Məhkəmə qərarları › İş №2(027)-598/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-598/2024

28.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-598/2024 28.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə münasibətdən doğulmuş 06 sentyabr 2017-ci il təvəllüdlü X3 və 10 fevral 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 300 (üç yüz) manat olamaqla, iki uşağa cəmi 600 (altı yüz) manat məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2016-cı ildə el-adəti üzrə ailə qurmuş, birgə münasibətdən 06 sentyabr 2017-ci il tatixdə X3, 10 fevral 2019-cu il tarixdə X4 və 10 fevral 2022-ci il tarixdə Yüksəl adlı uşaqları doğulmuşdur. Cavabdeh Şehnur və Məryəm Şabutovalara öz razılığı ilə atalıq vermişdir. Lakin Yüksəl adlı övladı doğulan zaman cavabdehlə münasibətləri yaxşı olmadığından cavabdeh Yüksələ atalıq verməmiş və o, uşağa doğum haqqında şəhadətnamə ala bilməmişdir. Hazırda o, cavabdeh tərəfindən atalıq verilmiş iki övladının saxlanması üçün aliment tələb edir. Cavabdehlə münasibəti ilk vaxtlar yaxşı olmuş, 2023-cü ilin sonlarına yaxın ailə münasibətləri pozulduğundan uşaqları ilə birlikdə cavabdehdən ayrılaraq valideynlərinin yanına yaşamağa başlamışdır. Cavabdeh onunla və uşaqları ilə maraqlanmır. Uşaqları məktəblidir, ehtiyacları günü-gündən artır. O, uşaqlarının ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Əlavə olaraq iddiaçı bildirdi ki, uşaqlardan biri iflis xəstəsidir. Onun müntəzəm olaraq müalicəyə ehtiyacı vardır. Uşaqları saxlamaq, ehtiyaclarını qarşılamaq cavabdehin də borcudur. İlkin olaraq məhkəmədən kənar qaydada məsələnin həll olunması üçün mediasiyaya müraciət etsə də, cavabdeh mediasiyanın keçirilməsi ilə bağlı görüşə gəlsə də, onunla razılığa gəlməmişdir. Göstərilənləri nəzərə alaraq, iddiaçı iddianın təmin olunması xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, bildirdi ki, aliment ödəməyə etiraz etmir, lakin iddiaçının tələb etdiyi məbləğ yüksəkdir. O, yeni ailə qurmuş, rəsmi olaraq işləsə də, cəmi 380 (üç yüz səksən) manat əmək haqqı alır. Belə olan halda iki uşağa ayda 600 (altı yüz) manat aliment ödəyə bilməz. O, iki uşağa ayda cəmi 200 manat aliment ödəmək iqtidarındadır. Verilən suallara cavab olaraq cavabdeh bildirdi ki, iddiaçı üçüncü uşağa Yüksəl adı qoyduğu üçün həmin uşağa atalığın verilməsindən imtina etmişdir. Belə ki, birgə yaşadıqları müddətdə üçüncü uşaq doğulanda sonuncuya Osman adı qoyulacaqdır, lakin o, atalığın müəyyən edilməsi üçün müvafiq quruma gedəndə uşağın adını Yüksəl olduğunu bilib ona atalıq verməmişdir. Qətnamə qəbul edən zaman maddi vəziyyəti ilə bağlı göstərilənləri nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: “atalığın müəyyən edilməsi haqqında” AZ-İ 393056 nömrəli və AZ-İ 393057 nömrəli şəhadətnamələrin surətindən görünüür ki, Cavabdeh 06 sentyabr 2017-ci il təvəllüdlü X3 və 10 fevral 2019-cu il təvəllüdlü X1 atası hesab edilmişdir; AZ-İV 456651 nömrəli və AZ-İV 456652 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 06 sentyabr 2017-ci il təvəllüdlü X3 və 10 fevral 2019-cu il təvəllüdlü X1 anası İddiaçı, atası Cavabdehdur; mediasiya prosesinə xitam verilməsi barədə arayışdan görünür ki, Cavabdeh birgə münasibətindən olan uşaqların saxlanılması üçün alimentin ödənilməsi tələbinə etiraz etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının X2 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə münasibətindən olan 06 sentyabr 2017-ci il təvəllüdlü X3 və 10 fevral 2019-cu il təvəllüdlü X4 hazırda anası, yəni iddiaçının himayəsindədir. İddiaçı tərəf uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirərək, cavabdehdən aliment tutulmasını xahiş etmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir və uşağa görə hər ay aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Məhkəmə qeyd edir ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları 06 sentyabr 2017-ci il təvəllüdlü X3 və 10 fevral 2019-cu il təvəllüdlü X4 hazırda anasının himayəsində qalır. Məhkəmə cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair iddiaçının sübut təqdim etmədiyi, digər tərəfdən yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal qida rasionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, iddiaçının uşaqların saxlanmasında çətinlik çəkməsini əsas tutaraq belə nəticəyə gəlir ki, cavabdehdən hər uşağa görə hər ay 150 (bir yüz əlli) manat olmaqla, iki uşağa cəmi 300 (üç yüz) manat məbləğində sabit pul məbləğində alimentin tutulması göstərilən halların məcmusu baxımından ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 11 yanvar 2024-cü il tarixdə təqdim edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş 06 sentyabr 2017-ci il təvəllüdlü X3 və 10 fevral 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün, 11 yanvar 2024-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, iki uşağa cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırki iş üzrə iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçıların dövlət rüsumunu ödəməkdən azad olunduğu nəzərə alınaraq Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutulmalıdır. Müəyyən edilmiş aliment məbləği 300 (üç yüz) manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə 300 (üç yüz) manat məbləğində alimentin müəyyən edildiyi nəzərə alınmaqla, bir il ərzində ödəmənin məcmusu 3600 manat (12 ay × 300 manat = 3600 manat) təşkil edir. Bu halda rüsum “Dövlət rüsumu” haqqında Qanunun 8.1.2-ci maddəsinə (30 manat + 2600 manatdan yuxarı olan hissənin 1%-i, yəni 2600 manat × 1% = 26 manat) təşkil edir. Beləliklə, cəmi 56 (əlli altı) manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 06 sentyabr 2017-ci il təvəllüdlü X3 və 10 fevral 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, 11 yanvar 2024-cü il tarixdən başlayaraq, hər ay Cavabdeh hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, iki uşağa cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 56 (əlli altı) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar