Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2356/2024 15.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mahır oğlundan xx.xx.2018-ci il təvəllüdlü X8, xx.xx.2021-ci il təvəllüdlü X5 18 yaşa yetkinlik yaşına çatanadək hər ay hər uşağa görə 235 manat, cəmi 2 uşağa görə 470 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X8 xx.xx.2021-ci il təvəllüdlü X9 doğulmuşdur. Ailə münasibətləri əvvəllər yaxşı olsada, sonradan pisləşmişdir. Cavabdehlə tez-tez mübahisələri olur. O, hal-hazırda övladları ilə birgə yaşayır. Cavabdeh ailəsinə baxmır və o, maddi cəhətdən çətinlik çəkir. Məhkəmə iclasında İddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh X6 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV 221406 seriya və nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən göründüyü kimi, xx.xx.2018-ci il təvəllüdlü X8 doğulmuş, atası- X10, anası- İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ- İV 600563 seriya və nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən göründüyü kimi, xx.xx.2021-ci il təvəllüdlü X9 doğulmuş, atası- X10, anası- İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İİ 185008 seriya və nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 ilə X11 arasında 12 sentyabr 2014-cü il tarixdə Quba rayon Qeydiyyat şöbəsi tərəfindən nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 430 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Mustafayeva” soyadı verilmişdir İş materiallarında olan X7 iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MSQ-MT-027- 2024-000394 saylı arayışına əsasən, X10 X7 iştirak etməmişdir. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci bəndində qeyd edilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında rəsmi nikah bağlanılmış, onların birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X9 anadan olmuşdur. Cavabdehin könüllü şəkildə uşağın saxlanması üçün heç bir maddi yardım göstərmədiyindən, iddiaçı aliment təyin edilməsi tələbi ilə haqlı olaraq məhkəməyə müraciət etmişdir. Həmçinin, təyin olunacaq alimentin miqdarının və məbləğinin müəyyən edilməsilə bağlı məhkəmə qeyd edir ki, aliment ödəmək öhdəliyi daşıyan valideyn qismində cavabdehin rəsmi müntəzəm qazanca malik olmasını müəyyən etmək mümkün olmamışdır. Bu baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq aliment aylıq sabit pul məbləği şəklində müəyyən edilməlidir. İddiaçı hər uşaq üçün aylıq 235 manat məbləğində aliment təyin edilməsini tələb etsə də, uşaqın aylıq xərcinin qeyd edilən məbləğdə olmasına dair sübut təqdim edə bilməmişdir. Məhkəmə tərəflərin birgə nikahlarından doğulmuş uşaqların mənafeylərini nəzərə alaraq hesab edir ki, tərəflərin maddi və ailə vəziyyəti, əvvəlki təminatı səviyyəsi, habelə diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla hər uşaq üçün alimentin 210 manat həddində müəyyən edilməsini mümkün hesab edir. Məhkəmə qeyd edilən nəticəyə gələrkən uşaqların taminatlarının qarşılanması öhdəliyinin valideynlərin hər ikisinə aid olmasını nəzərə almışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İddia ərizəsilə xx.xx.2024-cü ildə müraciət edildiyindən, aliment həmin tarixdən etibarən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmçinin, qeyd olunan Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu halda, məhkəmə iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu,həmçinin qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ödənilməli olan 70 (yetmiş) manat 40 (qırx) qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başalayaraq hər ay hər uşaq üçün 210 (iki yüz on) manat olmaqla, ümumilikdə 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment X3 tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İş üzrə ödənilməli olan 70 (yetmiş) manat 40 (qırx) qəpik dövlət rüsumu X3 alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-2356/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2356/2024
15.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver