Məhkəmə qərarları › İş №2(027)-745/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-745/2023

18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-745/2023 18.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, İddiaçı, Onun nümayəndəsi və vəkili X5 iştirakı iə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarlı sayılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarlı sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon AİK-nın 24 fevral 2000-ci il tarixli 02 saylı qərarı ilə mülkiyyətə verilmiş və AR DT və XK-nin Quba rayon Şöbəsinin Torpağın mülkiyyətə verilməsinə dair 30 iyun 2004-cü il tarixli JN 524 F KOD 30304018 saylı Şəhadətnaməsinə əsasən Cavabdeh1 və ailə üzvləri Cavabdeh2, övladları X8, X6 adlarına qeydə alınmış Quba rayonu Alekseyevka İƏDnin Nərimanabad kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinin alqı-satqısına onunla cavabdehlər arasında bağlanmış əqdin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Quba rayon AİK-nın 24 fevral 2000-ci il tarixli 02 saylı qərarı ilə Quba rayonu Alekseyevka İƏD-nin Nərimanabad kəndi ərazisində 0,07 ha torpaq sahəsi Cavabdeh1 və ailə üzvləri Cavabdeh2, övladları X8 və X6 mülkiyyətinə verilmiş və onların həmin torpaq sahəsinə mülkiyyət hüquqları AR DT və XK-nın Quba rayon Şöbəsi tərəfindən dövlət torpaq kadasdrında 30 iyun 2004-cü il tarixdə 524F №-ilə qeydə alınıb Torpağın mülkiyyətə verilməsinə dair JN-524F KOD 30304018 saylı Şəhadətnamə verilmişdir. 2005-ci ilin mart ayında Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 AR DT və XK-nın Quba rayon Şöbəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-524F KOD 30304018 saylı Şəhadətnaməyə əsasən onların və azyaşlı övladlarının birgə mülkiyyətinə verilmiş Quba rayonu Nərimanabad kəndi ərazisində 0,07 ha torpaq sahəsini 800 ABŞ dollarına ona satmağa razılaşmış və torpaq sahəsinə görə cavabdehlərə 800 ABŞ dolları verib torpaq sahəsini həmin vaxtdan alıb faktiki sahibliyinə qəbul etmişdir. Cavabdehlər torpağın mülkiyyətə verilməsinə dair JN-524F KOD 30304018 saylı Şəhadətnaməni də pulu aldıqları anda ona vermiş, həmin vaxtı onların şəxsiyyət vəsiqəsinin müddəti bitdiyinə görə alqı-satqının notarial qaydada rəsmiləşdirilə bilməmişdir. Cavabdeh1 və Cavabdeh2 alqı-satqının şəxsiyyətlərini təsdiq edən sənədlərin qaydasına salınmasından sonra sənədləşdirilməsinə söz versələr də, lakin sonradan qeyd olunan sənədlərin yenilənməsini yubatmış, daha sonra Cavabdeh1 müvəqqəti işləmək üçün Rusiya Federasiyasına getdiyindən alqı-satqını notariat qaydasında təsdiqlənməsi mümkün olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehin Rusiyada yaşamasına baxmayaraq, o Azərbaycana tez-tez gəlir. 2005-ci ildə Ramizə pulu ödəyərək ona və ailə üzvllərinə məxsus torpağı almışdır. Ona şahidlərin iştirakı ilə 800 ABŞ dolları pul verib. 2005-ci ildən 2016-cı ilədək Ramizi görməmişdir. Qətnamənin mövcudluğundan xəbəri olub-olmamasını deyə bilməz, hər-halda məlumatı olub. Məhkəmədə iddia qaldırılan zaman ona poçt vasitəsilə məlumatın göndərilməsindən xəbəri yoxdur. Buna baxmayaraq, bu barədə atasına-qardaşına məlumat verilib. Hal-hazırda torpaq sahəsini satmışdır. O məhkəməyə ərizə və vəsatət təqdim edərək, ərizədə göstərmişdi ki, Cavabdeh1 etiraz ərizəsi yazaraq qeyd edir ki, guya xx.xx.2004-cü il tarixli JN 524 F, KOD 30304018 saylı şəhadətnamə ondan xəbərsiz onun əlinə keçmişdir. Təbii ki, bu çox absurd və əsassız fikirdir. O başqasına məxsus şəhadətnaməni necə ələ keçirə bilər ki? O belə bir işi necə tuta bilər? Belə çıxır ki, Cavabdeh1 onu oğurluqda ittiham edir. Bundan əlavə Ramiz bildirir ki, torpağın satılması ilə bağlı aralarında heç bir sövdələşmə, razılaşma olmamışdır. Bəs əgər belədirsə, aralarında olan şifahi razılaşmadan 18 il keçəndən sonra niyə məhkəməyə müraciət edilir ki? Cavabdeh 18 il ərzində öz torpağı ilə necə maraqlanmaya bilər? Əlavə olaraq onu bildirir ki, iddia ərizəsində pul məbləğinin 2005-ci ilin mart ayında verdiyini qeyd etmişdir. Ay məsələsində çox güman, ki səhvə yol verə bilər. Çünki aralarında olan şifahi alqı-satqı müqaviləsinin üzərindən 11 il keçəndən sonra iddia vermişdir. Bu səbəbdən də dəqiq tarixdə səhvə yol verə bilər. Soyuq aylar olduğundan yaz və ya payız olduğunu dəqiq xatırlamır. Ancaq il 2005-ci il idi. 2013-cü il tarixdə Ramizin atası Həsən Hacıyev onun yanına gələrək Ramizin başqa yerdə yerləşən torpaqla problemi olduğu üçün ondan 2000 (iki min) manat pul istəyib. Pulu qaytarmaq məsələsində isə “Ramizlə aranızda həll edərsiniz” cavabını verib. O da razılaşaraq dediyi məbləği borc kimi Həsənə verib. Lakin bu günə kimi həmin borc geri qayrtarılmayıb. xx.xx.2004-cü il tarixli JN 524 F, KOD 30304018 saylı şəhadətnamə əsasında Cavabdeh1 və ailə üzvlərinə verilmiş torpaq sahəsinin şifahi alqı-satqısı zamanı onun Cavabdeh1 800 (səkkiz yüz) ABŞ dolları verən zaman Şahid5 Kəmaləddin qızı, Şahid4 və Şahid1 yanında olmuşlar. Onlar da şahid qismində bunu təsdiq edə bilərlər. Şahid2 və Şahid3 məhkəmə prosesləri barədə məlumatı olmuşdur. Belə ki, 2016-cı ildə keçirilən məhkəmə prosesləri ilə bağlı Cavabdeh1 göndərilən bildirişlər barədə qardaşı Şahid2 və oğlu Şahid3 Cavabdeh1 məlumat vermişlər. Odur ki, Şahid5 Kəmaləddin qızı, Şahid4, Şahid1, Şahid2 və Şahid3 məhkəməyə şahid qismində dəvət olunmasını xahiş etmişdir. Məhkəmədə iclasında iddiaçının vəkili X7 iddia ərizəsinin məzmununa və iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, Quba rayonu Alekseyevka kəndində qeydiyyatda olmağına baxmayaraq, daimi olaraq Rusiya Federasiyasında yaşayır. O İddiaçı torpaq satmamışdır və ondan pul almamışdır. Cavabdeh1 tərəfindən ona qarşı iddia qaldırılması barədə məlumat almamışdır. Qətnamənin mövcudluğundan xəbəri olmamışdır. Məhkəməyə etiraz ərizəsi təqdim edərək, ərizədə göstərmişdir ki, qeyd etdiyi əsaslara görə iddia tələbinə etiraz edir. Belə ki, Quba rayon AİK-nin xx.xx.2000-ci il tarixli 02 saylı qərarı ilə ona, həyat yoldaşı Cavabdeh2 və uşaqlarına Quba rayonu Alekseyevka İƏD-nin Nərimanobad kəndi ərazisində 0.07 ha torpaq sahəsi verilmiş və bununla əlaqədar onların adına xx.xx.2004-cü il tarixdə torpağın mülkiyyətə verilməsinə dair JN 524F,KOD 30304018 saylı Şəhadətnamə verilmişdir. 2000-ci ildən o və həyat yoldaşı Cavabdeh2 işləmək məqsədilə Rusiya Federasiyasına köçərək daimi orda yaşayır. Rusiya Federasiyasına köçdükdən sonra onlara məxsus rəsmi sənədlər və həmçinin Torpağın mülkiyyətə verilməsinə dair JN 524F, KOD 30304018 saylı Şəhadətnamə Quba rayonunun Alekseyevka kəndində yerləşən ata evində saxlanılmışdı. İddiaçı onun qardaşının qayınatasıdır və bu şəxs tərəfindən ona məxus JN 524F,KOD 30304018 saylı Şəhadətnamənin necə ələ keçirməsi və ümumiyyətlə şəhadətnamənin onda olması barədə məlumatı olmamışdır. İddiaçı onun və ailə üzvləriminin burda olmadığından istifadə edərək guya 2005-ci ilin mart ayında o və həyat yoldaşı Cavabdeh2 tərəfindən mülkiyyətlərində olan torpaq sahəsini ona satmağa razılaşdığlarını və bu məqsədlə ondan 800 ABŞ dolları pulu alaraq mülkiyyət şəhadətnaməsini ona verdiklərinii, onların şəxsiyyət vəsiqələrinin müddətinin bitməsi ilə əlaqədar alqı-satqı müqaviləsini notarial qaydada rəsmiləşdirə bilmədiyini qeyd etməklə mülkiiyətlərinə aid torpaq sahəsini məmimsəmək niyyətini qanunsuz məhkəmə qətnaməsi ilə rəsmiləşdirmişdir. Bildirir ki, İddiaçı ilə qeyd edilən ona məxsus torpaq sahəsinin alqı-satqısına dair aralarında heç bir sövdələşmə, şifahi və yazılı razılaşma olmamışdır. İddiaçı iddia ərizəsində qeyd edərək məhkəmə iclasındakı izahatında bildirmişdir ki, o 2005-ci ilin mart ayında şahidlər Şahid4 və Şahid1 yanında ona və həyat yoldaşı Cavabdeh2 800 ABŞ dolları pul vermişdir. Halbuki 2005-ci ilin mart ayında ümumiyyətlə Azərbaycan Republikasında olmamışdır. Şifahi sorğuyla Asan Xidmətin Quba filialından verilmiş məlumata əsasən o xx.xx.2005-ci ildə saat 02:58 də Yalama Dəmiryol stansiyasında rəsmi qeydiyyat olunaraq Azərbaycan Respublikasına daxil olmuş və xx.xx.2005-ci ildə saat 22:09 da yenə həmin X2 qeydiyyat olunaraq Azərbaycan Republikasını tərk etmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən Şahid4 İddiaçı qaynıdır. Digər Şahid1 onun köhnə qonşusudur. İddiaçı iddia etdiyi tarixdə yəni 2005-ci ilin mart ayında ümumiyyətlə Azərbaycan Respublikasında olmadığından o və həyat yoldaşı Cavabdeh2 İddiaçı qeyd edilən şahidlərin yanında pul almamış və bununla bağlı onların şahid qismində məhkəməyə verdikləri ifadəsi yalandır. Göstərilənlər nəzərə alınaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil Cavabdeh1 izahatına uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş Şahid4 izahatında bildirmişdir ki, o, Vaqifi və Ramizi həmkəndli kimi yaxşı tanıyır və onların 2005-ci ilin mart ayında aralarında olan torpaq alqı-satqısından xəbəri olmuşdur. Belə ki, Ramiz mülkiyyətində olan torpağı 800 ABŞ dollarına Vaqifə satmış, Vaqifdə həmin pulu onun və Zakirin yanında Ramizə vermiş və torpağın sənədlərini onlardan almışdır. O, vaxtdan da torpaq sahəsindən Vaqif istifadə edir. Sonradan eşitmişdir ki, Ramizin və arvadı Reyhanın şəxsiyyət vəsiqələrinin müddəti keçdiyi üçün həmin vaxt notariusda alqı-satqı edə bilməmişlər. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə şahid qismində iştirak edən Rəsulova X4 Ramazanovla eyni məzmunlu izahat verərək izahatında Cavabdeh1 və arvadı Cavabdeh2 mülkiyyətində olan Quba rayonu Alekseyevka İƏD-nin Nərimanabad kəndi ərazisində yerləşən 0.07 ha torpaq sahəsini 800 ABŞ dollarına Vaqifə satmasını, Vaqifin də həmin pulu onun və Rövşənin yanında Ramizə verməsini və torpağın sənədlərini Ramizdən almasını təsdiq etmişdir. Məhkəmə iclasında cavabdehin təşəbbüsü ilə şahid qismində dindidirlmiş X9 ifadəsində bildirmişdir ki, sözü gedən torpaq sahəsindən o istifadə edir. O torpağı ona rəhmətlik Həsən kişi verib. Həsən Ramizin atasıdı. O Vaqifi heç vaxt orda görməyib, hal-hazırda da həmin torpaqdan istifadə edir. Ramizin Vaqifə torpaq satması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə ilə şahid qismində dindirilmiş Şahid2 fadəsində bildirmişdir ki, mübahisəli torpaq sahəsini rəhmətlik atası Həsən kişi qardaşı Ramizə vermiş və Ramiz də həmin torpağı Vaqifə torpaq satmışdır. Rəsmiləşmənin hansı qaydada aparılmasından onun məlumatı olmamışdır. Məhkəmə iddiaçının, onun vəkilinin, cavabdehin və onu vəkilinin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, dəlilləri araşdıraraq və mülki iş materiallarını tədqiq edərək müəyyən edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan JN 524 F KOD 30304018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamədən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli 02 saylı qərarı ilə 0,07 hektar torpaq sahəsi Cavabdeh1 və ailə üzvləri Cavabdeh2, X8 və X6 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı Rəsulov X11 rayonu Zərdabi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh1 və Cavabdeh2 2004-2007-ci illər ərzində dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasından Cavabdeh1 barəsində xx.xx.2005-ci il giriş, xx.xx.2005-ci il çıxış; xx.xx.2006-cı il giriş, çıxışı barədə qeyd yoxdur; xx.xx.2007-ci il giriş, xx.xx.2007-ci il çıxış; Cavabdeh2 barəsində xx.xx.2005-ci il giriş, xx.xx.2005-ci il çıxış; xx.xx.2006-cı il giriş, xx.xx.2006-cı il çıxış; xx.xx.2007-ci il giriş, xx.xx.2007-ci il çıxış ilə bağlı məlumat daxil olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsaslandığı, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsi ilə əqdin notariat formasına riayət edilməməsinin nəticələri müəyyən edilirdi. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli Qərarına əsasən qeyd edilən maddə, forma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin etibarlı hala gətirilməsini (konvalidasiyasını) nəzərdə tuturdu. Qeyd edilən Qərara əsasən notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli torpaq sahəsilə bağlı tərəflər arasında, yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş qanuna zidd olmayan hər hansı əqd mövcud deyldir. Tərəflərin təsdiq etdikləri kimi, yazılı əqdin mövcud olmaması işin mübahisələndirilməyən halıdır. Qeyd edilən hal isə Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq şərtlər üzrə digər dəyərləndirmələrin aparılmasını mümkünsüz edir. Həmçinin bağlanması iddia edlən əqdin hər hansı formada icrası ilə bağlı da məhkəməyə sübut təqdim edilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə əsasən, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli Qərarına əsasən mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarlı sayılması tələbinə dair iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar