Məhkəmə qərarları › İş №2(027)-28/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-28/2023

15.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-28/2023 15.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə qarşı “mülkiyyət hüquqlarına müdaxilənin qarşısının alınması, torpağın qanunsuz sahiblikdən geri tələb edilməsi və zərərin ödənilməsinə dair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə qarşı “mülkiyyət hüquqlarına müdaxilənin qarşısının alınması, torpağın qanunsuz sahiblikdən geri tələb edilməsi və zərərin ödənilməsinə dair” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, iddiaçıya məxsus Quba rayonu 32-ci məhəllə ünvanında yerləşən 0,0175 ha torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınması, cavabdehin həmin torpaq sahəsinə müdaxiləsinin tam qarşısının alınması və sonuncunun torpaq sahəsindən çıxarılması, əldən çıxmış fayda kimi 12000 manat, mənəvi zərər kimi 7000 manat, iddianın verildiyi tarixdən iddianın təmin edilməsi barədə qətnamənin "qanunsuz sahiblikdən geri alınma" və "mülkiyyətə müdaxilənin qarşısının alınması ve torpaq sahəsindən çıxarılması" tələblərinin təmin edildiyi hissədə tam icra edildiyi gunə kimi aylıq 500 manat hesablanmaqla əldən çıxmış icarə haqqının ve 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdiriməsi barədə ərizə ilə müraciət edərək, iddiaçıya məxsus Quba rayonu 32-ci məhəllə ünvanında yerləşən 0,0175 ha torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınması, cavabdehin həmin torpaq sahəsinə müdaxiləsinin tam qarşısının alınması və sonuncunun torpaq sahəsindən çıxarılması, əldən çıxmış fayda kimi 29000 manat (58 ay üzrə aylıq 500 azn hesablanmaqla), mənəvi zərər kimi 7000 manat, iddianın verildiyi tarixdən iddianın təmin edilməsi barədə qətnamənin "qanunsuz sahiblikdən geri alınma" və "mülkiyyətə müdaxilənin qarşısının alınması və torpaq sahəsindən çıxarılması" tələblərinin təmin edildiyi hissədə tam icra edildiyi gunə kimi aylıq 500 manat hesablanmaqla əldən çıxmış icarə haqqının ve 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixdə Quba rayonu 32-ci məhəllə ünvanında yerləşən 0.0175 ha torpaq sahəsinə dair mülkiyyət hüququ İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Torpaq iddiaçıya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün verilmişdir. 2017-ci ilin yanvar ayından Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi özünün Quba ASAN şöbəsinin inzibati bina kompleksini tikərkən iddiaçıya məxsus torpaq sahəsini faktiki olaraq zəbt etmiş və həmin sahədə tikinti işləri aparmağa başlamışdır. Bu barədə iddiaçıya heç bir məlumat verilməmiş, ondan hər hansı formada razılıq alınmamışdır. İddiaçı dəfələrlə Quba rayon İcra Hakimiyyətinə, Quba rayon Bələdiyyəsinə, cavabdehin, həmçinin cavabdehin Quba ASAN şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Lakin indiyə qədər məsələ ilə bağlı heç bir tədbir görülməmişdir. Cavabdehin iddiaçıya məxsus mülkiyyətə qanunsuz müdaxilə etməklə onun subyektiv mülkiyyət hüququnu kobud şəkildə pozması hər şeydən əvvəl Konstitusiyanın tələblərinin pozulmasıdır. Cavabdeh müvafiq tikinti işlərinə başladığı gündən indiyədək iddiaçı torpaq sahəsindən faktiki olaraq istifadə edə bilmədiyi üçün ondan hər hansı fayda da əldə edə bilməmişdir. Mülkiyyətçinin həmin torpaq sahəsindən əldə edə biləcəyi minimum gəlir torpağın icarəsindən əldə oluna bilərdi. Müvafiq dövr üzrə müvafiq ərazidə sahibarlıq təyinatlı 0.0175 torpaq sahəsinin aylıq icarə haqqı təxminən 500 manatdır. İddiaçı bu dövr üzrə ən azı öz torpaq sahəsini icarə verməklə gəlir əldə edə biləcəyi halda ondan məhrum olmuş və iddiaçıya 29000 manat miqdarında əldən çıxmış fayda şəklində zərər dəymişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, bildirmişdir ki, iddia tələbi ilə 2019-cu il tarixdə müraciət edilmişdir. İş üzrə ekspertiza keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçıya məxsus 0,0175 ha torpaq sahəsi Quba ASAN xidmət mərkəzinin binasının yerləşdiyi yerdə işləyir. Quba şəhərinin Vaqif küçəsində verilmiş 0,0175 ha torpaq sahəsi qeyri-yaşayış sahəsidir. Həmin torpaq sahəsi üzərində tikinti yoxdur. İş üzrə rəy var, torpaq sahəsinin çıxarışı da var. İddiaçıya məxsus torpaq sahəsinin Vaqif küçəsindəki torpaq sahəsi ilə dəyişməsi məntiqli deyil. İddiaçının adından olan razılaşma ərizəsi hüquqi sənəd deyil. Mülkiyyət hüququnun bir ərizə əsasında dəyişdirilməsi düzgün deyil. Çıxarışa heç bir razılaşma əlavə olunmamışdır. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak edən iş üzrə cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi məhkəməyə təqdim etdiyi ərizəsində, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən verilmiş iddia ərizəsinə etirazda göstərilir ki, iddiaçı ona maddi və mənəvi zərərin ödənilməsi barədə tələbini əsaslandırmamış, cavabdehin hərəkət və ya hərəkətsizliyinin ona nə kimi mənəvi iztirablar yaratdığını sübuta yetirə bilməmiş və yaşadığı psixoloji sarsıntılar barədə də heç bir sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı maddi ziyanın ödənilməsi barədə tələb irəli sürərkən əldə edə bilmədiyi gəlirin həcmi, əldə edilməmiş ziyanın məbləği müəyyən olunarkən şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyini güman etdiyi gəlirin reallığı barədə sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, qeyd olunan tələblər irəli sürülərkən pozuntu ilə ziyan arasında səbəbli əlaqənin, o cümlədən zərərin məbləğinin sübut edilməsi zəruridir. İddiaçının maddi zərərə uğraması, o cümlədən mənəvi iztirablar çəkməsi, stres keçirməsi faktı iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia tələbinin qeyd olunan hissələrinin də təmin edilməsi əsası mövcud deyil. İş üzrə üçüncü şəxs kimi cəlb edilmiş Quba bələdiyyəsinin nümayəndəsi məhkəməyə təqdim etdiyi ərizəsində, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X2 bildirdi ki, İddiaçı onun dostudur. Rəşid ona etibarnanə vermiş, o da Rəşidin adından notarial qaydada razılıq ərizəsi vermişdir. Ərizə yazılıb imzalanması üçün verilmiş, o da ərizəni oxumadan imzalamışdır. Sonradan onu İcra Hakimiyyəti və Bələdiyyədən çağırıb bildirmişlər ki, torpaq sahəsinin dəyişdirilməsi barədə ərizə vardır. Ərizə barədə Rəşidə hər hansı məlumat verməmişdir. Onun Bələdiyyəyə torpaq sahəsi barədə rəsmi müraciəti olmamışdır. O, sonradan bilmişdir ki, ərizə verməklə torpaq sahəsinin dəyişdirilməsi ilə razılaşmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2012-ci il tarixli çıxarışın surətindən görünür ki, Quba şəhəri, 32-ci məhəllə ünvanında yerləşən 0,0175 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan Quba bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, M.P.Vaqif küçəsində yerləşən 125 kv.m torpaq sahəsinin vətəndaş İddiaçı məxsus olması barədə heç bir məlumat aşkarlanmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı əvəzləşdirmə qaydasında öz razılığına əsasən şəhərin Vaqif küçəsindən 0,0175 hektar torpaq sahəsi ayrılmışdır. Bununla əlaqədar müvafiq sənədləşmə işləri aparılmış və nəticədə iddiaçının adına “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş **********617 ərizədən görünür ki, İddiaçı Quba şəhəri, H.Əliyev prosepktində ona məxsus 0,0175 ha sahibkarlıq təyinatlı topaq sahəsinin yerləşdiyi ərazidə Asan xidmətin inzibati binası tikilib istifadəyə verilmişdir. Həmin torpaq sahəsinin eyni əhəmiyyətə malik Quba şəhəri, Vaqif küçəsində 0,0175 ha torpaq sahəsi ilə əvəzləşdirməsinə etiraz etməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Quba şəhəri, Vaqif küçəsində 0,0175 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 18509 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin «Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi»nin Xaçmaz LTİ-nin mütəxəssis rəyinə əsasən, İddiaçı adına verilmiş seriya RX ******* nömrəli çıxarışla torpaq sahəsinin bütünlüklə Quba ASAN Xidmət istifadəsində olan əraziyə düşdüyü müəyyən edilir. Beləliklə, işin hallarından müəyyən edilir ki, İddiaçı iddia tələbində mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia etsə də, bunu tələbinin əsası təşkil edən hər hansı sübut təqdim eməmişdir. Əksinə iş materiallarından göründüyü kimi, mübahisə predmeti olan toraq sahəsi qanuni əsaslarla əvəzləşdirilmişdir. Belə ki, İddiaçı rəsmi olaraq könüllü razılıq əsasında mülkiyyətində olan torpaq sahəsinin eyni əhəmiyyətə malik torpaq sahəsi ilə dəyişdirilməsinə razılıq vermiş və öz adına yeni çıxarış almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçıya cavabdehin hərəkətləri nəticəsində zərər dəyməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə iddiaçının mənəvi ziyana görə pul tələbini də əsassız hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında izah olunmuşdur ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» xx.xx.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı iddiası rədd edilməlidir. (mübahisəli torpaq sahəsi iş üzrə iddiaçının iradə ifadəsini təsdiq edən ərizə əsasında əvəzləşdirilmişdir.) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edildiyindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə qarşı “mülkiyyət hüquqlarına müdaxilənin qarşısının alınması, torpağın qanunsuz sahiblikdən geri tələb edilməsi və zərərin ödənilməsinə dair” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar