Məhkəmə qərarları › İş №2(027)-484/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-484/2024

05.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-484/2024 05.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Ağakərim oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Ağakərim oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Ağakərim oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ağakərim oğlu ilə birgə nikahdan 06 sentyabr 2008-ci ildə anadan olmuş X4 və 18 avqust 2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa 235 manat olmaqla, ümumilikdə hər ay 470 manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh Ağakərim oğlundan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Ağakərim oğlu ilə 27 avqust 2006-cı il tarixində rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan iki uşağı - 06 sentyabr 2008-ci il təvəllüdlü X7 və 18 avqust 2011-ci il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdehlə xasiyyəti uyğun gəlmədiyinə görə ailə münasibətləri pozulmuş və ayrılmışlar. Uşaqları cavabdehlə ayrıldığı vaxtdan hazıradək onun himayəsindədir, onları təkbaşına saxlayır və kirayə evdə yaşayır. Cavabdeh uşaqların saxlanilmasında ona köməklik göstərmir, halbuki onun yaxşı qazancı vardır. Alimentin ödənilməsi barədə onunla heç bir razılığı gələ bilmir. Qanunvericiliyə uyğun olaraq qarşı tərəfə təkliflə və mediasiya təşkilatına mediasiya müraciəti ilə miiaciət etmiş, müvafiq protokol və arayışı iddia ərizəsinə əlavə etmişdir. İddiaçı məhkəmə iclasında ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir, əlavə olaraq qeyd etmişdir ki, o uşaqlara təkbaşına baxır, maddi təlabatlarını ödəməkdə çətinlik çəkir, cavabdehin bağ sahəsi var. Düşünür ki, oonun hər uşağa 200 manat ödəmək imkanı olar. Cavabdeh Ağakərim oğlu məhkəmə iclasında izahatında bildirmişdir ki, onlar təxminən 2-3 aydır ayrı yaşayırlar. İddiaçı uşaqlarla Bakı şəhərində yaşayır. Uşaqlar sonuncu dəfə dekabr ayının 5-də gəllib, 2 gün sonra getmişlər. Bəzən uşaqları ilə əlaqə saxlayır və görüntülü danışır. Quba rayon Suvarma Sistemləri idarəsində nizamlayıcı vəzifəsində işləyir. Arayışda əmək haqqı 406 manat göstərildiyinə baxmayaraq, tutmalar çıxıldıqdan sonra o 365 manat məbləğində əmək haqqı alır və bu barədə məhkəməyə arayış taqdim etmişdir. O tələb olunan məbləğdə aliment vermək iqtidarında deyil, hər uşağa 170 manat aliment verə bilər və iddianı bu məbləğdə müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 261791 seriyalı “Nikah haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, Vəlixanov X1 Reyhanə Rauf qızı ilə 27 avqust 2007-ci il tarixdə Quba rayon İHB-nın Hacıhüseynli İƏV üzrə nümayəndəliyində nikaha daxil olmuş, bu barədə akt qeydləri kitabında 35 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra qadına “Vəlixanova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ 573160 seriyalı “Doğum haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, 06 sentyabr 2008-ci il təvəllüdlü X7 doğulmuş, atası- Cavabdeh Ağakərim oğlu, anası- İddiaçı Rauf qızı qeyd olunmuşdur. İş materiallarında olan AZ-İİ 718918 seriyalı “Doğum haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, 18 avqust 2011-ci il təvəllüdlü X5 doğulmuş, atası- Cavabdeh Ağakərim oğlu, anası- İddiaçı Rauf qızı qeyd olunmuşdur. İş materiallarında olan X3 sonra prossesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞQ-MT-027-2023-001809 saylı arayışına əsasən, Cavabdeh Ağakərim oğlu ilkin mediasiya sessiyasında aliment tələbinə etiraz etmiş və növbəti mediasiya prossesinin həyata keçirilməsindən imtina etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan Azərbaycan Respublikası və Su təsərrüfatı ASC Quba rayon Suvarma Sistemləri idarəsinin 14 noyabr 2023-cü il arayışından görünür ki, Cavabdeh Ağakərim oğlu nizamlayıcı işində işləyir, aylıq əmək haqqı 406 (dörd yüz altı) manatdır. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında rəsmi nikah bağlanılmış, birgə nikahdan 06 sentyabr 2008-ci il təvəllüdlü X7 və 18 avqust 2011-ci il təvəllüdlü X5 anadan olmuşdur. Rəsmi nikahları olsa da, ayrı yaşayırlar və iddiaçı işləmədiyini, uşaqların maddi təminatlarını ödəməyə çətinlik çəkdiyini qeyd edərək cavabdehdən uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh könüllü şəkildə birgə nikahdan olan uşaqların saxlanması üçün maddi yardım göstərmədiyindən, iddiaçı aliment təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, aliment ödəmək öhdəliyi daşıyan valideyn qismində çıxış edən cavabdehin aylıq müntəzəm əmək haqqı aldığı müəyyən edilmişdir. Lakin həmin məbləğin 1/3 hissəsi kimi tutulacaq aliment, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğindən az olduğundan, cavabdehdən tutulacaq aliment hər ay qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında olmaqla, həmçinin tutulacaq alimentə nisbətdə qalıq məbləğ sabit pul məbləğində müəyyən edilməlidir. Belə ki, Cavabdeh Ağakərim oğlundan iki uşağa görə xx.xx.2023cü il tarixdən başalayaraq hər ay qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında və hər uşaq üçün 190 (yüz doxsan) manata alimentə nisbətdə qalıq məbləğ 259 manat sabit pul məbləğində olmaqla, cəmi 380 (üç yüz səksən) manat aliment tutularaq müəyyən edilməsini ağlabatan hesab edilir. Məhkəmə qeyd edilən nəticəyə gələrkən uşağın taminatının qarşılanması öhdəliyinin valideynlərin hər ikisinə aid olmasını nəzərə almışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İddia ərizəsilə xx.xx.2023-cü ildə müraciət edildiyindən, aliment həmin tarixdən etibarən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmçinin, qeyd olunan Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu halda, məhkəmə iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu,həmçinin qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ödənilməli olan 65 (altımış beş) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Ağakərim oğlundan 06 sentyabr 2008-ci il təvəllüdlü X4 və 18 avqust 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başalayaraq hər ay 2 uşağa görə qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında və hər uşaq üçün 190 (yüz doxsan) manat alimentə nisbətdə qalıq məbləği təşkil edən 259 (iki yüz əlli doqquz) manat sabit pul məbləğində olmaqla, cəmi 380 (üç yüz səksən) manat aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilməli olan 65 (altımış beş) manat dövlət rüsumu Cavabdeh Ağakərim oğlundan alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar