Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-390/2023 26.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 25 yanvar 2013-cü il təvəllüdlü X3 və 19 may 2016-cı il təvəllüdlü X4 onun yanında saxlanılması və yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa görə 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 29 fevral 2012-ci il tarixində birgə nikahlarını qeyd edərək ailə qurmuşlar. Birgə nikahlarından 25 yanvar 2013-cü il təvəllüdlü X6 və 19 may 2016-cı il təvəllüdlü X7 adlı övladları doğulmuşdur. Ailə qurduqları ilk vaxtlardan cavabdehlə münasibətləri yaxşı olmamış, zaman keçdikcə daha da pisləşmişdir. Belə ki, ailə qurduqlarından indiyə kimi münasibətlərinin pis olmasına səbəb cavabdehin anasının müdaxilələri və onunla yola getməməsidir. Cavabdeh anasının etdikləri dözülməz hal aldığından 14 yanvar 2022-ci il tarixindən etibarən o, uşaqları ilə birlikdə valideynlərinin yanına gələrək onlarla birlikdə qalır. Təxminən bir ilə yaxındır ki, onun və uşaqlarının ehtiyaclarını atası qarşılayır. Onu da qeyd edir ki, nəinki indi, hətta cavabdehlə bir ailə kimi yaşadıqları müddətdə də uşaqları və o, xəstə olanda da onları atası həkimə aparmış, ehtiyaclarını atası qarşılamışdır. Hal-hazırda qızı 25 yanvar 2013-cü il təvəllüdlü X3 ayaq sümüyündə əyilmə olduğu üçün müalicəyə, oğlu 19 may 2016-cı il təvəllüdlü X4 isə təcili boğaz əməliyyatı olmalıdır. Lakin cavabdeh nə onunla, nə də uşaqları ilə uzun müddətdir ki, maraqlanmır, ehtiyaclarını qarşılamır. Uşaqları məktəblidir, onların ehtiyaclarını təkbaşına qarşılamaq istəsə də, çox çətinlik çəkir. Onun kimi uşaqlara baxmaq, ehtiyaclarını qarşılamaq cavabdehin də borcudur. İlkin olaraq məhkəmədən kənar qaydada məsələnin həll olunması üçün Mediasiyaya müraciət etsə də, Cavabdeh mediasiyanın keçirilməsi ilə bağlı görüşə gəlsə də, onunla razılığa gəlmədiyi üçün ona 06 dekabr 2022-ci il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia tələbini müdafiə edərək, cavabdehin uşaqlara bir müddət yardım etdiyini, lakin hazırda yardım etmədiyini bildirərək, iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, ailəsinin dağılmasını istəmir. Taksi fəaliyyəti ilə məşğul olur, gündəlik 10-30 manat civarında qazancı olur. İmkanı olan qədər hər ay, hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində aliment ödəyə bilər. Belə ki, birinci ailəsindən olan uşaqlarına da aliment ödəyir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı, 731052 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Müslümova (Ağasiyeva) X5 İlham Bəybala oğlu ilə 29 fevral 2012-ci il tarixində Quba Rayon Qeydiyyat Şöbəsində nikahlarını bağlamışlar, nikahın bağlanmasından sonra X1 “Ağasiyeva” soyadı verilmiş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 44 nömrə ilə qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, AZ-T seriyalı, 208826 nömrəli və həmin tarixli, AZ-T seriyalı, 208825 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, İddiaçı və Cavabdeh birgə nikahından 25 yanvar 2013-cü il tarixdə X6 və 19 may 2016-cı il tarixdə X7 anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Mediasiya Şurası, Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli, MŞB/6-7177 nömrəli arayışından görünür ki, tərəflər arasında ilkin mediasiya sessiyasından sonra proses davam etdirilə bilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Quba-Xaçmaz Regional Təhsil İdarəsi yanında Quba şəhəri, Hacıbaba Əliyev adına 1 nömrəli tam orta məktəbinin xx.xx.2022-ci il tarixli, 22 nömrəli arayışından görünür ki, tərəflərin birgə nikahından anadan olmuş X7 və X6 həmin məktəbin İ-İV siniflərində təhsil alırlar. İş materiallarında Sumqayıt şəhər Məhkəməsinin 2(027)-59/2011 saylı 19 aprel 2011-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh Bəylər oğlundan xx.xx.2005-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü Ağasiyev Əli və xx.xx.2009-cu il təvəllüdlü Ağasiyeva Zəhra adlı əkiz uşaqların yetkinlik yaşına çatana kimi qədər saxlanması üçün 08 aprel 2011-ci il tarixdən başlayaraq hər ay hər uşağa 50 manat olmaqla, ümumilikdə 150 manat sabit pul məbləğində aliment tutularaq X2 veriməsi qət edilmişdir. Məhkəmə tərəflərin izahatlarından və işdəki digər sübutlardan müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh 29 fevral 2012-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə evlənib ailə qurmuşlar, birgə nikahlarından 25 yanvar 2013-cü il tarixdə X6 və 19 may 2016-cı il tarixdə X7 adlı iki uşaqları doğulmuşdur. Tərəflər faktiki olaraq ayrı yaşayırlar və tərəflərin birgə nikahlarından doğulmuş uşaqları anasının himayəsindədir. Tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment ödənilməsi barədə saziş bağlanmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cu maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. İddiaçı, cavabdehin işləyərək yüksək qazanc əldə etməsi və bununla da tələb etdiyi alimentin miqdarının hər uşaq üçün 250 manat olmaqla iki uşaq üçün hər ay 500 manat miqdarında təyin olunmasının əsaslı olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, işdəki sübutlara əsasən cavabdehin qazancı (gəliri) müəyyən edilmədiyindən, uşağların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurəti nəzərə alınaraq, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağların saxlanması üçün aliment sabit pul məbləğində tutulmalıdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin birgə nikahından 25 yanvar 2013-cü il tarixdə doğulmuş X6 və 19 may 2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər uşağa görə ayda 150 manat olmaqla, iki uşağa görə hər ay 300 manat sabit pul məbləğində alimentin tutulması, uşağların saxlanmasının iddiaçı və cavabdehin vəzifəsi olması zəminində onların mənafeləri, həmçinin uşağın mənafeyi ilə aliment ödəyəcək cavabdehin mənafeyi arasında ədalətli tarazlıq yaradacaqdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş faktiki hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh oğunun birgə nikahından 25 yanvar 2013-cü il tarixdə doğulmuş X6 və 19 may 2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 15 dekabr 2022-ci il tarixdən Cavabdeh hər uşağa görə ayda 150 (bir yüz əlli) manat olmaqla, iki uşağa görə hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh 56 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X11” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun. İddiaçı ilə Cavabdeh oğunun birgə nikahından 25 yanvar 2013-cü il tarixdə doğulmuş X6 və 19 may 2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 15 dekabr 2022-ci il tarixdən Cavabdeh hər uşağa görə ayda 150 (bir yüz əlli) manat olmaqla, iki uşağa görə hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 56 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-390/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-390/2023
26.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver