Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2613/2025 09.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: I. İşin mahiyyəti İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş övladı 30 iyul 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.70 misli həddində olmaqla sabit pul məbləğində alimentin, həmçinin qızı X1 3 yaşına çatanadək 100 manat əlavə yardımın Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 12 oktyabr 2022-ci il tarixdə Cavabdeh ilə nikahlarını rəsmiləşdirərək, ailə qurmuşlar. Birgə nikahlarından 30 iyul 2023cü il təvəllüdlü X3 doğulmuşdur. Cavabdeh ilə ailə münasibətləri qaynanasının ailə işlərinə müdaxiləsi nəticəsində pozulduğundan və bərpa olunmayacaq vəziyyətə çatdığından övladları ilə birlikdə artıq 6 aydır ki, anasının evində yaşayır. Övladı onun himayəsindədir. Bu səbəblə də alimentin tutulması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qanunvericiliyin tələbinə əsasən alimentin alınması tələbi ilə bağlı Quba 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş mediasiya sessiyasında, cavabdeh iştirak etməmişdir. Mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 60 manat mediasiyaya dair xərc tərəfindən ödənilmişdir. Cavabdeh nikahlarının pozulması üçün Quba rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, mülki iş məhkəmənin icraatındadır. Uşağının maddi ehtiyacı gün-gündən artır. Övladı azyaşlı olduğundan işləmir. Cavabdeh uşağının maddi ehtiyaclarının qarşılanmasında iştirak etmir, uşağının bütün ehtiyaclarını onun anası qarşılayır. Cavabdeh atası ilə birlikdə Rusiya Federasiyasında və Gürcüstan Respublikasında çoxmərtəbəli binaların tikintisini təşkil etməklə məşğul olur və 2000 manat əmək haqqı alır. Lakin övladının maddi tələbatları ilə ümumiyyətlə maraqlanmır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verərək və əlavə olaraq bildirmişdir ki, cavabdehlə ayrı yaşayırlar. Cavabdeh nikahın pozulmasına dair məhkəməyə ərizə vermişdir. Ayrı yaşadıqları müddətdə cavabdeh uşağı ilə maraqlanmır, heç bir maddi yardım göstərmir. Cavabdehin tələb olunan alimenti ödəməyə imkanı var. Ona görə də iddia ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə ayrı yaşayırlar. Nikanın pozulmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Uşağın saxlanması üçün tələb olunan alimenti ödəməyə imkanı yoxdur. Belə ki, rəsmi iş yeri yoxdur, hazırda Gürcüstan Respublikasında tikintidə fəhlə işləyir, maddi vəziyyəti tələb olunan alimenti ödəməyə imkan vermir. III. İşin faktiki halları: İş materiallarında olan: -AZ-İİ 531388 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında nikah 12 oktyabr 2022-ci il tarixdə Quba regional “ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1359 № ilə qeyd edilmişdir; - AZ-İV 910612 nömrəli, doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2023-cü il tarixdə X3 doğulmuşdur. -xx.xx.2025-ci il tarixli, MŞQ-MT-040-2025-00646 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etdi. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədi. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında ailə münasibətləri pozulmuş və onlar bir-birindən ayrı yaşayırlar. Tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaq iddiaçının yanında yaşayır. Tərəflər arasında uşağın saxlanması üçün aliment ödənilməsi barədə heç bir saziş bağlanmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. - 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarından görünür ki, Qərarın 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qərarın 8.4-2-ci bəndində əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, uşaqın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurəti nəzərə alınaraq, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqın saxlanması üçün aliment hər uşağa hər ay (hər il minimum əmək haqqının indeksasiyası nəzərə alınmaqla) ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının misli həddində sabit pul məbləğində tutulmalıdır. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən sonrakı artımlar nəzərə alınmaqla hər ay uşaq üçün 2025-ci il üzrə minimum əmək haqqının 0,50 misli miqdarında sabit pul məbləğində aliment və həmin uşağın 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar ayda 50 manat məbləğində pul Cavabdeh tutularaq, Həsənova (Muradova) Əfsanə Əflatun qızına ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-nin: - 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Beləliklə, Cavabdeh 50 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. - 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmasına görə xx.xx.2025-ci il tarixdən Cavabdeh hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli miqdarında sabit pul məbləğində aliment və həmin uşağın 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar ayda 50 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 50 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddianın aliment tələbinə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №2(027)-2613/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2613/2025
09.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver