Məhkəmə qərarları › İş №2(027)-2047/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2047/2021

15.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2047/2021 15.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsindən azad edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)-950/2019 saylı, 04 aprel 2019-cu il tarixli qətnaməsi üzrə 04 dekabr 2018-ci il təvəllüdlü X1 üçün ondan tutularaq Cavabdeh ödənilməsi nəzərdə tutulan aliment borcunun 02 iyun 2019-cu il tarixdən 17 iyun 2021-ci il tarixədək hesablanmış hissəsinin üzürlü səbəbdən əmələ gəldiyini nəzərə alaraq, həmin tarixlərdə yaranmış 3750 manat məbləğində aliment borcunu ödəməkdən azad edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, O, İddiaçı 11 sentyabr 2017-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 04 dekabr 2018-ci il tarixdə X8 adında uşağı anadan olmuşdur. Münasibətləri pozulduğu üçün Quba Rayon Məhkəməsinin 2(027)-950/2019 saylı, 04 aprel 2019-cu il tarixli qətnaməsi ilə aralarında olan nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş uşağı X4 anası Cavabdeh yanında saxlanması və uşağın saxlanması üçün 04 aprel 2019cu il tarixdən başlayaraq hər ay 150 manat məbləğində alimentin ondan alınaraq Cavabdeh verilməsi qət edilmişdir. O, uşağının saxlanması üçün aliment ödəməkdən heç bir vaxt imtina etməmişdir. Aralarında olan nikah pozulduqdan sonra 02 iyun 2019-cu il tarixdə cavabdehlə yenidən barışaraq birlikdə yaşamağa qərar vermişlər. Əlbəttə ki, birgə nikahdan olan uşaqları X8 da onlarla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Muxtar Avşarov küçəsində nömrəsiz fərdi yaşayış evində yaşamışdır. Onlar birlikdə yaşadığı müddətdə cavabdeh aliment tələb etməmiş, o, uşağının bütün tələbatlarını eyni evdə yaşadığı üçün ödəmişdir. Həmin vaxt səhlənkarlıq edərək bununla bağlı Quba Rayon İcra və Probasiya Şöbəsinə məlumat verərək alimentin dayandırılmasını xahiş etməmişdir. 16 iyun 2021 -ci il tarixdə Cavabdeh ilə aralarında olan münasibətlər pozulduğu üçün yenidən ayrılmış və Cavabdeh birgə nikahdan olan uşaqları Turqayla birlikdə valideynlərinə məxsus evə köçmüşdür. Həmin tarixdən də ayrı yaşayırlar. O, uşağının ondan ayrı qaldığı hər saat üçün belə aliment ödəməyə razıdır. Lakin uşaq onun himayəsində olduğu müddətdə aliment ödəməyi mümkünsüzdür. Lakin cavabdeh halhazırda ondan uşağın onun himayəsində olduğu müddətdə yığılmış 3750 manat məbləğində pulun ödənilməsini tələb edir. Əgər o, cavabdehə alimentlə bağlı xeyli miqdarda borclu idisə, nə üçün cavabdeh 2 il müddətində deyil, hal-hazırda bu alimenti tələb edir və 2 il müddətində bir dəfə də olsun alimentin ondan alınıb verilməsi barədə icra məmuruna da müraciət etməmişdir. Qeyd etdiyi müddət ərzində icra məmuru da qanunvericiliyin tələblərinə əsasən bu qədər aliment yığıldığı halda onun barəsində hər hansı məcburi icra tədbirləri həyata keçirməmişdir. Bütün bu hallar bir daha təsdiq edir ki, cavabdeh və birgə nikahdan olan uşağı 2 ildən də bir qədər artıq müddətdə onun yanında, onun himayəsində yaşamışdır. X7 və Cavabdeh onun himayəsində saxlanmasını Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Muxtar Avşarov küçəsində onunla qonşuluqda yaşayan qonşularının tərtib etdiyi akt, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyinin 27 iyul 2021-ci il tarixli, Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin sorğusuna cavab məktubu bir daha təsdiq edir. Eyni zamanda cavabdehin onunla birlikdə yaşamasını Bakı şəhər Baş Səhiyyə İdarəsi 21 nömrəli Şəhər Poliklinikasının ambulator kitabçadan çıxarışı və X7 müxtəlif vaxtlarda həkim qəbulunda olduğunu təsdiq edən həkim reseptləri də bir daha sübut edir. X3 himayəsində olduğu müddətdə bütün xərclərini o, özü çəkmiş, həmin müddətdə uşağının sağlamlığı ilə bağlı dəfələrlə xəstəxanalarda olmuşdur. O, cavabdehlə aralarında alimentlə bağlı yaranmış problemin həlli üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada Mediasiya Şurasına müraciət edərək mediasiyada həll etməyə çalışmışdır. Lakin həmin tarixdə cavabdeh mediasiya sessiyasında iştirak etmədiyi üçün ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda onların saxlanması üçün aliment məhkəmə qaydasında tutulur. O, isə hər zaman ata olaraq öz övladını saxlamış və bundan sonra da saxlamağa imtina etmir. Övladının onun himayəsində saxlandığı müddət üçün alimentin tutulması isə ədalətsizlikdir. Ailə qanunvericiliyinin tələbinə əsasən övladının onun himayəsində olduğu və bütün xərclərinin onun tərəfindən qarşılandığı zaman onun aliment ödəməməyi üçün üzürlü hal kimi nəzərə alınmalı və həmin müddət üçün borc məhkəmə qaydasında silinməlidir.. İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə içlasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlara əsaslandırır. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsi 2(027)-950/2019 saylı, 04.04.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 11.09.2017-ci il tarixində bağlanmış və Quba rayonu, Alpan kənd İN-nin 11.09.2017-ci il tarixli 1-ci kitabının, 03 səhifəsində qeydə alınmış nikah pozulması, nikahın pozulmasından sonra 04.12.2018-ci il təvəllüdlü uşaq X8 anası Cavabdeh yanında qalması və 04.12.2018-ci il təvəllüdlü uşaq X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 04.04.2019-cu il tarixindən başlayaraq hər ay uşağa görə 150 (yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh verilsməsi qərara alınmışdır. İş materiallarında olan “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahından 04.12.2018-ci il təvəllüdlü X8 doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri, Sabunçu RİHB-nın Zabrat qəsəbəsi üzrə nümayəndəliyinin 23.07.2021-ci il tarixli məktubundan görünür ki, 02.12.1922-ci il təvəllüdlü Balayev X9 rayonu, Zabrat qəsəbəsi Muxtar Avşarov küçəsində nömrəsiz fərdi yaşayış evində qeydiyyatsız yaşayır. İş materiallarında olan X6, X12, X10 tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş 14.07.2021-ci il tarixli aktdan görünür ki, qonşuları İddiaçı Vaqif oğlunun keçmiş həyat yoldaşı Cavabdeh məhkəmə qaydasında araların boşanma olmasına baxmayaraq, 02.06.2019-cu ildə barışaraq azyaşlı uşaqları X8 ilə birlikdə İddiaçı yaşadığı evə gəlmiş və 17.06.2021-ci il tarixədək uşaqla birlikdə İddiaçı evində yaşamışdır. 16.06.2021-ci il tarixdə aralarında olan münasibət pozulduqdan sonra Cavabdeh valideynlərinə məxsus evə geri qayıtmışdır. İş materiallarında olan Bakı şəhəri, Sabunçu RİHB-nın Zabrat qəsəbəsi üzrə nümayəndəliyinin 27.07.2021-ci il tarixli məktubundan görünür ki, araşdırma nəticəsində qonşuların imzası ilə tərtib edilmiş akta əsasən məktubda qeyd edilən Cavabdeh 16.06.2021-ci il tarixədək İddiaçı ilə birlikdə Sabunçu rayonu, Zabrat qəsəbəsi Muxtar Avşarov küçəsində nömrəsiz fərdi yaşayış evində qeydiyyatsız yaşamışdır. İş materiallarında olan Cavabdeh Ambulator kitabçadan çıxarışından görünür ki, o, 18.11.2020-ci il tarixdə COVİD-19 virusuna yoluxmuş və Bakı şəhəri, Baş Səhiyyə İdarəsinin 21 nömrəli şəhər polinlinikasında müalicə almışdır. Məhkəmə iclasında müəyən edildi ki, İddiaçı ilə Cavabdeh 1 sentyabr 2017-ci il tarixdə rəsmi nikaha girməklə ailə həyatı qurmuş, birgə nikahlarından 04.12.2018-ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulsa da, tərəflər barışaraq 16.06.2021-ci il tarixə qədər birlikdə yaşamışlar. Bu müddət ərzində iddiaçı cavabdehin və birgə nikahlarında doğulmuş 04.12.2018-ci il təvəllüdlü X4 bütün ehtiyaclarını ödəmiş, onları himayəsində saxlamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı həmin müddət üçün hesablanmış aliment borcundan azad edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ-ci bəndinə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 107.1 və 107.2-ci maddələrinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-950/2019 saylı, 04 aprel 2019-cu il tarixli qətnaməsi üzrə 04 dekabr 2018-ci il təvəllüdlü X1 üçün iddiaçıdan tutularaq Cavabdeh ödənilməsi nəzərdə tutulan aliment borcunun 02 iyun 2019-cu il tarixdən 16 iyun 2021-ci il tarixədək hesablanmış hissəsinin üzürlü səbəbdən əmələ gəldiyi nəzərə alınaraq, iddiaçı həmin tarixlərdə yaranmış aliment borcunu ödəməkdən azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-950/2019 saylı, 04 aprel 2019-cu il tarixli qətnaməsi üzrə 04 dekabr 2018-ci il təvəllüdlü X1 üçün ondan tutularaq Cavabdeh ödənilməsi nəzərdə tutulan aliment borcunun 02 iyun 2019-cu il tarixdən 16 iyun 2021-ci il tarixədək hesablanmış hissəsinin üzürlü səbəbdən əmələ gəldiyini nəzərə alaraq, həmin tarixlərdə yaranmış aliment borcunu ödəməkdən azad edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar