Məhkəmə qərarları › İş №2(027)-597/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-597/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-597/2021 06.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 433,00 (dörd yüz otuz üç) manat sığorta ödənişi məbləğinin və 1 600,00 (bir min altı yüz) manat işlərin görülməsi xərcinin və 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 2 063,00 (iki min altmış üç) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub İddiaçı-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə X2 arasında xx.xx.2019-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21065” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-ci il tarixdə “VAZ 21065” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Quba şəhəri, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi törətmiş və “VAZ 2107” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün İddiaçı 433,00 (dörd yüz otuz üç) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Quba RPŞ DYPB-nin İddiaçı-yə təqdim etdiyi xx.xx.2019-cu il tarixli. 146- 14/32949-1219 saylı Arayışa əsasən Cavabdeh oğlu yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Cəmiyyətə təqdim olunmuş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, 05/2695 saylı məktubunda qeyd olunur ki, Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən ölkədə müvəqqəti olma müddəti xx.xx.2020-ci il tarixədək uzadılmış və Quba rayonu, Alekseyevka ərazi dairəsi. Alekseyevka Kəndi ünvanında qeydiyyata alınmışdır. Hadisə ilə bağlı Cəmiyyətə təqdim olunmuş Cavabdeh məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh “VAZ 21065" markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobili Rusiya Federaiyasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə idarə etmişdir. Cavabdeh yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 21065” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi olmadan idarə etmişdir. İddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 433,00 dörd yüz otuz üç) manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. İddiaçı «xxxx» ASC ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, 07.11.201-cu ildə Azərbaycana gəldiyini, maşının anasının olduğunu, avtomobili etibarnamə əsasında istifadə etdiyini, sığorta tərəfindən qarşı tərəfə 413 manat ödənildiyini, 1613 manat hissəsində iddianın əsassız olduğunu, hadisənin xx.xx.2019-cu il tarixdə olduğunu, arayışlarda hadisənin xx.xx.2019-cu il tarixdə olduğu qeyd edildiyini, iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını və təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin 05/2695 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Rusiya Federasiyasının vətəndaşı, xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh ölkədə müvəqqəti olma müddəti xx.xx.2020-ci il tarixədək uzadılmış və ünvan 2i ünvanına qeydiyyata alınmışdır. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, “xxxx” ASC-nin Quba filialı tərəfindən X1 hesabına 433 manat məbləğində pul vəsaiti göndərilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli geriyə tələb (subroqasiya) məktubundan görünür ki, “xxxx” ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödədiyi 433,00 manat sığorta ödənişi məbləğində pul vəsaitinin 10 gün müddətində Cəmiyyətə ödənilməsi Cavabdeh xahiş edilmişdir. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumat vərəqəsinin surətindən görünür ki, “xxxx” ASC ilə X2 arasında xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 01 (bir) il müddətinə bir şəxs üçün 5.000 manat, bir hadisə üzrə 50.000 manat məbləğində sığortalanmışdır. İş materiallarında olan inzibati xəta haqqında İXP ******* saylı protokoldan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə saat 11:00 radələrində idarə etdiyi “Vaz 21065” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X2 etibr edilən Cavabdeh “Vaz 21065” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili 9 il, 9 ay, 19 gün müddətinə etibarnamə əsasında sahibliyinə vermişdir. İş materiallarında olan Rusiya Federasiyasının pasportundan görünür ki, Cavabdeh xx.xx.1986-cı ildə Rusiya Federasiyasının Taşkentskaya vilayətində anadan olmuşdur və o, Rusiya Federasiyasının vətəndaşıdır. Azərbaycan Respublikası Yol hərəkəti haqqında Qanununun 35-1-ci maddəsinin 2ci bəndinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-6.2-ci maddələrinə görə icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 13.1-13.2-ci maddələrinə görə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrindən istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh Rusiya Federasiyasının vətəndaşıdır. O, Azərbaycan Respublikasına xx.xx.2019-cu il tarixdə gəlmişdir. Yol-nəqliyyat hadisəsi isə xx.xx.2019-cu il tarixdə baş vermişdir. Göründüyü kimi hadisə cavabdehin Azərbaycan Respublikasına gəldiyi vaxtdan bir ay müddət daxilində baş vermişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsassız olduğu üçün iddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair iddisı təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair iddisı təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar