Məhkəmə qərarları › İş №2(027)-462/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-462/2021

11.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-462/2021 11.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona dəymiş 15000 (on beş min) manat maddi və 30000 (otuz min) manat miqdarında mənəvi zərərin, dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pulun müştərək qaydada alınaraq ona verilməsi barədə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona və atası Binəli Tosoyevə qarşı qərəzli şəkildə onlara şər-böhtan ataraq, xüsusi ittiham qaydasında məhkəməyə şikayət verərək onu, atası Binəli Tosoyevi və Sakit Sultanovu cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişlər. Sonuncuların şikayəti əsasında Quba Rayon Məhkəməsində araşdırma aparılmışdır. Belə ki, cavabdehlər onun şərəf və ləyaqətini alçaldan həqiqətə uyğun olmayan məlumatların yayılmasında ibarət olan hərəkətlərə yol vermişlər. Cavabdehlərin bu hərəkətləri nəticəsində o, əsəb xəstəliyinə tutulmuş və əmək qabiliyyətini itirmişdir. Nəticədə ona maddi və mənəvi zərər dəymişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirmişdir ki, cavabdehlər onu və atasını şərləyərək barələrində şikayət etmişlər. Bunun nəticəsində o, mənəvi izdirablar keçirmiş və xəstəliyə tutulmuşdur. Həmçinin o, əvvəl sahibkar kimi fəaliyyət göstərmiş, 800 (səkkiz yüz) manat əmək haqqı almışdır. Sonradan keçirdiyi sarsıntı nəticəsində fəaliyyətini dayandırmaq məcburiyyində qalmışdır. Bununla da, cavabdehlər ona maddi ziyan vurmuşlar. Ona görə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, bildirdi ki, o, iddiaçı ilə gərəzli olduğu üçün deyil, öz haqqını tələb emək üçün məhkəməyə müraciətlər etmişdir. İddiaçı tərəf kənd əhalisinin arasında onun və Cavabdeh2 barəsində həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə, onlar məcburiyyətdən şikayət etmişlər. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, bildirdi ki, iddiaçı ilə cavabdehin ümumiyyətlə heç bir düşmənçiliyi olmamışdır. Belə ki, İddiaçı atası Binəli Tosoyevlə digər Cavabdeh1 atası birlikdə qəzaya düşdükləri üçün sonradan onların münasibətləri pozulmuşdur. Lakin onun heç biri ilə ədavət və düşmənçiliyi yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı Quba rayonu, Timiryazev qəsəbəsində yaşayır; Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(027)-128/2020 saylı qərarından görünür ki, İddiaçı, X3 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair Cavabdeh1 və Cavabdeh2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilmişdir; xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X4 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X4 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə ilk olaraq izah edir ki, şərəf və ləyaqət oxşar anlayışlar olsalar da, birbirindən ayrılmalıdır. Şərəf – şəxsə kənardan verilən qiymət olduğu halda, ləyaqət onun özünün özünə verdiyi qiymətdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən onun şərəf və ləyaqətinin ləkələnməsini qeyd etsə də, sonuncunun bunu hansı üsullarla etməsi və nədə ifadə olunmasını əsaslandırmamışdır. Belə ki, məhkəmə hesab edir ki, şəfər – şəxsə kənardan verilən qiymət, ləyaqət isə özünün ona verildiyi qiymət olduğu üçün iddiaçı tərəfindən məhz ona verilən qiymətin ləkələnməsi əsaslandırılmalı və sübut edilməlidir. Hazırki iş üzrə iddiaçı iddia tələbində şərəf və ləyaqətinin ləkələnməsini bildirsə də, yalnız cavabdehlərin onun barəsində məhkəməyə xüsusi ittiham qaydasında şikayət etmələrini, bununla da ona mənfi təsir etmələrini göstərmişdir. Halbuki, iş materiallaından da göründüyü kimi, cavabdehlər öz pozulmuş hüquqlarnın bərpası məqsədilə qanunla nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etmişlər, bununla belə həmin şikayətə mahiyyəti üzrə baxılmamış və məhkəmənin müvafiq əsaslandırıcı qərarı ilə məhkəmə baxışının keçirilməsindən imtina edilmişdir. İddiaçı hu halı onun şərəf və ləyaqətini alçaldan hal kimi qiymətləndirmiş, lakin cavabdehlərin konkret olaraq ona necə ziyan yetirdiyini nə iddia ərizəsində, nə də ki, məhkəmə iclasında verilən izahatda konkretləşdirilməmiş və açıqlanmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının müalicə alması, sonuncuya cavabdehlərin hərəkətləri nəticəsində zərər dəyməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə iddiaçının mənəvi ziyana görə pul tələbini də əsassız hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №-li Qərarında izah olunmuşdur ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» xx.xx.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 15000 (on beş min) manat maddi və 30000 (otuz min) manat miqdarında mənəvi zərərin tutulmasına dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edildiyindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar