Məhkəmə qərarları › İş №2(027)-2629/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2629/2024

13.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2629/2024 13.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X2 hər ay 3 uşağın saxlanması üçün hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 705 (yeddi yüz beş) manat sabit pul məbləğində alimentin, vəkilə hüquqi yardıma görə ödənilmiş 150 (yüz əlli) manat məbləğində pulun və mediasiya prosesinin keçirilməsi üçün tərəfimdən ödənilmiş 60 (altımış) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, cavabdeh X4 ilə xx.xx.2013-cü ildə rəsmi nikaha girib ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı övladları dünyaya gəlmişdir. Bundan bir müddət sonra aralarında yaranan anlaşılmazlıqlar, xasiyyətləri uyğunsuzluğu səbəbindən ayrı yaşayırlar. Cavabdeh övladları ilə qətiyyən maraqlanmır. Maddi yardım göstərmir. Artıq bir neçə müddətdir ki, ayrı yaşayırlar. Heç bir əlaqələri yoxdur. Maddi vəziyyəti o qədər də yaxşı deyil. Getdikcə artan xərcləri ödəyə bilmir. Övladlarına, ona heç bir qayğı göstərmir, maraqlanmır. Özü də işləmir. Hərbçi işləyirdi. Öz dediyinə görə hal-hazırda işləmir. Qeyri-rəsmi gəlir yeri var, qazancı da var. Aliment tələbi üçün Mediasiya Şurasına müraciət edilmişdir. Mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 60 (altımış) manat mediasiyaya dair xərc tərəfindən ödənilmişdir. Cavabdeh mediasiya prosesinə gəlməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, cavabdehin uşaqlara yardım etmədiyini bildirərək, iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, 30 avqust 2024-cü il tarixdən ayrı yaşayırlar. Heç yerdə işləmir. Qeyri rəsmi gəliri yoxdur. Hər üç uşaq üçün 480 manat məbləğində aliment ödəməyə razıdır. Alimentin həmin hissədə müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikah münasibətlərindən xx.xx.2014cü il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X7 anadan olmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 ilə X8 arasında nikah xx.xx.2013-cü il tarixdə Quba rayon Qeydiyyat Şöbəsi tərəfindən bağlanmışdır. İş materialllarında olan xx.xx.2024-cü il tarixli, MŞQ-MT-027-2024-01523 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi bardə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştriak etdi, Cavabdeh isə iştirak etmədi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərc ödəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı hüquqi yardımla bağlı 150 manat məbləğində pul ödəmişdir. Quba rayon Məhkəməsinin 16(027)-116/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə 2(027)-2629/2024 saylı mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək, xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı verilməsi qərara alınmışdır. Məhkəmə tərəflərin izahatlarından və işdəki digər sübutlardan müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh, birgə nikah münasibətlərindən xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Tərəflər faktiki olaraq ayrı yaşayırlar və birgə nikah münasibətlərindən doğulmuş uşaqları anasının himayəsindədir. Tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment ödənilməsi barədə saziş bağlanmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cu maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. İddiaçı, cavabdehin işləyərək yüksək qazanc əldə etməsi və bununla da tələb etdiyi alimentin miqdarının hər uşaq üçün 235 manat olmaqla üç uşaq üçün hər ay 705 manat miqdarında təyin olunmasının əsaslı olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, işdəki sübutlara əsasən cavabdehin qazancı (gəliri) müəyyən edilmədiyindən, uşağların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurəti nəzərə alınaraq, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağların saxlanması üçün aliment sabit pul məbləğində tutulmalıdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin birgə nikah münasibətlərindən doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər uşağa görə ayda 180 manat olmaqla, üç uşağa görə hər ay 540 manat sabit pul məbləğində alimentin tutulması, uşağların saxlanmasının iddiaçı və cavabdehin vəzifəsi olması zəminində onların mənafeləri, həmçinin uşağın mənafeyi ilə aliment ödəyəcək cavabdehin mənafeyi arasında ədalətli tarazlıq yaradacaqdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş faktiki hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh birgə nikah münasibətlərindən doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba rayon Məhkəməsinin 16(027)- 116/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı nəzərə alınmaqla, 16 oktyabr 2024-cü il tarixdən Cavabdeh hər uşağa görə ayda 180 (bir yüz səksən) manat olmaqla, üç uşağa görə hər ay 540 (beş yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ilkin mediasiya prosesi üçün ödənilmiş 60 manat və hüquqi yarım üçün ödənilmiş 150 manat məbləğində pul Cavabdeh tutularaq, İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, Cavabdeh 84,80 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun. Quba rayon Məhkəməsinin 16(027)-116/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı nəzərə alınmaqla, İddiaçı ilə Cavabdeh birgə nikah münasibətlərindən doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 16 oktyabr 2024-cü il tarixdən Cavabdeh hər uşağa görə ayda 180 (bir yüz səksən) manat olmaqla, üç uşağa görə hər ay 540 (beş yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. İlkin mediasiya prosesi üçün ödənilmiş 60 manat və hüquqi yarımla bağlı ödənilmiş 150 manat məbləğində pul Cavabdeh tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 84,80 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar