Məhkəmə qərarları › İş №2(027)-692/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-692/2021

22.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-692/2021 22.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Quba Regional “ASAN Xidmət” Mərkəzi Notariat ofisinə, Cavabdeh2nə və Cavabdeh3-yə qarşı borcun tutulmasına dair icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Quba Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Quba regional “Asan Xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş reyestrdə 8İ-13821 nömrə ilə qeyd edilmiş 21 dekabr 2020-ci il tarixli borcun tutulması haqqında İcra Qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək Quba regional “Asan xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş 8İ-13821 nömrə ilə qeyd edilmiş 21 dekabr 2020-ci il tarixli borcun tutulması haqqında ünvanına daxil olmuş icra qeydində, onun, bank olmayan kredit təşkilat olan Cavabdeh3-yə borclu olmağı barədə göstərilənlər qanunsuz və əsassız olması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, 10 dekabr 2015-ci il tarixdə 449 saylı kredit müqaviləsi ilə, bank olmayan kredit təşkilatı olan Cavabdeh3-dən 36 ay müddətinə, hər ay həmin təşkilata 104,6 ABŞ dolları civarında pul ödəmək şərti ilə 2800 ABŞ dolları məbləğində kredit götürmüşüdür. Əslində Cavabdeh3-nin əməkdaşları, onunla milli manatla kredit müqaviləsi bağlamalı olduğu halda ABŞ dolları ilə kredit müqaviləsi bağlamışlar. Lakin, kredit təşkilatı, onun hüquqi savadsızlığından sui istifadə edərək, onunla Azərbyacan Respublikasının Konstitusiyasının 19-cu maddəsinin tələblərini kobud şəkildə pozaraq, kredit müqaviləsini ABŞ dolları ilə bağlamağa onu təhrik etmişlər. Nəticədə də o, bir qrup bank əməkdaşının toruna düşərək, küllü miqdarda ziyana düşmüşdür. O, bank olmayan kredit təşkilatı olan “Cavabdeh3”-dən 10 dekabr 2015-ci il tarixdə kredit alarkən, ABŞ dollarının manatla məzənnəsi 100 dollar üçün 102-105 manat dəyərində olmuşdur. Bağlanmış 10 dekabr 2015-ci il tarixli 449 saylı kredit müqaviləsinə əsasən, o, bank ödənişlərini faiz ilə birlikdə 10 yanvar 2016-cı il tarixdən banka ödəməli idi. O, bağlanmış kredit müqaviləsinə əsasən 34 ay müddətinə, bankdan aldığı 2800 ABŞ dolları məbləğində pulu, müqavilə bağladığı dövrdə mövcud olan 105 manatın 100 ABŞ dollarına ekvivalent nisbətində, yəni 3500 manat məbləğində pulu tam həcmdə ödəmişdir. Qeyd edilənlərə baxmayaraq Cavabdeh3 BOKT MM-nin əməkdaşları, Azərbaycan Respublikasının Prezidentin Fərmanının tələblərinə məhəl qoymadan, eləcə də 2020-ci il ərzində ölkədə koronavirus pandemiyasının tüğyan etdiyi dövrləri də onun üstünə faizlər hesablayaraq dələduzluq etmişlər. O, faktiki olaraq bankdan aldığı 2800 ABŞ dollarının 2940 manat civarında ödəməli olduğu halda, banka 3500 manat məbləğindən artıq pul ödəməyə baxmayaraq, Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş 8İ-13821 nömrə ilə qeyd edilmiş 21 dekabr 2020-ci il tarixli borcun tutulması haqqında ünvanına daxil olmuş icra qeydində, onun süni olaraq Cavabdeh3-yə pul borclu olmağı bildirilmişdir. Quba Regional “Asan Xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş 8İ-13821 nömrə ilə qeyd edilmiş 21 dekabr 2020-ci il tarixli borcun tutulması haqqında ünvanına daxil olmuş icra qeydində, onun Cavabdeh3-yə pul borclu olmağı barədə göstərilənlər qanunsuz və əsassızdır. Bu səbəbdən də həmin icra qeydi ləğv edilməlidir. Ona görə də iddiasının təmin olunmasını xahiş edir. 16 mart 2021-ci il və 06 aprel 2021-ci il tarixlərdə məhkəmə prosesində iştirak edən Cavabdeh3-nin nümayəndəsi X1 iddianı qəbul etməyərək göstərmişdir ki, Azərbaycan Respublikasının Prezidentin kreditlə bağlı müvafiq Fərmanına əsasən iddiaçının faiz borcundan 1020 ABŞ dolları silinmiş, 1261 ABŞ dollar əsas, 758 dollar cərimə olmaqla cəmi 2052 ABŞ dolları kredit borcu qalmışdır. Dəfələrlə rəsmi xəbərdar olunmasına baxmayaraq kredit borcunu tam ödəməmişdir. İddiaçı üçün Fərmanla bağlı güzəştli müqavilə bağlanması üçün siyahı verilmədiyinə görə nümayəndəsi olduğum Cavabdeh3 bankla müqavilə bağlamamışdır. Odur ki, iddiaçının tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. İş üzrə cavabdeh Quba Regional “ASAN Xidmət” Mərkəzinin notariusu Süleyman Məmmədov məhkəməyə ərizə göndrərək, X4 Mərkəzində notariat ofisinin iş rejiminin və əhalinin sıxlığını nəzərə alaraq məhkəmə iclasına iştirak edə bilməyəcəyini, məhkmə iclasının iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iş digər Cavabdeh2 təkrarən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan 10 dekabr 2015-ci il tarixli 449 saylı, Kredit müqaviləsindən, faizlər və ödəmələr üzrə cədvəldən görünür ki, Cavabdeh3 tərəfindən 36 ay müddətinə illik 20% dərəcəsi ilə İddiaçı 2800 (iki min səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan Quba regional “Asan Xidmət” mərkəzində notariat ofisinin reyestrdə 8İ- 13821 nömrə ilə qeyd edilmiş 21 dekabr 2020-ci il tarixli İcra Qeydindən görünür ki, Cavabdeh3-nin xeyrinə İddiaçı müddət üçün vaxtında ödənilməmiş 1657 ABŞ dolları 50 sent tutulmalı, borcludan 394 ABŞ dolları 60 sent məbləğində cərimə, penya, tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu 2052 ABŞ dolları 10 sent pul tutulmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Eyni Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. Məhkəmə hesab edir ki, hazırkı mübahisə predmetini təşkil edən icra qeydinin verilməsinə əsas iddiaçının kredit müqaviləsinin şərtlərinə tam əməl etməməsi, yəni müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsi olmuşdur. Borcun düzgün hesablanmaması ilə bağlı iddia tələbində irəli sürülənlərlə əlaqədar olaraq məhkəmə qeyd edir ki, bu arqumentlər icra qeydinin ləğvi üçün əsas deyil, belə ki, icra qeydinin verilməsinə əsas olmuş borcun mövcudluğu iddiaçı tərəfindən də mübahisələndirilməmişdir. Mübahisə yalnız iddiaçı tərəfindən müqavilə üzrə götürdüyü kredit məbləğindən artıq (iddiaçının fikri ilə) məbləğdə pul ödənişi ilə bağlıdır ki, o da icra icraatı zamanı həll oluna, ya da iddiaçı bununla bağlı müstəqil iddia qaldıra bilər. Məhkəmə onu da qeyd edir ki, notarius tərəfindən iddiaçıya vaxtında pretenziya göndərilmiş, lakin sonuncu buna heç bir reaksiya verməmişdir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nın 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nın 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t di : İddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar