Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-453/2023 15.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə 06 yanvar 2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş 28 oktyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 300 (üç yüz) manat məbləğində alimentin və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2015-cı il tarixdə el-adəti üzrə ailə qurmuşlar. Nikahı 14 sentyabr 2016-cı il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan 28 oktyabr 2016-ci il tarixdə X6 doğulmuşdur. İlk vaxtlar münasibətləri yaxşı olmuş, 2022-ci ilin əvvəllərindən etibarən cavabdeh ona xəyanət etmişdir. 30 oktyabr 2022-ci il tarixdən cavabdeh evdən çıxıb getmişdir. Cavabdeh çıxıb getdiyi gündən bugünədək onunla maraqlanmır, onun və uşağının xərclərini qarşılamır. O, oğlunu valideynlərinin köməkliyi ilə saxlayır. Oğlu məktəblidir, ehtiyacları günü-gündən artır. Oğlunun ehtiyyaclarını qarşılamaqda çətinlik çəkir. Uşağını saxlamaq, ehtiyyaclarını qarşılamaq cavabdehin də borcudur. İlkin olaraq məhkəmədən kənar qaydada məsələnin həll olunması üçün mediasiyaya müraciət etsə də, Cavabdeh mediasiyanın keçirilməsi ilə bağlı görüşə gəlmədiyi üçün 21 dekabr 2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunması xahiş etdi. İş üzrə Cavabdeh 24 yanvar 2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, minimum məbləğdə alimentin təyin edilməsini və ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Növbəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: AZ-İİ 153771 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah xx.xx.2016-cı il tarixdə bağlanmışdır. Nikah bağlanbandan sonra X2 “Məmmədova” soyadı verilmişdir. AZ-İİİ 852857 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 28 oktyabr 2016-cı il tarixdə İddiaçı ilə Cavabdeh birgə nikahından doğulmuşdur; Quba şəhər 2 nömrəli məktəb-liseyin xx.xx.2022-ci il tarixli 2200 saylı arayışından görünür ki, X1 şəhər 2 nömrəli məktəb-liseyin 1-ci sinifində oxuyur. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının X3 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə nikahından olan 28 oktyabr 2016-ci il təvəllüdlü X6 hazırda anası, yəni iddiaçının himayəsindədir. İddiaçı tərəf uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirərək, cavabdehdən aliment tutulmasını xahiş etmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir və uşağa görə hər ay aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. İddia tələbinin aliment hissəsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, tərəflərin yetkinlik yaşına çatmayan uşağı 28 oktyabr 2016-ci il təvəllüdlü X6 hazırda anasının himayəsində qalır. Məhkəmə cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair iddiaçının sübut təqdim etmədiyi, digər tərəfdən yetkinlik yaşına çatmayan uşağın mənafeyini, normal qida rasionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, iddiaçının uşağın saxlanmasında çətinlik çəkməsini əsas tutaraq belə nəticəyə gəlir ki, cavabdehdən uşağa görə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulması göstərilən halların məcmusu baxımından ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 06 yanvar 2023-cü il tarixdə təqdim edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş 28 oktyabr 2016-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün, 06 yanvar 2023-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı mediasiya seansının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. Odur ki, qeyd edilən 50 (əlli) manat məbləğində mediasiya xərci əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırki iş üzrə iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçıların dövlət rüsumunu ödəməkdən azad olunduğu nəzərə alınaraq Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutulmalıdır. Müəyyən edilmiş aliment məbləği 200 (iki yüz) manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə 200 (iki yüz) manat məbləğində alimentin müəyyən edildiyi nəzərə alınmaqla, bir il ərzində ödəmənin məcmusu 2400 manat (12 ay × 200 manat = 2400 manat) təşkil edir. Bu halda rüsum “Dövlət rüsumu” haqqında Qanunun 8.1.2-ci maddəsinə (30 manat + 1000 manatdan yuxarı olan hissənin 1%-i, yəni 1400 manat × 1% = 14 manat) təşkil edir. Beləliklə, cəmi 44 (qırx dörd) manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından doğulmuş 28 oktyabr 2016-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün, 06 yanvar 2023-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş mediasiya xərci əvəzi 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilsin. Aliment tələbi ilə bağlı ödənilməsi müəyyən edilmiş 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-453/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-453/2023
15.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver