Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-203/2023 06.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh “dəymiş ziyanın ödənilməsi və torpağın qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh “dəymiş ziyanın ödənilməsi və torpağın qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu Amsar bələdiyyəsinin sədri Cavabdeh tərəfindən 7 il ərzində ona dəymiş ziyanın hesablanması və torpağı ilə bir yerdə ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun ulu babaları Nəcəfalı, Nəcəfalının oğlu Nəsir, Nəsirin oğlu Heybət onun ailə üzvləri oğlanları Nəsirov Qasım, Nəsirov Həşim, Nəsirov Nəcəf və Nəsirov Bircəbala, qızı Nəsirova Güləşər, Heybətin həyat yoldaşı X1 ilk sakinlərindən olmuş, həyətyanı torpaq kimi istifadə etdikləri 0,15 ha azacıq torpaq sahəsi nəsildən-nəsilə ötürülərək gəlib ona çatmışdır. 1931-ci ildə kollektivləşmə dövrü həmin torpaq sahəsi toxunulmaz olaraq onun ailəsinə qalmışdır. O vaxtdan 85 il (2015-ci il) keçmişdir. Ailəsinin həyat şəraitinin yaxşılaşdırılması üçün bu torpaqdan səmərəli istifadə etmiş, bu torpaqda qarğıdalı, lobya və sairə bostan bitkiləri yetişdirərək dolanmışlar. Ailə üzvlərindən X3, Nəsirov Nəcəf və Nəsirov Bircəbala müharibədə döyüşlərdə həlak olmuşlar. 1962-ci ildə kolxoz sədri və kolxozun məsul işçiləri tərəfindən kənddə onların mülkiyyətində olan torpaq sahəsində mağaza tikilmiş, lakin 2015-ci ilə kimi mağaza sahibsiz qalmışdır. Onlar da öz mülkiyyətindən mağazanın arxasında qalan torpaq sahəsindən istifadə etmişlər və hər ildə olduğu kimi vergi ödəmişlər. 2015-ci il tarixdə Amsar bələdiyyəsinin sədri Cavabdeh onlara gələrək mağazanı özəlləşdirdiyini, mağazanın arxasında qalan 0,05 ha torpaq sahəsinin yardımçı təsərrüfat kimi ona (Cavabdeh) verilməsini bildirmiş və orada əkib-becərmə işləri aparmamasını demişdir. O, bununla bağlı Cavabdeh irad bildirmiş və 85 ildir ki, ailəsi tərəfindən həmin torpaq sahəsindən istifadə edildiyini və onlara məxsus olmasını qeyd etmişdir. Cavabdeh isə dinləməmiş və həmin gündən ərazidə, çəpərin diblərində əkdiyi 20- 25 ədəd bar verən gavalı ağacı, 1 ədəd bar verən qoz ağacı və 3 ədəd gilas ağaclarını kəsərək ərazini mişar daşı ilə hasara almışdır. O, bələdiyyə sədri Cavabdeh özbaşınalığı haqqında RPŞ-nə məlumat vermiş, bir müddətdən sonra RPŞ-dən xx.xx.2015-ci il tarixdə ona Cavabdeh barəsində müvafiq tədbirlərin görülməsi haqqında müvafiq cavab verilmişdir. Həmin torpaq sahəsi onun və ailəsinin mülküdür, onlar 85 ildir ki, həmin torpaq sahəsindən istifadə edirlər. Uzun illər ərzində heç bir kənd idarə rəhbəri tərəfindən onun torpaq sahəsindən qeyri-qanuni istifadə etməsi barədə irad bildirilməmişdir. Cavabdeh saxta sənəd əldə edərək onun ata-babalarından miras qalmış 0,05 ha torpaq sahəsini xüsusi mülkiyyətinə keçirmişdir. Cavabdeh özbaşınalıq edərək ailəsinin 85 ildən artıq istifadə etdiyi 0,05 torpaq sahəsindən 20-25 ədəd bar verən qara gavalı, 3 ədəd gilas və 1 ədəd bar verən qoz ağaclarını kəsmiş və mülkü mişar daşı ilə hasara almış, özbaşınalıq edərək orada kafe-restoran tikmişdir. 7 ildir ki, onlara öz mülkündən istifadə etməyə qoymur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, sözügedən torpağın çıxarışı olmasa da, bələdiyyənin kitabında onların 0,15 ha torpaq sahəsi qeydiyyatdadır. O və ailəsi həmin torpaq sahəsindən 86 il istifadə etmiş, tərəvəz məhsulları yetişdimiş, torpağa dair vergi ödəmişdir. Torpaq sahəsində onun 13 ağacı olmuş, cavabdeh ağacları kəsmişdir. Bu barədə o, polis şöbəsinə və Quba rayon İcra hakimiyyətinə müraciət etsə də, müsbət nəticə əldə etmişdir. Sənəd üzərində onun adına 10 sot torpaq sahəsi qeydə alınmışdır. 5 sot torpaq sahəsi cavabdeh tərəfindən mənimsənilmişdir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən zaman Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, mübahisə predmeti olan 5 sot torpaq sahəsi iddiaçının həyətyanı torpaq sahəsinin yanında yerləşir. İddiaçı mülkiyyətində zəbt edilmiş torpaqlar daxil olmaqla 13 sot torpaq sahəsi vardır. Sözügedən torpaq sahəsi iddiaçının mülkiyyətində deyil, dövlətin mülkiyyətindədir. O, həmn torpaq sahəsinini icarəyə götürüb yenidənqurma işləri aparmışdır. Gavalı ağacları isə iddiaçı tərəfindən deyil özü həmin ərazidə bitmişdir. Bələdiyyə kitabında İddiaçı adına 11 sot torpaq sahəsi qeydiyyata alınmışdır. 15 sot torpaq sahəsinə dair vergi ödəməsi barədə sənəd olsa da, vergi sənədinin hansı torpağa aid olması bəlli deyil. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı tərəfindən Quba rayon Amsar bələdiyyəsinə ayrı-ayrı tarixlərdə vergi ödənilmiş, lakin qəbzlərdə verginin hansı torpaq üçün ödənildiyi göstərilməmişdir. İş materiallarında olan Quba RPŞ-nin xx.xx.2015-ci il tarixli məktubundan görünür ki, xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 194.2-ci maddəsi ilə Cavabdeh haqqında inzibati protokol tərtib olunaraq baxılması üçün Quba rayon İcra hakimiyyətinə göndərilmişdir. İş materiallarında olan Quba rayon Amsar bələdiyyəsinin Quba RİHB-na məktubundan görünür ki, Quba arxiv şöbəsindən rəsmi alınar sorğuya əsasən İddiaçı mülkiyyətində 1995-ci ilə qədər 0,06 ha torpaq sahəsi olduğu göstərilir. Sonrakı müddətdə o alqı - satqı və ya başqa yolla torpaq sahəsi almamışdır. Amma hazırda onun da istifadəsində 0,13 ha torpaq sahəsi vardır ki. Bu da zəbt olunmuş torpağı hesabınadır. İddiaçı kəndin digər tərəfində oğlu Pərviz Nəsirovun mülkiyyətinə aid 0,10 ha torpaq sahəsinə bitişik 0,20 ha və 0,05 ha qoruma zolağının kənarına bağlayaraq qanunsuz istifadə edir. İş materiallarında olan Azərbaycan Respublikasının Prezidentinin Admınistrasiyasından daxil olmuş cavab məktubundan görünür ki, araşdırma zamanı İddiaçı qanunazidd hərəkətlərə vol verdiyini təsdiq edən əlavə faktlar müəyyən olunmuşdur. Ona məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi 0,11 ha olduğu halda İddiaçı həmin torpaq sahəsinin sərhədlərindən kənara çıxaraq əlavə 0,04 ha torpaq sahəsini zəbt etmiş və ümumilikdə 0,15 ha torpaq sahəsindən istifadə etməklə yaxın qonşusunun gediş-gəliş yolunu məhdudlaşdırmışdır. Bu səbəbdən qonşusu ilə arasında mübahisə yaranmışdır. İddiaçı oğlu Pərviz Nəsirov özünə məxsus olan 0,10 ha torpaq sahəsində 2 (iki) mərtəbəli evin inşasına başlamış və həmin torpaq sahəsinin yanındakı 0,20 ha ərazini zəbt etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Quba rayonu, Amsar kəndində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əkin məqsədli Cavabdeh adına qeydiyyata alınmışdır; İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Quba rayonu, Amsar kəndində yerləşən 147,9 kv.m ticarət təyinatlı qeyi-yaşayış sahəsi Cavabdeh adına qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun; 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyindən rədd edilməlidir. Belə ki, iddia ərizəsində Quba rayonu Amsar bələdiyyəsinin sədri Cavabdeh zəbt olunmuş torpağın qaytarılması tələb olunsa da, məhkəmə araşdırması zamanı İddiaçı həmin əmlakın mülkiyyətçisi olmamaması müəyyən edilmişdir. Beləliklə, İddiaçı qeyd olunan əmlakın mülkiyyətçisi olmadıgından, hazırki iddia tələbi ilə müraciət etmək hüququna malik olmamış, iddia tələb hüququ olmayan şəxs tərəfindən verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbləninin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu təqdirdə, iddiaçı müvafiq əmlakın mülkiyyət hüququ üzrə ona aidiyyətinin olmaması üçün məhkəmə iddianın təmin edilməsi istiqamətində heç bir əsas görmür. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh “dəymiş ziyanın ödənilməsi və torpağın qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh “dəymiş ziyanın ödənilməsi və torpağın qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-203/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-203/2023
06.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver