Məhkəmə qərarları › İş №2(027)-2441/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2441/2021

09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2441/2021 09.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5700 (beş min yeddi yüz) manat məbləğində əsas borcun, həmin pula görə banka faiz olaraq ödədiyi 3600 manat pulun, ona məxsus maşının yararsız hala düşməsi nəticəsində ona vurulmuş 2000(iki min) manat məbləğində maddi ziyanın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, O, cavabdehlə 2019-cu ilin mart ayından qohum olmuş, belə ki, onun bacısı qızı onun oğlu Səbrulla ilə ailə həyatı qurmuşdur. Cavabdeh söhbət əsnasında ona bildirmişdir ki, o, maşın alveri ilə məşğuldur, onu da bu işə qoşa bilər, bunun üçün onun pula ehtiyacı vardır. O, cavabdehin sözlərinə inanaraq bir müddət onunla maşın alveri etmiş, bu alverlərdən qazanclarını da bölmüşlər. Maşının alğı-satqısı üçün lazım olan pul vəsaitini cavabdehə o, vermiş, onun isə tək işi maşınları satmaq, pulunu almaq olmuşdur. Aqşin 2019-cu ilin sentyabr ayında ona bildirmiş ki, təcili maşın almalı, bunun üçün 5 min manat pul lazımdır. Həmin pulu tapıb versə o tez bir vaxtda maşını sataraq pulu qaytaracaqdır. O, bu şəxsə inanaraq ona "xxxx" ASC-nin Sumqayıt filialından pul götürərək ona 5 min manat vermiş, həmin puldan əlavə də o, cavabdehə ümumi 700 manat məbləğində pul vermişdir. Lakin aradan 2 ildən artıq müddət keçməsinə baxmayaraq cavabdeh bu vaxta kimi pulları ona qaytarmamışdır. O bu müddət ərzində müxtəlif bəhanələr gətirmiş, müxtəlif tanımadığı şəxslərə ona zənglər etdirmiş, vaxt qazanmış, hətta ona məxsus olan “Daevveo Espero” markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edib inzibati xəta törətmiş, 60 manat cərimə olunsa da həmin cəriməni ödəməmiş və ona məxsus olan avtomaşın üzərinə həbs qoyulmuşdur. İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qəbul edərək və borcunu etiraf edərək, iddiaçıya 4100 manat məbləğində pul və 100 manat məbləğində o,avtomobili idarə edərkən inzibati qaydada cərimə olunduğu üçün borclu olduğunu qeyd etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 05STD/19 saylı kedit müqaviləsinə 2 saylı əlavədən görünür ki, iddiaçı "xxxx" KB ASC-nin Sumqayıt filialından 21.08.2019-cu il tarixdə 10.000 manat məbləğində kredir götürmüşdür. İşin mübahisəsiz halı onda ibarətdir ki, iddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh 5700 (beş min yeddi yüz) manat məbləğində əsas borcun, həmin pula görə banka faiz olaraq ödədiyi 3600 manat pulun, ona məxsus maşının yararsız hala düşməsi nəticəsində ona vurulmuş 2000(iki min) manat məbləğində maddi ziyanın alınaraq ona verilməsini xahiş etmiş Cavabdeh isə iddiaçıya 4100 manat məbləğində pul və 100 manat məbləğində cəriməyə görə borclu olduğunu etiraf etmişdir. Ona görə də, iddia həmin hissə də təmin edilməlidir. İddiaçı cavabdehin borclu olduğu pula görə banka faiz olaraq 3600 manat pulun ödəməsi və iddiaçıya məxsus maşının yararsız hala düşməsi nəticəsində 2000 manat maddi ziyana düşməsi barədə məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə qeyd olunan iddia üzrə cavabdehin iddianı etiraf etməsini, yuxarıda göstərilən Qanunun maddəsinə əsasən, qanuna zidd olmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqların və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh İddiaçı 4200 manat məbləğində borclu olması cavabdehin etirafı və iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. Bundan başqa, 42 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, və 9.4-cü maddələrinə əsasən cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4200 manat məbləğində pul alınaraq, İddiaçı verilsin. Cavabdeh Cavabdeh 42 manat məbləğində pul alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar