Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2345/2025 14.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi ilə İddiaçı ilə İddiaçı Cavabdeh-nə qarşı “əməkhaqqı pulu” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-nə qarşı “əməkhaqqı pulu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-nin ona borclu olduğu 5500 (beş min) manat əmək haqqının və 60 (altmış) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, cavabdeh təşkilatda fəhlə vəzifəsində çalışmış, 13 noyabr 2024-cü il tarixə kimi həmin müəssisədə çalışaraq 13 noyabr 2024-cü il tarixində işdən azad edilmişdir. O, işdən azad edilərkən əməkhaqqının hesablanması zamanı cavabdehin ona 7500 manat əməkhaqqı borcu müəyyən edilmiş və müəssisənin rəhbəri X1 yaxın vaxtlarda onun əməkhaqqını ödəyəcəyini bildirmişdir. Lakin onun çoxsaylı müraciətlərinə baxmayaraq cavabdeh bu günə kimi əməkhaqqını ödəməmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, 2014-cü ildə Cavabdehnə işə girmiş, 2017-ci ilə qədər müqaviləsiz, 2017-ci ildən 2024-cü ilin noyabr ayınadək Cavabdeh-nə fəhlə işləmişdir. MMC-nin ona son bir il üçün ödənilməyən 7500 manat əməkhaqqı borcu vardır. Bununla bağlı dəfələrlə Cavabdeh-nin sabiq direktoru Fazil Yaqubova müraciət etmiş, lakin müsbət nəticə əldə edə bilməmişdir. Bugünədək ödənilməmiş əməkhaqqını ala bilmir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 yanında X2 Xidməti Quba-Xaçmaz Regional şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən və məzmunundan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmiş və cəmiyyət tərəfindən əmək müqavilənizə xitam verilərkən İddiaçı çatacaq son haqq-hesabı hal-hazıradək ödənilmədiyindən Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin (Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir) və 172-ci maddəsinin 4-cü hissəsinin (İşçiyə ödənilməli son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, əmək haqqı və digər ödəmələr) tam məbləğdə işdən çıxdığı gün işçiyə verilməlidir) tələbləri pozulmuşdur. ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. xx.xx.2025-ci il tarixli 50132 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 60 (altmış) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 12-ci maddəsinin 1-ci bəndinin b yarımbəndinə əsasən, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifəsidir; 195-ci maddəsinin d bəndinə əsasən, işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır; 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; 288-ci maddəsinin a, d, h bəndlərinə əsasən, fərdi əmək mübahisələrinin predmetinə, müvafiq olaraq əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi daxildir; 290-cı maddəsinin 2-ci bəndinə əsasən, işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir; 292-ci maddəsinin 2-ci bəndinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər; 299-cu maddəsinə əsasən, fərdi əmək mübahisələri üzrə iddianın məbləğinə, həmçinin onun təmin olunmasına hər hansı məhdudiyyət qoyula bilməz. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 2014-ci il tarixdən 2024-cü il tarixədək Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə kimi işləmiş, işlədiyi müddət ərzində əmək haqqı almışdır. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142” Çağrı mərkəzinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X2 Xidmətinə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və Azərbaycan Respublikası Baş Prokurorluğuna Cavabdeh tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində Cavabdeh-nin direktoru X1 barəsində İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin 4-cü hissəsinə (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-nin ona borclu olduğu 7.500 (yeddi min beş yüz) manat əmək haqqının tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin “Cavabdeh-nin ona borclu olduğu 7.500 (yeddi min beş yüz) manat məbləğində ödənilməmiş əmək haqqının onun xeyrinə tutulması” hissəsinə hüquqi qiymət verərkən, hesab edir ki, iddia ərizəsi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, işin mübahisəlindirilməyən halı ondan ibarətdi ki, iddiaçı şəxs Cavabdeh-də 2014-ci il tarixdən 2024-cü il tarixədək işləmişdir. İddiaçı tərəf izahatında bildiririr ki, o, müntəzəm olaraq işə getmiş və əməkhaqqı almışdır. Əməkhaqqı əvvəl hər ay karta köçürülmüşdür. Sonradan əldən verilməyə başlanılmışdır. Son bir il isə işdə olsa da ona əməkhaqqı ödənilməmişdir. MMC-nin tərəfindən ona cəmi 7.500 (yeddi min beş yüz) manat ödənilməlidir. İşçi (İddiaçı) ilə işəgötürən (Cavabdeh) arasında əmək münasibətlərinin olması iş materialları ilə sübut olunsa da, iddiaçının aylıq əməkhaqqına dair hər hansı sənəd (arayış, qrafik, çıxarış və s.) əlavə edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçıya MMC tərəfindən ödənilməli olan məbləğin dəqiqliyi ilə müəyyən edilməsi qeyri-mümkündür. Bu baxımdan məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdehdən ödənilməli olan və ödənilməmiş əmək haqqı İddiaçı ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh-dən ödənilməli olan və ödənilməmiş əmək haqqı İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməməlidir. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2345/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2345/2025
14.10.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver