Məhkəmə qərarları › İş №2(027)-500/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-500/2021

25.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-500/2021 25.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə münasibətindən xx.xx.2011-ci il tarixdə doğulmuş X1 və xx xxxx 2013-cü ü tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 170 manat olmaqla, iki uşaq üçün cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, göstərdiki, Cavabdehla el adəti üzrə evlənərək ailə həyatı qurub, nikahlarını isə xx.xx.2011-d il tarixdə rəsmiləşdiriblər. Birgə nikahdan xx xxxxxx 2011-ci il tarixdə X1 və xx xxxx 2013-cü il tarixdə X3 adlı uşağları doğulub, uşaqlar onun himayəsindədir. Cavabdehla bir müddət ər-arvad olaraq mehriban yaşayıb, sonradan cavabdeh Rusiya Federasiyasma çıxıb gedib, onun gedişindən sonra qaynatası, qaynanası onu yola verməyiblər. 2020-ci ilin may ayında qaynatası və qaynanası tərəfindən döyülərək, küçəyə atılıb, hal-hazırda iki azyaşlı övladıyla ata evində yaşayır. Cavabdeh Rusiyanın şəhərlərində ticarətlə məşğul olaraq külli miqdarda pul qazanır,lakin azyaşlı uşaqları ilə maraqlanmır, onların saxlanması üçün maddi yardım göstərmir. Özü isə heç bir yerdə işləmir, uşaqlarını valideynlərinin aldığı pensiya ilə dolandırır. Bir ata kimi uşaqlarını saxlamaq onun da borcudur və ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Göstərilənləri nəzərə alaraq, Cavabdeh ilə birgə münasibətindən xx.xx.2011-ci il tarixdə doğulmuş X1 və xx xxxx 2013-cü ü tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 170 manat olmaqla iki uşaq üçün cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mülki iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2021- ci il tarixli arayışından görünürki, X1 xx.xx.2011-ci il tarixdə Quba şəhərində doğulmuş, xx.xx.2011-ci ildə 1952 nömrə ilə qeydiyyata salınmış, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Quba rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2021- ci il tarixli arayışından görünürki, X3 xx.xx.2013-cü il tarixdə Quba şəhərində doğulmuş, xx.xx.2013-cü ildə 54 nömrə ilə qeydiyyata salınmış, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Quba rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2021- ci il tarixli arayışından görünürki, İddiaçı ilə X3 arasında xx.xx.2011-ci ildə nikah bağlanmış, 44 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Quba rayon İHB-nın Zərqava kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 473 nömrəli arayışdan görünürki, İddiaçı Vəl-Vələ kəndində qeydiyyatda olmaqla, hal-hazırda Zərqava kəndində yaşayır. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Vəl-Vələ kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 11658474 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 xx.xx.2011-ci il tarixdə Quba şəhərində doğulmuş. Vəl-Vələ kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 11658475 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2013-cü il tarixdə Quba şəhərində doğulmuş, Vəl-Vələ kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ-ci bəndinin tələblərinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olması, digər tərəfdən, iddiaçının uşağların saxlanmasında çətinlik çəkməsi nəzərə alınaraq, məhkəməyə müraciət olunan xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2011 -ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 150 manat olmaqla, iki uşağa görə 300 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 150 manat olmaqla, iki uşağa görə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar