Məhkəmə qərarları › İş №2(027)-402/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-402/2024

06.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-402/2024 06.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş 15 noyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2010-cu ildə el-adəti üzrə ailə qurmuşlar. Birgə münasibətdən 15 noyabr 2011-ci il təvəllüdlü X3 doğulmuşdur. Cavabdehlə münasibəti ilk vaxtlardan yaxşı olmamış, zaman keçdikcə daha da pisləşmişdir. Belə ki, Cavabdeh 2013-cü ildən 2021-ci ilə kimi 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Həmin vaxtdan o qızı ilə birlikdə valideynlərinin yanında yaşayır. Cavabdeh azadlığa çıxdıqdan sonra da nə onunla, nə də qızı ilə maraqlanmamış, ehtiyaclarını qarşılamamışdır. Qızı məktəblidir, ehtiyacları günü-gündən artır. O qızının ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Onun kimi övladı saxlamaq, ehtiyaclarını qarşılamaq cavabdehin də borcudur. İlkin olaraq məhkəmədən kənar qaydada məsələnin həll olunması üçün mediasiyaya müraciət etsə də, Cavabdeh mediasiyanın keçirilməsi ilə bağlı görüşə gəlmədiyi üçün 30 noyabr 2023-ci il tarixdə X2 iştirak edilməməsi barədə arayış verilmişdir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir . Cavabdeh məhkəməyə ərizə göndərərək bildirmişdir ki, hazırda Abşeron rayonu, Göradil bələdiyyəsində işləyir və iş yerindən arayışdan göründüyü kimi əmək haqqı 360 manat, ələ alınan məbləğ isə 325 manatdır. Aldığı əmək haqqına münasibətdə bir uşağın saxlanması üçün alimentin qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilməsinə etiraz etmir. Məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin ərizəsini nəzərə alaraq, işdə olan sənədləri araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında AZ-T 045771 seriyalı “Doğum haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, 15 noyabr 2011-ci il təvəllüdlü X3 doğulmuş, atası- Cavabdeh, anası- İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan X2 iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞQ-MT-027- 2023-001832 saylı arayışına əsasən, Cavabdeh aliment tələbinə X2 iştirak etməmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilən Azərbaycan Respublikası Abşeron rayonu, Göradil bələdiyyəsinin 26 dekabr 2023-cü il arayışından görünür ki, Cavabdeh bələdiyyənin mütəxəssis vəzifəsində işləyir, aylıq əmək haqqı 360 (üç yüz altımış) manatdır. (ələ alınan məbləğ 325.40 manat təşkil edir.) Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər rəsmi nikah bağlamadan ailə qurmuş, birgə münasibətlərindən 15 noyabr 2011-ci il təvəllüdlü X3 anadan olmuşdur. Hal-hazırda ayrı yaşayırlar və iddiaçı işləmədiyini, uşağın maddi təminatlarını ödəməyə çətinlik çəkdiyini qeyd edərək cavabdehdən uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün bir uşağa görə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh könüllü şəkildə birgə münasibətdən olan uşağın saxlanması üçün maddi yardım göstərmədiyindən, iddiaçı aliment təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, aliment ödəmək öhdəliyi daşıyan valideyn qismində çıxış edən cavabdehin aylıq müntəzəm əmək haqqı aldığı müəyyən edilmişdir. Lakin həmin məbləğin ¼ (dördə bir) hissəsi kimi tutulacaq aliment, uşaq üçün müəyyən olunmuş yaşayış minimumu məbləğindən az olduğundan, cavabdehdən tutulacaq aliment hər ay qazancının ¼ (dördə bir) hissəsi miqdarında olmaqla, həmçinin tutulacaq alimentə nisbətdə qalıq məbləğ sabit pul məbləğində müəyyən edilməlidir. Belə ki, Cavabdeh bir uşağa görə xx.xx.2023-cü il tarixdən başalayaraq hər ay qazancının ¼ (dördə bir) hissəsi miqdarında və bir uşaq üçün 200 (iki yüz) manata alimentə nisbətdə qalıq məbləğ 118 (yüz on səkkiz) manat 75 (yetmiş beş) qəpik sabit pul məbləğində olmaqla, cəmi 200 (iki yüz) manat aliment tutularaq müəyyən edilməsi ağlabatan hesab edilir. Məhkəmə qeyd edilən nəticəyə gələrkən uşağın taminatının qarşılanması öhdəliyinin valideynlərin hər ikisinə aid olmasını nəzərə almışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İddia ərizəsilə xx.xx.2023-cü ildə müraciət edildiyindən, aliment həmin tarixdən etibarən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmçinin, qeyd olunan Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu halda, məhkəmə iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu,həmçinin qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ödənilməli olan 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 15 noyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başalayaraq hər ay 1 uşağa görə qazancının ¼ (dördə bir) hissəsi miqdarında və 200 (iki yüz) manat alimentə nisbətdə qalıq məbləği təşkil edən 118 (yüz on səkkiz) manat 75 (yetmiş beş) qəpik sabit pul məbləğində olmaqla, cəmi 200 (iki yüz) manat aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilməli olan 44 (qırx dörd) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar