğu üçün heç bir yerdə işləmir. İlkin olaraq məhkəmədən kənar qaydada cavabdehlə ailə münasibətlərini həll etmək üçün Mediasiya Təşkilatına müraciət etsə də, Cavabdeh onunla razılığa gəlməmiş, ona 24 avqust 2021-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında nikah 22.06.2018-ci il tarixdə bağlanmış, nikah Quba Regional “ASAN” Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi tərəfində 0232 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından - 21 aprel 2012-ci il təvəllüdlü X2 və 26 avqust 2021-ci il təvəllüdlü X3 anadan olmuşdur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı uşağın saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 175 manat məbləğində aliment tələb etsə də, cavabdehin qazancının məbləği barədə sübutlar təqdim etməmişdir. Cavabdehin əmlak vəziyyəti, o cümlədən qazancının məbləği barədə məlumat olmadan alimentin miqdarı hər uşaq üçün 175 manat məbləğində müəyyən edilə bilməz. Məhkəmə hesab edir ki, aliment hər uşaq üçün hər ay 130 manat məbləğində müəyyən edilməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, hər uşağa görə hər uşaq üçün hər ay 130 manat məbləğində aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olması, digər tərəfdən, iddiaçının uşaların saxlanmasında çətinlik çəkməsi nəzərə alınaraq, 21 aprel 2012-ci il təvəllüdlü X2 və 26 avqust 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət olunan 07.08.2021-ci il tarixdən başlayaraq, iddiaçının xeyrinə cavabdehdən hər uşaq üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bununla yanaşı, Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən, həmçinin azyaşlı uşağı üç yaşına çatanadək 100 manat sabit pul məbləğidə aliment tutulması hissədində tələb təmin edilməməldir. İddiaçı Ailə Məcəlləsinin 81.1-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Lakin iddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsində nəzərdə tutulmuş əsaslarla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçı aliment alınması barədə iddialar üzrə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-nin 112.1.6 və 119.2-ci maddələrin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 və 9.4-cü maddələrinə əsasən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 21 aprel 2012-ci il təvəllüdlü X2 və 26 avqust 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 07.08.2021-ci il tarixindən başlayaraq hər uşaq üçün hər ay 130 manat olmaqla ümumilikdə 260 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı qızının xeyrinə tutulsun. Cavabdehndan 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2016/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2016/2021
05.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver