Məhkəmə qərarları › İş №2(027)-265/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-265/2022

10.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-265/2022 10.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 29 dekabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay hər 175 manat sabit pul məbləğində alimentin və əlavə olaraq 29 dekabr 2020-ci il təvəllüdlü X1 3 yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 01 iyul 2018-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirmədən el adəti üzrə ailə qurmuşlar. Birgə nikah münasibətlərindən 29 dekabr 2020-ci il tarixdə X2 adlı övladları doğulmuşdur. Cavabdehlə münasibətləri ilk vaxtlar yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, cavabdeh onlarla maraqlanmır, onun və uşağının xərclərini qarşılamırdı. Artıq uzun müddətdir ki, valideynlərinin yanına gəlmiş, uşağını valideynlərinin köməkliyi ilə saxlayır. Uşağının ehtiyacları günü-gündən artır. Valideynləri imkansız və işsizdir, atası fəhlə işləyir. Hər gün qazancı olmur, valideynləri öz gəlirlərini qarşılamaqda çətinlik çəkirlər. Onun kimi uşağına baxmaq cavabdehin də vəzifəsidir. Hazırda oğlu körpə olduğu üçün özü heç yerdə işləmir. İlkin olaraq məhkəmədən kənar qaydada cavabdehlə ailə münasibətlərini həll elmək üçün Mediasiya Təşkilatına müraciət etsə də, Cavabdeh onunla razılığa gəlməmiş, ona 09 noyabr 2021-ci il tarixdə ilkin mediasiya sessiyasında razılığa gəlməməsi barədə arayış verildi. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edib, verdiyi izahatında göstərmişdir ki, o, iddiaçı ilə 01 iyul 2018-ci il tarixdə el adəti üzrə ailə qurmuşlar. Birgə nikah münasibətlərindən 29 dekabr 2020-ci il tarixdə X2 adlı övladları doğulmuşdur. Hazırda iddiaçı ilə ayrı yaşayırlar, uşaq iddiaçının himayəsindədir. O, iddiaçıya uşağın saxlanması üçün aliment verməyə etiraz etmir. Hazırda 11 saylı MMC-də fəhlə işləyir, başqa qazanc yeri yoxdur. Alimentin əmək haqqına yönəldiləmsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 19 noyabr 2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 393720№-li Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 29 dekabr 2020-ci il tarixdə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. İş materiallarında olan 19 noyabr 2021-ci il tarixli, AZ-İV seriyalı 599621 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X2 29.12.2020-ci ildə anadan olmuşdur. Şəhadətnamənin «vətəndaş» qrafasında X2, «atası» qrafasında Cavabdeh və «anası» qrafasında İddiaçı göstərilmişdir. İş materiallarında olan 09 noyabr 2021-ci il tarixli mediasiya preosesinə xitam verilməsi barədə protokoldan görünür ki, mediasiya prosesinə İddiaçı Cavabdeh qarşı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona ödənilməsi hissəsində tərəflərin təşəbbüsü ilə xitam verilmişdir. Məhkəmə tərəflərin izahatlarından və işdəki digər sübutlardan müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh 01 iyul 2018-ci il tarixdə ər-arvad münasibətlərinə girərək, ər-arvad kimi yaşamış və onların ər-arvad kimi birgə yaşadıqları dövrdə, 29 dekabr 2020-ci il tarixdə X2 adlı bir uşaqları doğulmuşdur. Tərəflər arasında ailə münasibətləri pozulmuşdur və onlar ayrı yaşayırlar. Eyni zamanda tərəflərin birgə nikah münasibətlərindən doğulmuş yetkinlik yaşına çatmayan uşaq iddiaçının yanında yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinə müvafiq olaraq bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərin birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər arasında uşağın saxlanması üçün aliment ödənilməsi barədə heç bir saziş bağlanmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəlləinin 84.2.2-ci maddəsinə əsasə bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Avropa Konvensiyasının 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. İddiaçı, cavabdehin işləyərək yüksək qazanc əldə etməsi və bununla da tələb etdiyi uşağın 3 yaşına çatanadək ona qulluq etməsinə görə ona verilməli olan alimentin miqdarının 100 manat miqdarında təyin olunmasının əsaslı olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin ər-arvad münasibətlərindən X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh sabit pul məbləğində hər ay 175 manat alimentin və X1 3 yaşına çatana qədər saxlanması üçün cavabdehdən iddiaçı üçün 30 AZN pul vəsaitinin tutulması, uşağın saxlanmasının iddiaçı və cavabdehin vəzifəsi olması zəminində onların mənafeləri, həmçinin uşağın mənafeyi ilə aliment ödəyəcək cavabdehin mənafeyi arasında ədalətli tarazlıq yaradacaqdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı da məhkəməyə alimentin tutulması tələbi ilə bağlı 30 noyabr 2021-ci il tarixdə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 30 noyabr 2021-ci il tarixdən tutulmalıdır. Məhkəmə iş üzrə müəyyən olunmuş faktiki hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 29 dekabr 2020-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 30 noyabr 2021-ci il tarixdən Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment və uşağın 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar ayda 30 manat məbləğində pul tutularaq, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh 44,60 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X3” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 29 dekabr 2020-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 30 noyabr 2021-ci il tarixdən Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment və uşağın 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar ayda 30 manat məbləğində pul tutularaq, İddiaçı verilsin; iddia qalan hissədə təmin edilməsin. Cavabdeh 44,60 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar