Məhkəmə qərarları › İş №2(027)-568/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-568/2021

10.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-568/2021 10.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx xxxxxxxx 2018-ci il təvəllüdlü X2 və xx xxxxxx 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmədə iddia ərizəsini müdafiə edərək bildirdiki, Cavabdeh ilə xx xxxxxxx 2011-ci il tarixdə Quba RİHB-nın Alekseyevka İƏD üzrə icra nümayəndəliyində rəsmi qeyd etdirməklə evlənib ailə qurub və nikahın bağlanması haqqında akt qeydləri kitabında 28 nömrə ilə qeydə alınmışdır. Cavabdeh ilə birgə nikahdan xx xxxxxxxx 2018-ci il təvəllüdlü Uğur və xx xxxxxx 2020-ci il təvəllüdlü Zəhra doğulub. Cavabdeh ilə ailə qurduğu ilk günlərdən münasibətləri normal olsada, son zamanlar cavabdehin ona qarşı münasibəti dəyişib, onunla kobud rəftar edir, ailənin maddi dolanışığı ilə maraqlanmır, ona və uşaqlarına qarşı soyuq münasibət bəsləyir, evdə səbəbsiz mübahisələr yaradır, onunla yola getmir, evə gecə saatlarında gələrək, uşaqların gözü qarşısında ona fiziki güc tətbiq edir, hətta üstünə bir neçə dəfə bıçaq çəkərək onu hədələyib, xoşagəlməz sözlərlə söyüb təhqir edir, ləyaqətini alçaldır. Cavabdeh hər gün səhər evdən çıxır, gecə gec saatlarda evə gəlir. Rəşaddan harda olduğunu və nə işlə məşğul olduğunu soruşduqda o, evdə mübahisələr yaradır. Ailənin dağılmaması üçün cavabdehin məişət zorakılığı zəminində həyata keçirdiyi bütün hərəkətlərə və hüquqazidd davranışlarına dözməli olub. Onun bu kimi davranışları uşaqlara da psixoloji təsir edir. Cavabdeh ustadır, kafel və metlax vurmaqla məşğul olur. Əsasən Quba şəhərində və kəndlərində işləyərək yaxşı gəlir əldə edir. Lakin qazancını daima ondan gizlədir. Uşaqların hər ikisi onun himayəsindədir. Cavabdeh onlara heç bir maddi yardım göstərmir, uşaqların dolanışığı ilə maraqlanmır. Onların maddi ehtiyaclarını valideynləri ödəyir. Maddi imkanı olduqca aşağıdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx xxxxxxxx 2018-ci il təvəllüdlü X2 və xx xxxxxx 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 mnanat sabit pul məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mülki iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, iddia ərizəsini və işə əlavə edilmiş sənədlərini tam, hərtərəfli və obyektiv təqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş AZ-Т 022910 seriyalı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları xx xxxxxxx 2011-ci il tarixdə Quba RİHB-nın Alekseyevka İƏD üzrə icra nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 28 nömrə ilə qeyd edilmişdir. İş sənədlərində olan AZ-İV 192713 seriyalı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx xxxxxxxx 2018-ci il tarixdə Quba şəhərində anadan olmuşdur. Atası-Cavabdeh, anası-İddiaçıdır. İş sənədlərində olan AZ-İV 386011 seriyalı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 xx xxxxxx 2018-ci il tarixdə Quba şəhərində anadan olmuşdur. Atası- Cavabdeh, anası-İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında" Qanunun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasətinin bir hissəsi də, hər bir uşağın zəruri maddi şəraitinin təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında" Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Uşaq hüquqları haqqında" Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları va maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını maddi maddi cəhətdən təmin etməyə borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhəkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması səviyyəsinin mümükün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Rеspublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edimişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş sənədlərindən görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2021ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə Cavabdeh xx xxxxxx 2021-ci il tarixdən başlayaraq, xx xxxxxxxx 2018-ci il təvəllüdlü X2 və xx xxxxxx 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsini qanuni hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78, 84.2.2-ci maddələrini və Azərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2021-ci il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1(bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar