Məhkəmə qərarları › İş №2(027)-2406/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2406/2024

05.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2406/2024 05.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X4 Cavabdeh qarşı iddia ərizəsilə müraciət edərək, 18 iyul 2020-ci il təvəllüdlü X11 və 17 oktyabr 2023-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 235 manat olmaqla, hər ay iki uşaq üçün 470 manat sabit pul məbləğində alimentin,17 oktyabr 2023-cü il təvəllüdlü X8 3 yaşına çatanadək hər ay 100 manat əlavə yardımın və ödədiyi 60 manat mediasiya xərcinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2019-cu ildə el-adəti üzrə evlənib ailə qurmuş, lakin nikahı rəsmiləşdirməmişlər. Cavabdehlə bir ailədə yaşadığı müddətdə övladları 18 iyul 2020-ci il təvəllüdlü Uğur və 17 oktyabr 2023-cü il təvəllüdlü Səma doğulmuşlar. Cavabdeh ilə ailə qurduğu ilk günlər münasibətləri normal olmuş, lakin sonradan cavabdehin ona qarşı münasibəti dəyişmiş, mütəmadi olaraq evdə mübahisələr yaratmış, onu döymüş, təhqir etmiş və ləyaqətini alçaltmışdır. Cavabdeh evin ehtiyacları, eləcə də, uşaqların maddi ehtiyacları ilə maraqlanmamış, ona və övladlarına qarşı öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehin ona və övladlarına qarşı biganə yanaşması aralarında olan ər-arvad münasibətlərinin tamamilə pozulması, bərpa olunmayacaq vəziyyətə gəlib çıxması kimi nəticələr doğurmuşdur. Cavabdeh başqa bir qadınla münasibəti var, bütün qazanc gəlirini özünə və həmin qadına xərcləyir. Cavabdeh ilə 6 aydan artıqdır ki, ayrı yaşayır. O övladları ilə birlikdə anasının evində yaşayır. Cavabdeh tərəf bu müddət ərzində də onunla və övladıyla ümumiyyətlə maraqlanmamışdır. Övladlarının saxlanılması üçün aliment ilə məhkəmə müraciət edəcəyini dedikdə, cavabdeh ona bildirir ki, övladlarından imtina edəcək və soyadından çıxaracaq ki, aliment verməsin. Övladları körpə və azyaşlı olduğundan işləyə bilmir. Onun və övladlarının bütün maddi tələbatlarını və ehtiyaclarını anası çətinliklə ödəyir. Belə ki, Cavabdeh ustadır, ev təmir edir, boş vaxtlarında isə Gəncə şəhərində dönərxanada kuryer işləyir. Qazanc və gəliri kifayət qədər yüksəkdir. Qanunvericiliyin tələbinə əsasən alimentin alınması üçün Mediasiya Şurasına müraciət etmiş, xx.xx.2024-cü il tarixdə keçirilmiş mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir. Məhkəmə iclasında iddiaçı X4 ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV 935886 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən göründüyü kimi, 17 oktyabr 2023-cü il təvəllüdlü X9 doğulmuş, atası- Cavabdeh, anası- X4 qeyd olunmuşdur. İş materiallarında olan AZ-İV 639657 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən göründüyü kimi, 18 iyul 2020-ci il təvəllüdlü X11 doğulmuş, atası- Cavabdeh, anası- X4 qeyd olunmuşdur. İş materiallarında olan X6 iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞQ/MT/0272024- 01410 saylı arayışdan göründüyü kimi, Cavabdeh X6 iştirak etməmişdir. xx.xx.2024-cü il tarixli **********8 nömrəli qəbzə əsasən 60 manat mediasiya xərci X4 tərəfindən ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə X2 faktiki nikah münasibətdən onların 18 iyul 2020-ci il təvəllüdlü X11 və 17 oktyabr 2023-cü il təvəllüdlü X9 doğulmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, azyaşlılar hazırda iddiaçının himayəsində olmaqla, onunla birlikdə yaşayırlar. İddiaçı iddia tələbinin əsası kimi cavabdehin könüllü şəkildə uşağların saxlanması üçün maddi yardım göstərməməsi, uşağların həm sağlamlığının, habelə təhsil, maddi və digər tələbatlarının ödənilməsində köməklik göstərməməsi kimi hallara istinad etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı aliment təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə uşağların yerinin və alimentin miqdarının müəyyən edilməsi ilə bağlı ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, aliment ödəmək öhdəliyi daşıyan valideyn qismində çıxış edən cavabdehin aylıq qazancının və ya digər gəlirə malik olmamasının müəyyən edilməsi mümkün olmadığından ailə qanunvericiliyinin tələbinə əsasən tərəflərin rəsmi nikahdan olan övladlarının saxlanması üçün ödənilməli olan alimentin miqdarı hər ay ödənilməli olan sabit pul məbləği şəklində müəyyən olunmalıdır. Məhkəmə tərəflərin birgə münasibətlərindən doğulmuş uşaqların mənafeylərini nəzərə alaraq hesab edir ki, tərəflərin maddi və ailə vəziyyəti, əvvəlki təminatı səviyyəsi, habelə diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaq üçün alimentin hər uşaq üçün 200 manat həddində müəyyən edilməsini ağlabatan hesab edir. Məhkəmə qeyd edilən nəticəyə gələrkən uşaqların taminatının qarşılanması öhdəliyinin valideynlərin hər ikisinə aid olmasını nəzərə almışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə qismən təmin edilməlidir. İddiaçı 17 oktyabr 2023-cü il təvəllüdlü X8 3 yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat əlavə yardımın tutulmasını da xahiş etmişdir. İddiaçı öz növbəsində iddianın qeyd edilən hissədə əsaslı olmasına dair sübutlar təqdim etməmiş, qeyd edilən məbləğdə xərcin çəkilməsinin zəruri olmasına dair digər sübut təqdim edə bilməmişdir. Bu halda, məhkəmə ailə qanunvericiliyin tələbini əsas götürərək hesab edir ki, iddia əlavə 100 manat aliment tutulmasına dair hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İddia ərizəsilə xx.xx.2024-cü ildə müraciət edildiyindən, aliment həmin tarixdən etibarən tutulmalıdır. İddiaçı həmçinin ilkin mediasiya prosesinin keçirilməsi üçün ödədiyi 60 (altımış) manat xidmət haqqının cavabdehdən alınaraq ona verilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, iddiaçı tərəfindən ödənilmiş mediasiya ilə bağlı 60 (altımış) manat xidmət haqqı cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 18 iyul 2020-ci il təvəllüdlü X11 və 17 oktyabr 2023-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başalayaraq hər ay, hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Mediasiya prossesi üçün ödənilmiş 60 (altımış) manat xidmət haqqı Cavabdeh tutularaq X3 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar