Məhkəmə qərarları › İş №2(027)-329/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-329/2022

28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-329/2022 28.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı Seyfəl oğlunun, cavabdehlər X1, X4 və Cavabdeh3 Bağır oğlunun iştirakı ilə, İddiaçı Seyfəl oğlunun cavabdehlər X5, X6 və Cavabdeh3 Bağır oğluna qarşı “pul və zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Seyfəl oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2, X3 və Cavabdeh3 Bağır oğlundan bir baş inəyin alışından borclu qaldıqları 1800 manat pulun, maddi zərərin əvəzi olaraq 2000 manat pulun, mənəvi zərərin əvəzi olaraq 2000 manat pulun və ödənilmiş 78 manat dövlət rüsumu pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, təsərrüfatla məşğul olur, habelə marşurut avtobusla sürücü işləyir. 2021-ci ilin mart ayının əvvəllərində cavabdehlərdən Nizami və Yusif yaşadığı evə gələrək həyətində olan diri çəkisi təxminən 550-600 kq olan avstraliya sortu semental adlandırılan bir baş iri buynuzlu inəyi almaq istədiklərini bildirdilər. İnəyi ondan 1900 manata almaq baradə razılığa gəlmişlər. İnəyi satmaqda məqsədi satışdan əldə edəcəyi pulla digər heyvanlar üçün yem-ot tədarük etmək idi. 05 mart 2021-ci il tarixdə axşam saat 21 radələrində cavabdehlərdən Xəqani və Yusif gələrək ona 105 manat beh verdilər. Qalan məbləği isə 25 mart 2021-ci il tarixədək ödəyəcəklərinə söz verərək heyvanı apardılar. Özlərinin deməsinə görə ət kəsib satmaqla məşqul olduqları üçün heyvanı kəsib satan kimi pulunu qaytaracaqdılar. Sonradan bir neçə dəfə cavabdehlərin hər üçü ilə rastlaşaraq pulu istəsə də, müxtəlif bəhanələrlə, hazırda əllərində pul olmaması adı ilə pulunu qaytarmaqdan yayındılar. Cavabdehlərin onun uzun müddət müxtəlif üsullarla və bahanələrlə pulunu verməkdən imtina etdiklərinə görə məcbur olub Quba rayon Polis Şöbəsinə şikayət etmişdir. Polisdə araşdırma aparılarkən cavabdehlərdən Cavabdeh3 Bağır oglu və X7 həqiqətəndə ondan X12 oglunun iştrakı ilə 1900 manata bir baş inək almalarını və ona 1800 manat pul borclu qalmalarını təstiq etmişlər Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər X5, X6 və Cavabdeh3 Bağır oğlu iddia tələbini qismən qəbul edərək, iddiaçıya 1800 manat məbləğində pul borclu olduqlarını etiraf etmişlər. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Quba RPŞ-nin 12.08.2021-ci il tarixli qərarından görünür ki, X5, X6 və Cavabdeh3 Bağır oğlu İddiaçı 1800 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Tərəflər arasında pul ilə bağlı mübahisə mülki hüquq münasibətlərindən yaranmış mübahisə olduğu üçün İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi aşkar olunmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda tərəflər arasında müqavilə bağlanmışsa, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir ( maddə 600). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alğı–satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, X5, X6 və Cavabdeh3 Bağır oğlu X5, X6 və İlyasov X15 RPŞ-yə verdikləri izahatlarında və məhkəmə iclasında İddiaçı 1800 manat məbləğində pul borclu olduqlarını etiraf etmişlər. Ona görə də, iddia həmin hissə də, təmin edilməlidir. Bundan başqa, iddiaçı cavabdehlərdən maddi zərərin əvəzi olaraq 2000 manat pulun və mənəvi zərərin əvəzi olaraq 2000 manat pulun alınaraq ona verilməsini tələb etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də, Məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə qeyd olunan iddia üzrə cavabdehlərin iddianı etiraf etmələrini, yuxarıda göstərilən Qanunun maddəsinə əsasən, qanuna zidd olmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, cavabdehlərin iddianı etiraf etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqların və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, cavabdehlərin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək məhkəmə hesab edir ki, cavabdehlət X5, X6 və Cavabdeh3 Bağır oğlundan müştərək qaydada 1800 manat məbləğində pul alınaraq iddiaçıya verilməldir. Məhkəmə hesab edir ki, iddia 1800 manat hissəsində təmin edildiyindən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2 maddəsinə əsasən əsasən 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər X5, X6 və Cavabdeh3 Bağır oğlundan 1800 manat məbləğində pul müştərək qaydada alınaraq İddiaçı verilsin. X5, X6 və Cavabdeh3 Bağır oğlundan 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar