Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2202/2025 04.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Məhkəmə iclas katibi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və cavabdeh Dadaşova (Mustafayeva) Günay Azər qızının iştirakı ilə İddiaçı cavabdeh Dadaşova (Mustafayeva) Günay Azər qızına qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: I. İşin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Dadaşova (Mustafayeva) Günay Azər qızına məxsus olan bütün cehiz əşyalarının ona məxsus olan Quba rayonu Amsar kəndində yerləşən yaşayış evindən çıxarılması və mediasiya üçün ödədiyi 60 (altımış) manat və dövlət rüsumu olaraq ödədiyi 50 (əlli) manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia üzrə cavabdeh Dadaşova (Mustafayeva) Günay Azər qızı qardaşı X2 ilə nikahda olmuşdur. Quba rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1651/2024 saylı qətnaməsinə əsasən xx.xx.2011-ci il tarixində bağlanmış nikahları pozulmuşdur. Cavabdeh gəlin kimi onun ata evinə köçmüşdür. Sonra isə bir müddət qardaşı ilə birgə onun evində yaşamışdır. Bu səbəbdən də gətirdiyi cehiz əmlakını onun evində yerləşdirmişdir. Cavabdehə məxsus cehiz əşyaları xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli **********31 reyestr nömrəli çıxarış ilə onun adına rəsmiləşdirilmiş Quba rayonu Amsar kəndində yerləşən torpaq sahəsi üzərində olan fərdi yaşayış evindədir. Qeyd olunan torpaq sahəsini xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satın almışdır. Həmin torpaq sahəsi üzərində yerləşən yaşayış evi 1 mərtəbədən və 3 otaqdan ibarətdir. Cavabdeh Dadaşova (Mustafayeva) Günay Azər qızı 2024-cü ilin iyun ayından onun evindən çıxmışdır. Cavabdehin Quba şəhəri Dəvədabanı yaşayış massivində də şəxsi evi var. Qeydiyyatı isə ata evinə ünvan 1 ünvandadır. Cehiz əmlakını onun evində saxlamağa heç bir əsas yoxdur. O, dəfələrlə cavabdehə cehiz əmlakını onun evindən çıxarmalı olduğu bildirmişdir. Lakin cavabdeh müxtəlif bəhanələr gətirərək bundan imtina edir. Halbuki, əmlakın yerləşdirilməsi üçün cavabdehin kifayət qədər imkanı, şəraiti də var. Cavabdehlə aralarında heç bir əlaqə yoxdur. Lakin cavabdehə məxsus əşyalar onun evindədir. Cavabdehə dəfələrlə desə də o, özünə məxsus, gəlin köçən zaman gətirdiyi cehiz əmlakını aparmaq istəmir. Cavabdehlə aralarında olan bu məsələnin həlli məqsədilə qanunvericiliyin tələbinə əsasən ilkin olaraq mediasiya şurasına müraciət etmişdir. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 (altımış) manat məbləğində mediasiyaya dair xərc tərəfindən ödənilmişdir. Cavabdeh keçirilən mediasiya prosesinə gəlsə də cehiz əmlakın çıxarılmasına heç cür razılaşmır. Onun da evi geniş deyil, əmlakı saxlamaq üçün əlavə yeri, imkanı yoxdur. Cehiz əmlakların onun evində qalması üçün heç bir əsas görmür. Ancaq cavabdeh bu hərəkətləri ilə ona süni, əsassız manelələr yaradır. Hesab edir ki, cavabdeh gəlin köçən zaman gətirdiyi bütün cehiz əmlakını onun evindən çıxarmalıdır. Ona görə də pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qanunvericiliyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Onlar dəfələrlə cavabdehə cehiz əşyalarının çıxarılmasını xahiş etmişlər, o həmin əşyaları götürməkdən imtina edir. Cavabdehə məxsus olan əşyaların ona məxsus yaşayış evində yerləşməsinə görə sərbəst hərəkət etmək mümkün deyil və bu da onun yaşayış sahəsindən istifadə etmək hüququnu məhdudlaşdırır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirmişdir ki, cavabdehə məxsus cehiz əşyaları hazırda ona məxsus evdədir. Həmin evi o, tikmiş, cavabdehin həmin evin tikintisində nə maddi nə də fiziki zəhməti olmamışdır. Sadəcə qardaşı ilə nikahda olduğu dövrdə müvəqqəti yaşamaq üçün icazə vermişdir. Ona görə də cavabdehə məxsus əşyaların onun mülkiyyətində olan evdən çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, bildirmişdir ki, torpaq qaynatasının adınadır, ev iddiaçının qardaşı ilə o, birgə nikahda olarkən tikilmişdir. Cehizlərinin yarısı həmin evdə digərləri isə qaynanasına məxsus evdədir, özü kirayədə yaşayır, cehizlərini qoymağa başqa yeri yoxdur. III. İşin faktiki halları: İş mareriallarında olan: -Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1651 saylı qətnaməsindən görünür ki, X2 ilə X4 arasında xx.xx.2011-ci il tarixdə Quba rayonu, Qeydiyyat Şöbəsində bağlanmış və akt qeydləri kitabında 78 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur; - Quba RİHB-nın Amsar kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 185 saylı arayışından görünür ki, İddiaçı Quba rayon Amsar kəndində yaşayır. -Quba RİHB-nın kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 208 saylı arayışından görünür ki, Mustafayev X1 onun özünə məxsus 0,17 ha həyətyanı torpaq sahəsində tikilmiş (kürsülü) 1 mərtəbəli 3 yaşayış otağından ibarət yaşayış evi var. -RX seriyalı ******* №li Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********31, qeydiyyat nömrəsi ********** olan xx.xx.2013-cü il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Amsar kəndində yerləşən 0,17 ha həyətyanı torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 51 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır. -xx.xx.2012-ci il tarixli, AN-İ№ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Quba rayonu, Amsar kəndində yerləşən mülkiyyətində olan 0,17 ha torpaq sahəsini alqı-satqı qaydasında digər şəxslərdəm almışdır. -xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, X2 öz yazısı ilə təsdiq edir ki, Cavabdeh Azər qızına məxsus qardaşının evində olan əşyaların ona məxsus olduğunu təsdiq edir və cehiz siyahısı ilə özü tanış olmuşdur. Heç bir etirazı yoxdur, xahiş edir ki, tez bir zamanda qardaşı İddiaçı məxsus olan evdən aparsın. -"xxxx" ASC Quba filialının xx.xx.2025-ci il tarixli, KBA8-15042025-008 №li arayışından görünür ki, Cavabdeh onun "xxxx" ASC Xaçmaz filialından xx.xx.2022-ci il tarixdə götürdüyü 10,000 AZN məbləğində kredit üzrə borc öhdəliyi icra edilmişdir və halhazırda onun "xxxx" ASC qarşısında bu kredit üzrə öhdəliyi yoxdur. - xx.xx.2025-ci il tarixli, MŞQ-MT-040-2025-00322 saylı xx.xx.2025-ci il tarixli, MŞQ- MT-040-2025-00322 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Dadaşova (Mustafayeva) Günay Azər qızı ilkin mediasiya sessiyasında iştirak etdi və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı Mübar Əmrahova 60 manat məbləğində mediasiyaya dair xərc ödədi və tərəflər mediassiya prosesinin davam etdirilməsinə razı olmadığından ilkin mediasiya sessiyasından sonra proses davam etdirilə bilməmişdir. - 04.7.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün 50 manat dövlət rüsumu ödəmişdir. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, aşağıdakılara görə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından müəyyən olunur ki, cavabdeh Dadaşova (Mustafayeva) Günay Azər qızı X3 ilə ailə qurarkən qaynatasına məxsus evə gəlin köçmüş və bir müddət sonra iddiaçıya məxsus evdə yaşamış cehiz əşyalarını həmin evə yerləşdirmişdir. Quba rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə X2 ilə X4 arasında olan nikah pozulmuşdur. Hazırda cavabdeh başqa evdə yaşayır. Lakin özü ilə gətirdiyi cehiz əmlaklarını iddiaçıya məxus evdə saxlamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh cehiz əmlaklarının İddiaçı xüsusi mülkiyyətində olan evdə saxlanması üçün heç bir hüquqi əsas yoxdur və həmin əşyalar cavabdeh tərəfindən bu evdən çıxarılmalıdır. Həmin əşyaların heç bir qanuni əsas olmadan iddiaçının xüsusi mülkiyyətdə olan evdə saxlanması iddiaçı Azər Musatafayevin həmin evə tam şəkildə sahiblik etməsi və evdən istifadə etməsinə maneələr yaratmaqla mülkiyyət hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələ edə bilər. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsində sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia – neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Neqator iddia dedikdə, əşyaya sahiblik edən mülkiyyətçinin, əmlaka sahiblik, ondan istifadə və ona sərəncam səlahiyyətlərinin həyata keçirilməsində manelərin aradan qaldırılması haqqında üçüncü şəxsə yönəlmiş tələbi başa düşülür. Neqator iddia mülkiyyətçi və üçüncü şəxsin mübahisəli əşya üzrə bir-biri ilə müqavilə münasibətlərində olmadığı və hüquq pozuntusunun subyektiv mülkiyyət hüququnun xitamına gətirmədiyi hallarda irəli sürülür. Neqator iddia irəli sürmək hüququna mülkiyyətçi, habelə titul sahibi malikdir. Cavabdeh qismində isə öz hüquqa zidd davranışı ilə mülkiyyət hüququnun (titul sahibliyinin) normal həyata keçirilməsinə maneçilik yaradan şəxs çıxış edir. «Teryoxinin şikayəti ilə əlaqədədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər hədəddə müdafiə olunması zərurətini doğurur. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. İş üzrə Cavabdeh tərəfindən iddia predmetini təşkil edən cehiz əşyalarının İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan evdə qalmasının qanuni və hüquqi əsaslarının mövcudluğu barədədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Dadaşova (Mustafayeva) Günay Azər qızına məxsus sözügedən əşyaların heç bir hüquqi əsas olmadan İddiaçı məxsus evdə qalması, iddiaçının həmin evə istədədiyi kimi sahiblik etməsi, ondan istifadə etməsi və ona dair sərəncam verməsinə maneçilik yaratmaqla, sahiblik, istifadə və sərəncam hüquqlarını pozur ki, həmin pozuntu da aradan qaldırılmalı və İddiaçı qeyd edilən evə sahiblik, istifadə və sərəncam hüquqları olmaqla, mülkiyyət hüquqları tam şəkildə bərpa olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh Dadaşova (Mustafayeva) Günay Azər qızına məxsus olan cehiz əşyaları İddiaçı məxsus Quba rayonu Amsar kəndində yerləşən yaşayış evindən çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ilkin mediasiya prosesi üçün ödənilmiş 60 manat və 50 manat dövlət rüsumu cavabdeh Dadaşova (Mustafayeva) Günay Azər qızından alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Dadaşova (Mustafayeva) Günay Azər qızına məxsus olan cehiz əşyaları İddiaçı məxsus Quba rayonu Amsar kəndində yerləşən yaşayış evindən çıxarılsın. İddiaçı tərəfindən ilkin mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 60 manat və ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi Dadaşova (Mustafayeva) Günay Azər qızından alınaraq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №2(027)-2202/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2202/2025
04.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver