Məhkəmə qərarları › İş №2(027)-611/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-611/2023

16.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-611/2023 16.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay iki uşaq üçün Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə rəsmi qaydada nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Ailə qurduğu ilk vaxtlardan cavabdehlə münasibəti normal olmuş, lakin sonradan pisləşmişdir. Bir ilə yaxındır ki, cavabdehlə ayrı yaşayırlar. Sonuncu onların ehtiyyaclarını qarşılamır, onlara maddi köməklik göstərmir. Uşaqların aylıq 250 manat təhsil xərcləri var. Cavabdeh həm işləyir, həm də pensiya alır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, aliment ödəməyə etiraz etmir. Özü əvvəl hərbiçi olmuş, 1600 manat pensiya alır, 511 manat əmək haqqı alır və 80 manat müavinət alır. Bunlara baxmayaraq, aliment müəyyən edilərkən xəstə olmasını və hər ay kredit ödədiyini nəzərə alınması xahiş etdi. Azərbaycan Respublikası MPM-nin: 52.2-ci maddəsinə görə “cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir”; 191.3-cü maddəsinə əsasən “cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır”. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ 141532 nömrəli nikah bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X5 arasında Quba RİHB-nin Xucbala İƏV üzrə nümayəndəliyində xx.xx.2005-ci il tarixdə nikah bağlanmış və akt qeydləri kitabında 06 nömrə ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra X4 “Qəhrəmanova” soyadı verilmişdir; İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X7 doğulmuşdur. İş materiallarında olan mediasiya sessiyasının nəticələrinə dair arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında razılığa gəlməmişlər. Aliment tələbi ilə bağlı Məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1-ci maddəsinə görə 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2-ci maddəsinə görə 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3-ci maddəsinə görə 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının X1 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh münasibətləri korlandığı üçün faktiki olaraq ayrı yaşayırlar. Tərəflərin birgə nikahından olan xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X3 hazırda anası, yəni iddiaçının himayəsindədir. İddiaçı tərəf uşaqların saxlanılmasında çətinlik çəkdiyini bildirərək, cavabdehdən aliment tutulmasını xahiş etmişdir. Cavabdeh də iddianı qəbul etmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir və hər uşağa görə hər ay aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. İddia tələbinin aliment hissəsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X7 hazırda analarının himayəsində qalır. Bununla bağlı cavabdeh tərəfindən məhkəməyə hər-hansı etiraz təqdim edilmədiyindən bu hal mübahisə predmeti sayıla bilməz. Məhkəmə hesab edir ki, cavabdehin gəlirlərinin 1/3 hissəsində alimentin məbləği ilə bağlı olaraq ilk növbədə nəzərə alınmalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində göstərildiyi kimi uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən edir, lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Cavabdehin səhhəti ilə bağlı sosial müavinat almasını, əmək haqqı və pensiya gəlirlərinin olmasını, cavabdehin aliment ödəməyə etirazının olmamasını nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehin qazancın (başqa gəlirlərin) üçdə bir hissəsində aliment məbləği göstərilən halların məcmusu baxımından ədalətli və ağlabatandır. Bunları nəzərə alaraq, məhkəmə hesab edir ki, xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün, xx.xx.2023-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulmalıdır. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün, xx.xx.2023cü il tarixdən başlayaraq, Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulsun. Cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar