Məhkəmə qərarları › İş №2(027)-2078/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2078/2023

07.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2078/2023 07.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçının Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 2307 (iki min üç yüz yeddi) manat pulun və ödənilmiş 44 manat dövlət rüsumunun, cəmi 2351 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh təxminən iki il bundan qabaq ona müraciət edərək bildirmişdir ki, Xaçmaz şəhərinin “Ariz” yaşayış evinin yanında özünə həyət evi tikdirmək istəyir, bu məqsədlə istəyir ki, həmin evi usta olaraq o inşa etsin. Beləliklə, onunla ümumi razılığa gələrək evin tikintisinə başlamışdır. İşlədikcə o da ona zəhmət haqqını ödənilmişdir. Evin tikintisini başa çatdırıb, dam örtüyünü vuran zaman Ceyhun bildirmişdir ki, material bahalaşdığına görə pulu qalmamış, ona zəhmət haqqını hissə-hissə ödəyəcək. Ona inanaraq görülmüş işlər barədə öz dəftərində qeydlər aparmağa başlamışdır. Son nəticədə məlum olmuşdur ki, ona bu işə görə ödəməli olduğu məbləğ 3707 manat təşkil edir. Cavabdeh qeyd olunan məbləğdən 1400 manatını 2022-ci ilin aprel ayından 2022-ci ilin oktyabr ayına qədər hissə-hissə ödəsə də, qalan 2307 manat pulu ödəməmişdir. Bununla əlaqədar dəfələrlə cavabdehə müraciət edib, qalıq pulu istəyib, hətta qeyd dəftərini də ona göstərmişdir. Təəssüf ki, cavabdeh müxtəlif bəhanələrlə pulunu qaytarmaqdan yayınmışdır. Bununla əlaqədar polisə etdiyi müraciətə ona tövsiyyə edilmişdir ki, mülki qaydada məhkəmədə iddia qaldırsın. Cavabdehin həqiqətən də, ona borclu qalmasını onunla həmin tikintidə fəhlə işləmiş Cahangir Novruzov da təsdiq edə bilər. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə müraciət edib. Cavabdeh onun 2307 manat zəhmət haqqını özündə saxlamaqla onun hesabına varlanmışdır, habelə üzərinə götürdüyü öhdəliyini icra etməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir və əlavə olaraq qeyd edib ki, sonuncu dəfə cavabdeh ona evin damından qalan borcdan 2022-ci ilin oktyabr ayında 200 manat pul vermişdir. Məhkəmə iclasında cavabdeh idda tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçı onun evində 5 il əvvəl usta kimi işləmişb, evin bünövrəsindən tikintisini aparmışıdır. Hər dəfə də onun pulunu qəpiyinə kimi ödəmişb, heç vaxtda onunla pul qalığı söhbətlərini etməmişlər. Nə qiymət deyibsə onunla razılaşaraq pulunu kəsməmişdir. İşi qurtardıqda onunla haqq-hesab etmiş və halallaşmışlar. Ondan sonra iddiaçı usta kimi onun evində işləməmişdir. İki il sonra guya zəhmət haqqından 2307 manat borcu qalması barədə iddia qaldırması əsas ona bəlli deyildir. Əlavə edərək iddiaçının tikdiyi hasarın dağıldığı, ona xeyli maddi ziyan dəydiyini, dam örtüyü üçün yeni taxtalar aldığını, bununla belə ona dəymiş zərərlə bağlı irad bildirmədiyini qeyd etmişdir. İddiaçı kimi o da ödənişlər barədə qeydiyyat aparmışdır və borcu olmadığından iddianın rədd edilməsin xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarının dinləyib, iş üzrə sübutları tədqiq edərək, tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Qeyd edilən Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə, sübutetmə vəzifəsi iddiaçının üzərinə düşməsinə baxmayaraq, o, iddia tələblərinin əsasları kimi istinad etdiyi faktiki halları sübut edə bilməmişdir. Ona görə də iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 44 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar