Məhkəmə qərarları › İş №2(027)-720/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-720/2025

15.04.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-720/2025 15.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı iddia ərizəsilə müraciət edərək, Quba rayonu Mirzəmməd kənd sakini Cavabdeh 16.000 manat əmək haqqının alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2019-cu ildən Quba rayonu Aşağı-Atuc kəndində yerləşən Quba rayonu Mirzəmməd kənd sakini Cavabdeh Qarabəly oğluna məxsus bağda gözətçi işləmiş və ondan əlavə olaraq bağın suvarma işlərini aparmış, gözətçi işinə görə o ona hər ay 300 manat verib, lakin suvarma işlərinə görə bağ meyvəyə düşəndən sonra əvvəlki ayları hesablamaqla hər aya 400 manat verəcəyini bildirib. Bağ meyvəyə düşəndən sonra pullarını tələb etdikdə o müxtəlif bəhanələrlə pulunu verməkdən imtina edib, işə qəbul edərkən də onun əmək müqaviləsi bağlamayaraq vergiyə əlavə pulların ödəməli olduğunu bildirib. Hal-hazırda o, orda soyuq və nəmişlikdə işlədiyinə görə xəstəliyə düşmüş, başqa yerdən gəliri də yoxdur, dərmanlara və ehtiyaclarını ödəyə bilmir. Ona Cavabdeh 16 min manat zəhmət haqqı ilə birlikdə dəymiş maddi və mənəvi ziyanı da ödəməlidir. Cavabdeh şikayətdən sonra işçiləri yoxlama gələndə gizlətmiş,sonradan guya onlarla müqavilələr bağlamışdır,dövlət orqanları barəsində tədbir görmədiyinə görə və ondan şikayət etdiyinə görə onu və ailə üzlərini ölümlə hədələyib, cinayətə sövq edərək məhv edəcəyini bildirib, bütün təşkilatların haqqını verdiyini və heç kimdən qorxmadığını bildirib, lazım gələrsə, onun başına torba keçirdib aparıb dənizə və ya meşəyə atacağını deyib, onun hədələrini o, real hesab edir, hərəkətlərindən də aydın olur ki, korrupsioner məmurlarla işbirliyinə görə qanunlardan qorxmur, təcili həbs olunmalıdır. Quba rayon prokurorluğu ərizəsini polis şöbəsinin təhqiqat bölməsinə göndərib, lakin onun barəsində qanuni tədbir görülməyib. AR ƏƏSM-i yanında X4nin Quba-Xaçmaz regional şöbəsində onun barəsində protokol tərtib edilərək məhkəməyə göndərilmiş və o 3000 min manat cərimə olunmuşdur. Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq əmək haqqını və ziyanı ödəməmiş, bununla bağlı məhkəməyə müraciət etməyini bildiriblər. Məhkəməyə də müraciət edəndə mediasiya təşkilatının arayışı tələb olunub, lakin mediasiya təşkilatı tərəfindən də mübahisə həll olunmayıb. Məhkəmə iclasında İddiaçı iddia tələbinı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və bildirmişdir ki, 2023-cü ildə öz ərizəsinə əsasən işdən azad olunmuş, bu günə kimi əmək haqqının son haqq hesabı ödənilməmişdir. İddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə şifahi razılıqla bağında müəyyən işlər görülən zaman zəhmət haqqı verilmiş və borcu qalmamışdır. Habelə iddiaçı bağa düzgün qulluq edilməmiş, suvarma, budama və dərmanlanma düzgün qaydada aparılmamışdır. Bu iddiaçının məsuliyyətsizliyindən baş vermişdir. Bununla bağlı rəy almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, cavabdehin bağında iş görmək üçün iddiaçı onu çağırmışdır. O, həm cavabdehin bağında həm də evində işləmişdir. Gördüyü işə görə xidmət haqqını iddiaçı cavabdehdən alıb ona vermişdir. 2021-ci ildən 2024-cü ilin aprel ayına qədər cavabdehin bağında bir sıra işlər görmüşdür. Gördüyü işə görə xidmət haqqısı vaxtlı-vaxtında ödənilmişdir. İddiaçı ilə cavabdeh arasında olan suvarma və gözətçiliklə bağlı razılaşma zamanı onların yanında olmamışdır. İddiaçının deməsinə görə məlumatlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, iddiaçı onun qaynıdır. Bacısı vəfat etdikdən sonra, təxminən 2018-ci ildən iddiaçı cavabdehə məxsus bağda qalır və orada işləyir. İddiaçı ilə cavabdeh arasında olan suvarma və gözətçiliklə bağlı razılaşma zamanı onların yanında olmamışdır. İddiaçının deməsinə görə məlumatlıdır. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materialarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Quba-Xaçmaz regional şöbəsinin İddiaçı ünavnalanmış 05 avqust 2024-cü il tarixli məktubdan görünür ki, araşdırma zamanı Cavabdeh DƏMX-nin Quba-Xaçmaz regional şöbəsinə təqdim etdiyi izahatına, sizin xx.xx.2024-cü il tarixli izahatınıza və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq altsistemi”nə baxılmaqla müəyyən olunmuşdur ki, İddiaçı sahibkar Cavabdeh məxsus olan Quba rayonu, Aşağı-Atuc kəndində yerləşən fermada 2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər-hansı işlərin yerinə yetirməsinə cəlb edilmişdir. Bununlada Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin (bu Məcəllənin 7-ci maddəsinin 2- 1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir) tələbləri sahibkar Cavabdeh tərəfindən pozulduğundan onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 192.1-ci maddəsinə (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Protokol tərtib edilmişdir. Qeyd olunan məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 3(027)-671/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında görünür ki, şikayət təmin edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Quba– Xaçmaz regional Şöbəsinin rəisi X3 tərəfindən qəbul edilmiş MN ******* saylı, 07 avqust 2024-cü il tarixli inzibati xəta haqqında qərar ləğv edilsin və Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-480/2024 saylı, xx.xx.2024cü il tarixli qərarında görünür ki, Cavabdeh barəsində olan X4 Xidmətinin MN ******* saylı, 07 avqust 2024-cü il tarixli qərarından verdiyi şikayətin təmin edilməsinə dair Quba Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 3(027)- 671/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclası zamanı tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, İddiaçı Cavabdeh məxsus bağda yerləşən evdə ödənişsiz qalmaqla aralarında bağa qulluq barədə şifahi razılıq əldə olunmuşdur. Lakin razılığın şərtləri hər hansı qaydada rəsmiləşdirilməmişdir. Tələbin əmək haqqı ilə bağlı əsas kimi müəyyən olunması ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verildiyindən, tərəflərin əmək münasibətlərində olması istisna olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Qeyd edilən Məcəllənin 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Beləliklə məhkəmə araşdırılması zamanı zahiri ifadəyə və başqa hallara görə tərəflərin iradəsinin məzmunu dəqiq müəyyənləşdirilə bilinmədiyindən, digər qaydada danışıqlar və yazışmalara dair sübut təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. İddiaçı tərəfindən məhkəmə iclasında şahid qismində dindirilmiş şahidlər iddiaçının cavabdehə məxsus bağda müəyyən işləri görməsini təsdiq etsələr də, cavabdehin iddiaçıya 16.000 manat məbləğində borcunun olmasını təsdiq edəcək heç bir sübut təqdim olunmamışdır Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmədə ilk öncə onu qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Başqa sözlə, məhz iddiaçı iddia tələbinin əsası kimi istinad edilən halları sübut etmək öhdəliyi daşıyır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanmış və tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs kimi cavabdeh vəkalət verən iddiaçının tapşırdığı ilə xidmət icra etməyi öhdəsinə götürmüşdür. Vəkalət verən vəkalət alana muzd ödədiyini bildirsə də, xidmətin yerinə yetirilməsi üçün cavabdehə 850 manat məbləğində pul verməsi ilə bağlı sübut yalnız şahid kimi iddiaçının oğlunun ifadəsidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar