Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-376/2023 16.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X1, cavabdeh X5 iştirakı ilə, İddiaçı X7 qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)-1413/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının azaldılaraq, 09 may 2018-ci il təvəllüdlü X11 və 24 iyun 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin tutulub cavabdeh X4 verilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh X8 ilə 04 avqust 2016cı il tarixdə rəsmi nikahı qeyd etdirərək ailə qurmuşdur. Birgə nikahlarından 09 may 2018ci il təvəllüdlü X11 adlı və 24 iyun 2019-cu il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Quba Rayon Məhkəməsinin 2(027)-1413/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış rəsmi nikah pozulmuş, nikahdan doğulmuş 09 may 2018-ci il təvəllüdlü X11 adlı və 24 iyun 2019-cu il təvəllüdlü X9 anası X2 himayəsinə verilmiş, 13 noyabr 2020-ci il tarixdən başlayaraq 09 may 2018-ci il təvəllüdlü X11 adlı və 24 iyun 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 150 manat olmaqla, iki uşağa görə 300 manat sabit pul məbləğində alimentin ondan alınaraq cavabdehə verilməsi qət edilmişdir. Hazırda İİİ dərəcə əlildir. Aldığı pensiya onun dərmanlarına kifayət etmir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X10 iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(027)-1413/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə X8 arasında olan xx.xx.2016-cı il tarixdə Quba rayonu İHB-nın Vladimirovka İƏD üzrə nümayəndəliyində bağlanmış və 25 nömrə ilə qeyd edilmiş nikah qeydi pozulmuşdur. İddiaçı 13 noyabr 2020ci il tarixdən başlayaraq, xx.xx.2018- ci il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşınadək saxlanılması üçün hər ay hər uşağa 150 manat olmaqla, iki uşağa görə 300 manat sabit pul məbləğində aliment alınıb X3 verilməsi qərara alınmışdır. İş materiallarında olan DSMF-nin 1 saylı Quba-Xaçmaz Regional filialının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı 268,62 manat məbləğində pensiya alır. İddiaçı Quba Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(027)-1413/2020 saylı iş üzrə qətnaməsi ilə, xx.xx.2018- ci il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşınadək saxlanılması üçün hər ay hər uşağa 150 manat olmaqla, iki uşağa görə 300 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin azaldılmasını tələb edir. Buna əsas kimi İİİ qrup əlil olmasını, aylıq 268,92 manat pensiya almasını bildirsə də, məhkəmə qeyd olunan əsasları aliment məbləğinin azaldıması üçün əsas olaraq qəbul etmir. Beləliklə ki, Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, tələb təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsi isə o cümlədən alimentin miqdarının dəyişilməsi əsası kimi alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasını təsbit edir. İddiaçı həmçinin alimentin azaldılması barədə iddia tələbinin əsası kimi İİİ qrup əlil olduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə nəzərə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin borcudur. Valideynlərin uşaqlarını saxlamağa borclu olması eyni zamanda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də təsbit olunmuşdur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununda isə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin 78.2ci maddəsində də bu məqsəd öz əksini taparaq qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Beləliklə məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, İddiaçı cavabdeh X7 qarşı “alimentin azaldılması” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X7 qarşı “alimentin azaldılması” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-376/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-376/2023
16.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver