Məhkəmə qərarları › İş №2(027)-2773/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2773/2025

26.11.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2773/2025 26.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi iddiaçı X1 iştirakı ilə iddiaçı X1 Cavabdeh MMC-nə qarşı “əməkhaqqı pulu” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh MMC-nə qarşı “əməkhaqqı pulu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin ona borclu olduğu 1180 (bir min yüz səksən) manat əmək haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək, iddia tələbi ilə yanaşı mediasiya prosesi zamanı ödədiyi 60 (altmış) manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X3 iddiasını onunla əsaslandırmışdır ki, o, cavabdeh təşkilatda fəhlə işləmiş, xx.xx.2023-cü il tarixinə kimi həmin müəssisədə çalışaraq, xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) işdən azad edilmişdir. O, işdən azad edilərkən əmək haqqının hesablanması zamanı cavabdehin ona 1180 (bir min yüz səksən) manat əmək haqqı borcu müəyyən edilmiş və müəssisənin rəhbəri X5 vermişdri ki, yaxın vaxtlarda onun əmək haqqını ödəyəcəkdir. Lakin onun dəfələrlə etdiyi müraciətlərə baxmayaraq cavabdeh bu günə kimi əmək haqqını ödəməmişdir. Ona görə də hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X4 məktubundan aşkar olur ki, cavabdeh təşkilat onun və digər işçilərin işdən azad olunarkən tam haqqı hesablamış, lakin borclu olduğu əmək haqlarını ödəməmişdir. Ona görə də cavabdeh təşkilatın rəhbəri X9 inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı X3 iddianı müdafiə edərək bildirdi ki, 2017-ci ildən 7 il "xxxx" MMC-də işləmiş və aylıq 450 manat əmək haqqı almışdır. 2023-cü il tarixdə işdən azad edilən zaman əmək haqqının hesablanması zamanı cavabdeh şirkətin ona 1180 (bir min yüz səksən) manat əmək haqqı borcu olması müəyyən edilmişdir. Bugünədək ödənilməmiş əmək haqqını ala bilmir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 yanında X10 Xidməti X4 xx.xx.2024-cü il tarixli məktubunun surətindən və məzmunundan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmiş və cəmiyyət tərəfindən əmək müqavilənizə xitam verilərkən X2 çatacaq son haqqhesabı hal-hazıradək ödənilmədiyindən Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin (Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir) və 172-ci maddəsinin 4-cü hissəsinin (İşçiyə ödənilməli son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, əmək haqqı və digər ödəmələr) tam məbləğdə işdən çıxdığı gün işçiyə verilməlidir) tələbləri pozulmuşdur. ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh MMC mediasiya sessiyasında iştirak etməmişdir. xx.xx.2025-ci il tarixli 13386 nömrəli mədaxil qəbzindən görünür ki, X3 mediasiya təşkilatının hesabına 60 (altmış) manat məbləğində rüsum ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 12-ci maddəsinin 1-ci bəndinin b yarımbəndinə əsasən, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifəsidir; 195-ci maddəsinin d bəndinə əsasən, işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır; 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; 288-ci maddəsinin a, d, h bəndlərinə əsasən, fərdi əmək mübahisələrinin predmetinə, müvafiq olaraq əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi daxildir; 290-cı maddəsinin 2-ci bəndinə əsasən, işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir; 292-ci maddəsinin 2-ci bəndinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər; 299-cu maddəsinə əsasən, fərdi əmək mübahisələri üzrə iddianın məbləğinə, həmçinin onun təmin olunmasına hər hansı məhdudiyyət qoyula bilməz. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X3 2017-ci ildən xx.xx.2023-cü il tarixədək Cavabdehndə fəhlə kimi işləmiş, onun aylıq əmək haqqısının 450 (dörd yüz əlli) manat olacağı tərəflər arasında razılaşdırılmış, onunla əmək müqaviləsi bağlanmışdır. X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142” Çağrı mərkəzinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X10 Xidmətinə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və Azərbaycan Respublikası Baş Prokurorluğuna Cavabdeh MMC tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində Cavabdeh MMC-nin direktoru X9 barəsində İnzibati Xətalar Məcəlləsinin 192ci maddəsinin 4-cü hissəsinə (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) əsasən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. X3 Cavabdehnə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCnin ona borclu olduğu 1180 (bir min yüz səksən) manat əmək haqqının tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin “Cavabdeh MMC-nin ona borclu olduğu 1180 (bir min yüz səksən) manat məbləğində ödənilməmiş əmək haqqının onun xeyrinə tutulması” hissəsinə hüquqi qiymət verərkən, hesab edir ki, iddia ərizəsi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, işin mübahisəlindirilməyən halı ondan ibarətdi ki, iddiaçı şəxs Cavabdeh MMC-də 2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 6 il işləmişdir. İddiaçı tərəf izahatında bildiririr ki, aylıq əmək haqqı 450 (dörd yüz əlli) manat müəyyən edilmişdir və müntəzəm olaraq əmək haqqı almışdır. 2023-cü il tarixdə işdən azad edilən zaman əmək haqqının hesablanması zamanı Cavabdeh MMC-nin ona 1180 (bir min yüz səksən) manat əmək haqqı borcu olması müəyyən edilmişdir. İşçi (X3) ilə işəgötürən (Cavabdeh MMC) arasında əmək münasibətlərinin olması iş materialları ilə sübut olunsa da, iddiaçının aylıq əmək haqqısına dair hər hansı sənəd (arayış, qrafik, çıxarış və s.) əlavə edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçıya MMC tərəfindən ödənilməli olan məbləğin dəqiqliyi ilə müəyyən edilməsi qeyri-mümkündür. Bu baxımdan məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh MMC-dən ödənilməli olan və ödənilməmiş əmək haqqı X1 ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı tərəfindən mediasiya prosesi üçün ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ödənilməli olan və ödənilməmiş əmək haqqı X1 ödənilsin. Mediasiya təşkilatının hesabına köçürülmüş 60 (altmış) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilsin. İddia qalan hissədə təmin edilməməlidir. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar