Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-463/2021 16.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh-nin rəhbəri X1 və onun nümayəndəsi vəkil X3 iştirakı ilə, İddiaçı cavabdeh «Cavabdeh” MMC-yə qarşı “alğı-satqı müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh-nin cavabdeh İddiaçı qarşı “alğı-satqı müqaviləsinə əsasən borc pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxx” LTD MMC ilə aralarında bağlanmış xx xxxx 2020-ci il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi və ödədiyi 16700 manat məbləğində pulun cavabdeh “xxxx” LTD MMC-dən alınıb ona verilməsi və ödənilmiş 30 manat dövlət rüsumunu da cavabdeh “xxxx” LTD MMC-yə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxx 2020-ci ildə cavabdeh “xxxx” LTD MMC ilə aralarında alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən qiyməti 21000 manat olan 1 ədəd CATMANN XD-65 markalı mini traktor (65 at gücü), qiyməti 2100 manat olan 1 ədəd otbiçən 1.65 m və qiyməti 550 manat olan 1 ədəd üç korpuslu kotan cavabdeh tərəfindən ona təhvil verilməli idi. Müqaviləyə əsasən malın ümümi qiyməti 23650 manat məbləğində müəyyən edilmişdir. Lakin aralarında olan müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən həmin mallar ona təhvil verilməmişdir. Bundan sonra cavabdeh tərəfindən elə həmin tarixli müqavilə ilə ona qiyməti 20500 manat olan 1 ədəd CATMANN XD-50,4 LUX markalı mini tarktor, qiyməti 2100 manat olan 1 ədəd otbiçən 1.65m və qiyməti 550 manat olan 1 ədəd üç korpuslu kotan təklif olunmuşdur. Malın ümümi qiyməti 23150 manat məbləğində müəyyən edilmişdir. Lakin həmin müqavilədə qeyd olunan mallar da cavabdeh tərəfindən ona təhvil verilməmişdir. Bundan sonra ona elə həmin tarixli müqavilə ilə qiyməti 20500 manat olan 1 ədəd CATMANN XD-50,4 LUX markalı mini tarktor, qiyməti 2100 manat olan 1 ədəd Fırlanan otbiçən W:RAX 1.65m, qiyməti 550 manat olan 1 ədəd üç korpuslu kotan CATMANN P3 və qiyməti 1200 manat olan 1 ədəd Torpaq frezi 1.4 m Urales təklif olunmuşdur. O, yenə də çarəsiz qalıb Cavabdeh ilə müqavilə bağlamağa razılıq vermişdir. Malın ümümi qiyməti 24350 manat məbləğində müəyyən edilmişdir. Müqavilə bağlandığı gündən 3 gün ərzində malın ümumi dəyərindən 16700 manat pulu Cavabdeh-nin bank hesabına köçürmüşdür. Lakin ona satılan həmin mallar keyfiyyətsiz olmuşdur. Belə ki, baxış keçirilən zaman məlum olmuşdur ki, həmin malların sənədləri ona təhvil verilməyib. Həmçinin traktorun arxa surət qutusunda traktor işləyən zaman daima sürtünmə səsi gəlir. Yanacaq çəni 20 litrdir. Surət qutusu isə 4 ədəd yüksək, 4 ədəd alçaqdır. Üç korpuslu kotanın üzərində heç bir istehsalçı ölkənin adı yazılmadığına görə dövlət tərəfindən qeydiyyata alınmayıb. Torpağa vurulan zaman əyilmiş formada, ikinci dəfə dəyişdirilib gətirilən torpaq frezi 2018-ci ildə istehsal olunub. Halbuki ona 2020-ci ildə istehsal olunan torpaq frezi verilməli idi. Həmçinin ot biçənin üzərində heç birinin bir ədəd də olsun yağlama yeri aşkar olunmamışdır. Bir sözlə ona müqavilə üzrə satılan mallar keyfiyyətsiz olmuşdur. Cavabdeh-nin nümayəndəsi vəkil X6 xx.xx.2021-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı onlara qarşı olan 16.700 manat pul tələbinə dair ilkin iddia ərizəsinin rədd edilməsi, onların qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 7650 manat məbləğində borcun alınıb onlara verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı onlara qarşı irəli sürdüyü iddia tələbi ilə razılaşmırlar. Belə ki, cavabdeh İddiaçı ilə aramızda bağlanmış 16 saylı müqaviləyə əsasən onların şirkəti ona 4 adda texnika satmışdır. Satılan texnikanın siyahısı və qiymətləri iddia ərizəsinə əlavə olunur. Cavabdehə satdıqları cəmi malın dəyəri 24.350 (iyirmi dörd min üç yüz əlli) manat təşkil edir. İddiaçının iddia ərizəsində göstərdiyi dəlillər əsaslı deyil, şəxsi mülahizələrə əsaslanır. Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onlara borclu qaldığı 7650 manat borcunu ödəməməsi üçün məhkəməyə uydurma iddia ərizəsi ilə müraciət edərək, ödədiyi pulu onlardan haqsız olaraq tələb edir. Qalıq borcu müqaviləyə əsasən Aqrar Kredit İnkişaf Agentliyi ödəməli idi və bu Dövlətin fermerlərə göstərdiyi köməyin və güzəştin nümunəsidir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Aqrar Kredit İnkişaf Agentliyi qeyd edilən 7650 manat pulu onların şirkətinin hesabına ödəmək istəyərkən cavabdeh buna maneəçilik yaratmış, borcun ödənilməməsini tələb etmiş və bildirmişdir ki, o, texnkadan narazıdır və məhkəməyə müraciət edərək pulunu geri tələb edəcəkdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onlardan aldığı texnikanı və onun köməkçi vasitələrini uzun müddət istifadə etmiş və o müqaviləyə əsasən hal-hazırki, vəziyyətdə pulu onlardan tələb edə bilməz. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi rədd edilməli və onların cavabdehə qarşı olan pul tələbinə dair qarşılıqlı iddia ərizələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh-nin rəhbəri X2 və onun nümayəndəsi vəkil X6 ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək, ilkin iddia tələbinin təmin ediməməsini və qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmiş, nümayəndəsini məhkəməyə göndərməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh-nin rəhbərini və nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia iddia təmin edilməməli və qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 21000 manat olan 1 ədəd CATMANN XD-65 markalı mini traktor (65 at gücü), qiyməti 2100 manat olan 1 ədəd otbiçən 1.65 m və qiyməti 550 manat olan 1 ədəd üç korpuslu kotandan ibarət malı Cavabdeh-dən almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı 20500 manat olan 1 ədəd CATMANN XD-50,4 LUX markalı mini tarktor, qiyməti 2100 manat olan 1 ədəd Fırlanan otbiçən W:RAX 1.65m, qiyməti 550 manat olan 1 ədəd üç korpuslu kotan CATMANN P3 və qiyməti 1200 manat olan 1 ədəd Torpaq frezi 1.4 m Urales olmaqla ümumilikdə 24350 manat dəyərində Cavabdeh-dən mal almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə Xaspolad-oba kənd bələdiyyəsinin sədri Eyyub Abdulrəhmanovun, Xaspolad-oba kənd bələdiyyəsinin vergi müfəttişi X5 və Xaspolad-oba kənd bələdiyyəsinin Bəbəli kənd sakini İddiaçı iştirakları ilə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş aktdan görünür ki,xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən xx.xx.2020-ci il tarixdə İddiaçı verilən CARMANN-XD-50.4-lux markalı mini traktoru, WİRAX markalı 1,65 m ot biçən, üç korpuslu kotan, 1.4 m Urales markalı torpaq frezi aqreqatlarına baxış keçirildi. Baxış zamanı onların istifadə kitabçalarının heç birinin verilmədiyi, traktorun arxa sürət qutusundan traktor işləyən zaman daima sürtünmə səsi gəldiyi, yanacaq çəni 20lt olduğu, sürət qutusu 4 ədəd yüksək, 4 ədəd alçaq olduğu, üç korpuslu kotanın üzərində heç bir istehsalçı ölkənin adı yazılmadığına görə dövlət qeydiyyatına alınmadığı,torpağa vurulan zaman əyilmiş formada, ikinci dəfə dəyişdirilib gətirilən torpaq frezi 2018-ci ildə istehsal olunan və ot biçənin üzərində heç birinin bir ədəd olsun bağlama yerinin aşkar olunmadığı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli müqaviləyə və xx.xx.2020-ci il tarixli sertifikatdan görünür ki, “Ketman Grup” ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh-yə satılmış mallar satıcı tərəfindən sertifikatlaşdırılmış və idxal olunan mallar dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan gömrük bəyannəməsindən görünür ki, Cavabdeh” MMC-yə idxal olunan mallar dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan sığorta şəhadətnaməsindən görünür ki, İddiaçı Cavabdeh tərəfindən satılmış mallar “xxxx” MMC tərəfindən sığortalanmışdır. İş materiallarından göründüyü kimi ilkin iddia üzrə Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı alğı-satqı müqaviləsi əsasında ümumi dəyəri 24.350 manat məbləğində kənd təsərrüfat mallarının istehsalı üçün texnika satmışdır. İddiaçı 24.350 manat məbləğində puldan 16700 manatını ödəmiş, qalan 7650 manatını isə ödəməmişdir. İddiaçı hazırda məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “xxxx” LTD MMC ilə aralarında bağlanmış xx xxxx 2020-ci il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi və ödədiyi 16700 manat məbləğində pulun cavabdeh “xxxx” LTD MMC-dən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Lakin, iş materiallarından da görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsinə heç bir əsas yoxdur. Çünki, iddaçı İddiaçı cavabdeh tərəfdən alğı-satqı müqaviləsi əsasında aldığı malların keyfiyyətsiz olduğundan həmin alğı-satqı müqaviləsinin ləğv edilməsini xahiş edir. Lakin, iş üzrə təqdim edilmiş sübutlarla, cavabdeh tərəfin iddiaçıya satdığı malların keyfiyyətinin ölçülməsi məqsədi ilə malların ölkəyə idxalı zaman sertifikatının olması və həmin malların “xxxx” MMC tərəfindən sığortalanması müəyyən edilmişdir. İddiaçı isə alğısatqı müqaviləsinin ləğv edilməsi və cavabdeh tərəfindən ona satılmış mallarının keyfiyyətsizliyi barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. (581.1-ci maddə). Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. (581.2-ci maddə). Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. (581.3-ci maddə). Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. (581.4-cü maddə) Həmin Məcəllənin 587.5-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Digər tərəfdən isə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı onlara qarşı olan 16.700 manat pul tələbinə dair ilkin iddia ərizəsinin rədd edilməsi, onların qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 7650 manat məbləğində borcun alınıb onlara verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı, qarşılıqlı iddia ərizəsinin əsaslı olması, xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi əsasında ümumi dəyəri 24.350 manat məbləğində kənd təsərrüfat mallarının istehsalı üçün texnikanın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğluna satıldığı, cavabdeh İddiaçı 24.350 manat məbləğində puldan 16700 manatını satıcı tərəfə ödədiyi və 7650 manat məbləğində pulu ödəmədiyi iş materialları və İddiaçı ilkin iddia ərizəsində etirafı ilə sübuta yetirilmişdir. Ona görə də, qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda tərəflər arasında müqavilə bağlanmışsa, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir (maddə 600). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alğı–satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbi təmin edilə bilməz. Cavabdeh-nin qarşılıqlı iddiası təmin edilməli, cavabdeh İddiaçı 7650 manat məbləğində pul alınıb Cavabdeh-yə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «Cavabdeh” MMC-yə qarşı “alğı-satqı müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair iddiası təmin edilməsin. Cavabdeh-nin qarşılıqlı iddiası təmin edilsin. Cavabdeh İddiaçı 7650 manat məbləğində pul alınıb Cavabdeh-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-463/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-463/2021
16.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver