Məhkəmə qərarları › İş №2(027)-260/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-260/2023

19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-260/2023 19.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi həmçinin vəkili Vəkil iştirakı ilə, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “alğısatqı müqaviləsinin etibarlı hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “alğısatqı müqaviləsinin etibarlı hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 arasında JN-0082 KOD 30311058 saylı Torpağa Mülkiyyət Hüququna X5 qeyd edilən 1,28 ha kənd təsərrüfat təyinatlı torpağa dair bağlanılan 05 iyun 2004-cü il tarixli alğı-satqı müqaviləsini (əqdini) etibarlı hesab edilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Quba Rayonu Dəlləkli kəndində yaşayır. Cavabdehlər onunla həmkəndlidirlər. 2004-cü ilin ortalarında cavabdehlər mülkiyyətlərində olan və yaşadıqları Dəlləkli kəndində yerləşən 1,28 ha torpağı ehtiyacları olduğu üçün satmaq istediklərini bilmiş, o, onlarla görüşüb torpağı satın almağa razılığa gəlmiş, sənədlərində problem olduğu üçün öz aralarında xx.xx.2004-cü il tarixli alğı-satqı müqaviləsini tərtib edib torpağı satın alıb onlara razılaşdıqları miqdarda torpağın dəyərini onlara ödəmişdir. Onlar ona torpağı təhvil vermiş və hal-hazırda da cavabdehlərin adına olan 1,28 ha torpağı bir mülkiyyətçi kimi istifadə edir. O, torpağı satın aldıqdan sonra dəfələrlə cavabdehlərə müraciət edib alğı-satqını notariat qaydada rəsmiləşdirməyi təklif etmiş, lakin cavabdehlər sənədlərin problemini həll etmədiklərini bildirmişlər. Bir müddətdən sonra cavabdehlər Türkiyə köçüb getmişlər. Alğı-satqını notariat qaydasında rəsmiləşdirə bilməmiş, hal-hazırda cavabdehlərdən biri - Cavabdeh1 vəkilə etibarnamə verərək alğı-satqının etibarlılığına etiraz etmədiyi digər ailə üzvləri isə gələ bilmədiyini bildirib ona görə də hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə etdiyi xx.xx.2004-cü il tarixli müqavilədən aşkar olur ki, cavabdehlərlə bağladığı müqaviləyə əsasən JN-0082 KOD 30311058 saylı Dövlət Aktına əsasən onların mülkiyyətində olan 1,28 ha torpağı satın alaraq pulunu cavabdehlərə ödəmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə verdiyi izahatında bildirdi ki, iddia qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəməyə verdiyi izahatında iddianı qəbul edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak etmiş tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2004-cü il tarixli əlyazma alğı-satqı müqaviləsindən görünür ki, JN-0082 KOD 30311058 saylı Torpağa Mülkiyyət Hüququna X5 əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 mülkiyyətində olan və Quba rayonu, Dəlləkli kəndində yerləşən 1,28 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı satılmışdır. İş materiallarında olan JN-0082 KOD 30311058 saylı Torpağa Mülkiyyət Hüququna X4 görünür ki, Quba rayonu, Dəlləkli kəndində yerləşən 1,28 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 mülkiyyətindədir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 arasında JN-0082 KOD 30311058 saylı Torpağa Mülkiyyət Hüququna X5 qeyd edilən 1,28 ha kənd təsərrüfat təyinatlı torpağa dair bağlanılan 05 iyun 2004-cü il tarixli alğı-satqı müqaviləsini (əqdini) etibarlı hesab edilməsini tələb edir. Mübahisə predmetini təşkil edən və Quba rayonu, Dəlləkli kəndində yerləşən 1,28 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi JN-0082 KOD 30311058 saylı Torpağa Mülkiyyət Hüququna X6 əsasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 mülkiyyətindədir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi 05 iyun 2004-cü il tarixli alğı-satqı müqaviləsi rəsmi qaydada bağlanmamış və notarius tərəfindən təsdiqlənməmişdir. Belə olan halda, qeyd olunan alğısatqı müqaviləsinin etibarlı hesab edilməsi barədə iddia tələbinin təmin edilməsi qanunvericiliyin tələblərinə əsasən təmin edilə bilməz. Həmçinin qeyd edilən şəxslər hazırda gedib müqavilə bağlaya bilərlər. Hazirki cavabdehlərdən yalnız bir nəfər məhkəmə prosesində iddianı qəbul edir. Digər cavabdehlərin razılığı olmadan əqdin etibarlı hesab edilməsi qanuna uyğun ola bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.4-cü maddəsinə əsasən Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konsitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericilklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarlarından biri də «Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 15 aprel 2011ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 may 2012-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi bundan ibarətdir: Konstitusiya Məhkəməsinin Plenumu İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006cı il tarixli Qərarında “əqdin notarial formasına riayət edilməməsi”nin nəticələri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyini qeyd etməklə bir daha vurğulayır ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Yaşayış evinin alqı-satqısı haqqında müqavilə də yazılı formada tərtib edilməli olan əqdlərdən biridir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqeyini bir sıra Qərarlarında (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərar, C.Abdullayevanın şikayəti üzrə 13 aprel 2007-ci il tarixli Qərar və s.) təsdiq etməklə göstərmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı;(iş materillarından görünür ki yayınma mövcud deyil) - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Sonuncu şərt qanunvericilikdə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Müşfiq Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyun 2011-ci il tarixli qərarında göstərilir ki, torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmunu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericilyinin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir». İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. «X2rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərnişan həmin tikintinin partlayışına görə ərizəçiyə kompensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli, faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət də bu halda susmaqla, Önər Yıldızın heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Beləliklə, mübahisə edilən əqdlər bır tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahısələndirildiklərı təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. MPM-nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı sübut olunmuşdur ki, İddiaçı məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 arasında JN-0082 KOD 30311058 saylı Torpağa Mülkiyyət Hüququna X5 qeyd edilən 1,28 ha kənd təsərrüfat təyinatlı torpağa dair bağlanılan 05 iyun 2004-cü il tarixli alğı-satqı müqaviləsini (əqdini) etibarlı hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, lakin, hazırda qanunla müəyyən olunmuş qaydada əqdi niyə bağlaya bilmədikləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əgər tərəf əqdin bağlanmasından yayınmırsa o zaman qeyd edilən əqd hazırda notariat orqanında da bağlana bilər. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “alğısatqı müqaviləsinin etibarlı hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.. Sədrlik edən:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar