Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-3057/2025 10.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Rüştü oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: I. İşin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Rüştü oğlu ilə birgə nikahdan anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Rüştü oğlundan onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində (2025-ci il üçün bir uşağa görə İx (400 manat x 0.60)= 240 manat olmaqla) sabit pul məbləğində alimentin və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 60 (altımış) manat xidmət haqqının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Quba rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2070/2017 saylı qətnaməsi ilə onunla Cavabdeh Rüştü oğlu arasında olan nikah pozulmuşdur. Nikah pozulduğu zaman birgə nikahdan anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X6 onun himayəsinə verilmişdir. Ancaq o vaxt alimentlə bağlı müraciət etməmişdi. Qeyd edir ki, cavabdeh övladı ilə qətiyyən maraqlanmır. Maddi yardım göstərmir. Heç bir əlaqələri yoxdur. Maddi vəziyyəti o qədər də yaxşı deyil. Övladı məktəblidir. Getdikcə artan xərcləri ödəyə bilmir. Bildiynə görə cavabdeh işləmək üçün bir neçə il əvvəl Türkiyəyə getmişdir. Hal-hazırda da oradadır. Aliment tələbi üçün Mediasiya Şurasına müraciət edilmişdir. Qeyd edir ki, mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 60 (altımış) manat mediasiyaya dair xərc tərəfindən ödənilmişdir. Cavabdeh mediasiya prosesinə gəlməmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, cavabdehin uşaqlarla maraqlanmadığını, maddi yardım etmədiyini bildirərək, iddiasının təmin olunmasını xahiş etmiş və cavabdehin Türkiyədə olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh Rüştü oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İİİ. İşin faktiki halları: İş materiallarında olan AZ-İİİ seriyalı, 315136 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh Rüştü oğlunun birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X6 doğulmuşdur. İş materiallarında olan AZ-İ seriyalı, 293342 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Rüştü oğlu ilə İddiaçı arasında bağlanmış nikah ləğv edilmiş, akt qeydləri kitabında xx.xx.2018-ci il tarixində 127 nömrə ilə qeyd edilmişdir. İş materialllarında olan xx.xx.2025-ci il tarixli, MŞQ/MT/040/2025-00863 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi bardə arayışdan görünür ki, Cavabdeh Rüştü oğlu ilkin mediasiya sessiyasında iştriak etməmişdi. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 2(027)-2070/2017 saylı Quba rayon məhkəməsinin qərarı ilə Cavabdeh ilə X4 arasında xx.xx.2012-ci il tarixli nigah pozulmuş, birgə nigahdan doğulmuş Həmidov Elçin və Həmidova Zəhra anaları X2 himayəsinə verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 2(027)-311/2014 saylı Quba rayon məhkəməsinin qərarına əsasən xx.xx.2012-ci il tarixli X1 üçün 103 manat məbləğində aliment təyin edilmişdir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, tərəflər arasında uşaqların saxlanması üçün aliment ödənilməsi barədə heç bir saziş bağlanmamışdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaysan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarından görünür ki, Qərarın 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qərarın 8.4-2-ci bəndində əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Cavabdeh Rüştü oğlunun stabil aylıq qazancı (gəliri) müəyyən edilmədiyindən, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurəti nəzərə alınaraq, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaların saxlanması üçün aliment hər uşağa hər ay (hər il minimum əmək haqqının indeksasiyası nəzərə alınmaqla) ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının misli həddində sabit pul məbləğində tutulmalıdır. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh Rüştü oğlundan hər ay uşağa görə xx.xx.2025-ci il tarixdən hər ay sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi uşağın saxlanmasının iddiaçı və cavabdehin vəzifəsi olması zəminində onun mənafeləri, həmçinin uşaqların mənafeyləri ilə aliment ödəyəcək cavabdehin mənafeyi arasında ədalətli tarazlıq yaradacaqdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2025 il tarixdə təqdim edilmişdir. İddiaçı həmçinin iddia tələbində ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 60 (altımış) manat xidmət haqqının cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmçinin, qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmçinin, qeyd olunan Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan, iddia üçün ödənilməli rüsum mediasiya rüsumu ilə əhatə olunduğundan, hazırki iş üzrə cavabdeh dövlət rüsumu ödəməkdən azad olunur. Beləliklə, iddiaçı tərəfindən mediasiyaya ödənilmiş 60 (altımış) manat məbləğində rüsumun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. V. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun. Cavabdeh Rüştü oğlu ilə İddiaçı birgə nikahından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən sonrakı artımlar nəzərə alınmaqla hər ay 2025-ci il üzrə minimum əmək haqqının 0,50 misli miqdarında sabit pul məbləğində aliment Cavabdeh Rüştü oğlundan tutularaq İddiaçı ödənilsin. Cavabdeh Rüştü oğlundan mediasiyaya ödənilmiş 60 (altımış) manat məbləğində rüsumun əvəzi tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №2(027)-3057/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-3057/2025
10.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver