Məhkəmə qərarları › İş №2(027)-2318/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2318/2021

23.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2318/2021 23.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkili X3 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, birgə nikahlarından 02 aprel 2021-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 manat məbləğində alimentin cavabdeh Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 03 avqust 2018-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından iki uşaqları - 20 dekabr 2019-cu il təvəllüdlü X9 və 02 aprel 2021-ci il təvəllüdlü X7 anadan olmuşdur. Onların birgə nikahlarından olan uşaqları - X9 və X7 hal-hazırda onun himayəsindədirlər. Quba rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(027)-748/2020 saylı qətnaməsi ilə böyük uşağı X2 üçün sabit pul məbləğində hər ay 150 manat məbləğində alimentin cavabdehdən alınaraq ona ödənilməsi qət edilmişdir. Hər iki uşaq üçün aliment ödənilməsi barədə razılığa gələ bilmirlər. Hal-hazırda kiçik uşaqları X1 üçün məhkəməyə müraciət edir. Uşaqlarını təkbaşına çətinliklə saxlayır, maddi vəziyyəti uşaqlarının tələbatını təmin etməyə imkan vermir. Heç bir yerdə işləmir. Cavabdeh isə hal-hazırda işləyir və normal qazanc əldə edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi vəkili X6 iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, iddianın tam təmin edilməsi onu maddi çətinliyə salacağını qeyd edərək iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Mehmanova (Bəybalayeva) Ceyran Məzahir qızı arasında 03.08.2018-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin 20.12.2019-cu il təvəllüdlü X9 və 02 aprel 2021-ci ildə anadan olmuş X7 anadan olmuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-748/2020 saylı, 12.03.2020-ci il tarixli qətnaməsi ilə, 20.12.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment 12.02.2020-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə tutulması qərara alınmışdır. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı uşağın saxlanması üçün cavabdehdən hər ay 180 manat məbləğində aliment tələb etsə də, cavabdehin qazancının məbləği barədə sübutlar təqdim etməmişdir. Cavabdehin əmlak vəziyyəti, o cümlədən qazancının məbləği barədə məlumat olmadan alimentin miqdarı uşaq üçün 180 manat məbləğində müəyyən edilə bilməz. Məhkəmə hesab edir ki, aliment uşaq üçün hər ay 160 manat məbləğində müəyyən edilməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, hər uşağa görə hər ay 160 manat məbləğində aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olması, digər tərəfdən, iddiaçının uşağın saxlanmasında çətinlik çəkməsi nəzərə alınaraq, 02 aprel 2021-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət olunan 12.10.2021-ci il tarixdən başlayaraq, iddiaçının xeyrinə cavabdehdən hər ay 160 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçı aliment alınması barədə iddialar üzrə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-nin 112.1.6 və 119.2-ci maddələrin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, 8.1.2 və 9.4-cü maddələrinə əsasən 39,20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 02 aprel 2021-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 12.10.2021-ci il tarixindən başlayaraq hər ay 160 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı qızının xeyrinə tutulsun. Qətnamə dərhal icraya yönəldilsin. Cavabdeh X4 39,20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar