Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2458/2025 01.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması barədə iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)-44/2025 saylı qərardadı ilə müəyyən olunmuş indeksasiya məbləğinin azaldılaraq cavabdehin xeyrinə ondan xx.xx.2017-ci il təvəllüdlü X1 hər ay minimum əmək haqqının 0.40 hissəsi miqdarında aliment tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsinin 2(027)- 1467/2018 saylı qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay ondan 100 manat sabit pul məbləğində aliment alınaraq Cavabdeh verilməsi qət olunmuşdur. O vaxt subay idi. Alimenti hər ay vaxtında ödəyirdi. İndi də ödəniş edirə, yayınmır. Ancaq artıq ailəlidir. Himayəmdə 2 azyaşlı uşağı var. Belə ki, xx.xx.2019-cu il tarixində AğayevaArzu Zahir qızı adlı xanımla rəsmi nikaha girib ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X6 adlı övladları anadan olmuşdur. Uşaqlar körpədi, qayğıya ehtiyacları var. Yoldaşı işləmir, evdar qadındır. Ailədə tək işləyən, evə pul aparan özüdür. “Birja” adlanan ticarət ərazisində başqasına məxsus mağazada aylıq 450 manata satıcı işləyir. Cavabdeh Quba rayon Məhkəməsinin 2(027)-1467/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş 100 (yüz) manat məbləğində alimentin indeksasiyası barədə məhkəməyə müraciət etmiş, Quba rayon Məhkəməsi tərəfindən 2(027)-1467/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş 100 (yüz) manat məbləğində alimentin indeksasiya edilərək 8(027)44/2025 saylı müvafiq qərardadla minimum əmək haqqının 0.76 misli miqdarında aliment müəyyən edilmişdir. Bu isə aylığ 304 manat ödəniş deməkdir. Müvafiq qərardan apellyasiya şikayəti versə də şikayəti təmin edilməmişdir. Apellyasiya məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(105)- 127/2025 saylı qərardadında alimentin azaldılması ilə bağlı məhkəməyə müraciət etməli olduğu hüququm ona izah edilmişdir. Cavabdeh Quba şəhər 2 saylı məktəbdə psixolog işləyir. Bildiyinə görə aylıq əmək haqqı 800 manata yaxındır. Himayəsində də bir uşaq var. Uşaqları saxlamaq, onları tərbiyə etmək hər bir valideynin borcudur. Onun aylıq əmək haqqı 450 manat, himayəsində 3 nəfər, cavabdehin əmək haqqısı 800 manata yaxın, himayəsində 1 nəfər. Bu artıq ziddiyyət yaradır. O, övladına baxmağa borcludur, bundan imtina etmir. Ancaq 304 manatı ödəyə bilməyəcək. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ərizəsi ilə müraciət edərək, göstərmişdir ki, uşağın xərcləri artmış, hazırda uşağın təhsili, qida geyim, tibbi və digər gündəlik xərcləri daha da yüksəkdir. İddiaçının maddi vəziyyəti alimentin azaldılmasına əsas vermir. İddiaçı əmək qabiliyyətli şəxsdir, işləyir və gəlir əldə etmək imkanına malikdir. İddiaçının alimentin azaldılması barədə tələbinin əsassız hesab olunaraq rədd edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, uşağın saxlanılması üçün aliment ödəyir, yeni ailəsindən iki uşağı vardır, maddi imkanı olmadığından alimentin azaldılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: -Quba Regional “ASAN xidmət” X2 xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı X9, X7, X11 və X3 ibarət ailə üzvləri vardır. -Quba Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli, 2(027)-1467/2018 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı 09 iyun 2017-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 27 aprel 2018-ci il tarixdən hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. -Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(027)-44 saylı qərardadından görünür ki, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 07 iyun 2017-ci il təvəllüdlü X1 üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla, uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 misli həddində indeksasiya edilmişdir. -AZ-İİ 300026 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Yəhyayeva (Ağayeva) Arzu Zahir qızı arasında nikah 18 aprel 2019-cu il tarixdə bağlanmışdır. - AZ-İV №li 385881 nömrəli, doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X5 birgə nikahından xx.xx.2020-ci il tarixdə X8 doğulmuşdur. - AZ-İV №li 710819 nömrəli, doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X5 birgə nikahından xx.xx.2022-ci il tarixdə X6 doğulmuşdur. -xx.xx.2025-ci il tarixli, MŞQ-MT-040-2025-00553 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etdi. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədi. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verməklə, hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin yuxarıda istinad olunan 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq, qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. İş materialarından görünür ki, İddiaçı ailə vəziyyətində dəyişiklik olmuşdur. Belə ki, İddiaçı 18 aprel 2019-cu il tarixdə Yəhyayeva (Ağayeva) Arzu Zahir qızı ilə nikaha daxil olmuş və onların birgə nikahından xx.xx.2020-ci il tarixdə X8 və xx.xx.2022-ci il tarixdə X6 doğulmuşdur. Qeyd olunan hallar təyin olunmuş alimentin miqdarının dəyişilməsi üçün Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən hallar sayılmalıdır. Həmçinin elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən iddiaçının rəsmi iş yeri müəyyən edilməmiş, cavabdehin rəsmi iş yeri müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir. Ona görə də məhkəmə hesab edir ki, həmin hallar əsasında tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanması üçün təyin edilmiş alimentin miqdarı azaldılmalıdır. Lakin məhkəmə onu da nəzərə çatdırır ki, iddiaçının ailə və maddi vəziyyətində olan dəyişikliklər heç də onu əvvəlki nikahından doğulmuş uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Bu zəmində məhkəmə onu da qeyd edir ki, uşaq cavabdehin himayəsində yaşamaqla, onun saxlanması, təlim-tərbiyəsi, təhsili, fiziki və əqli inkişafının təmin edilməsi ilə bağlı cavabdehin üzərinə çox yük düşür. Uşaqlara ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. Lakin məhkəmə onu da bidirir ki, iddiaçını yeni ailəsinin və həmin ailədə doğulmuş uşağlarının da mənafeyi və yaşayış təminatı nəzərə alınmalıdır. Bu xüsusda qərar qəbul edilərkən hazırki iş üzrə iddiaçı və cavabdehin, həmçinin onların uşaqlarının mənafeləri arasında ədalətli tarazlığa nail olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)-44/2025 saylı qərardadı ilə indeksasiya olunmuş alimentin məbləği azaldılaraq, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmasına görə İddiaçı hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli miqdarında sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. V. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun; Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)-44/2025 saylı qərardadı ilə indeksasiya olunmuş alimentin məbləği azaldılaraq, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmasına görə İddiaçı hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli miqdarında sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №2(027)-2458/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2458/2025
01.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver