Məhkəmə qərarları › İş №2(028)-121/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-121/2021

30.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-121/2021 30.03.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin borcunun azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən icra məmuruna verilmiş məlumatın etibarsız hesab edilməsi və aliment məbləğinin hesablanmasında 2018-ci ilin dekabr ayından 2019-cu ilin avqust ayına qədər olan 9 (doqquz) aylıq müddətin aliment borcu hissəsindən silinməsi və borcunun azaldılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə cavabdeh ilə olan nikah pozulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi onun əmək haqqının A hissəsi tutulmaqla aylıq aliment məbləğinin qızının saxlanması üçün qət edilmişdir. Prosessin gedişatında onunla iş yeri arasında (AZFEN Birgə Müəsissəsi) əmək müqaviləsinə xitam verilmiş və o, işsiz qalmışdır. Bu müddət ərzində icra məmuru tərəfindən düzgün olmayan hesablama aparılmışdır.İlk dəfə icra məmuru ona 2280 manat aliment hesablamışdır. Sonra cavabdehin təkidi ilə aliment məbləği yenidən hesablanmışdır. Cavabdeh verdiyi şifahi məlumat zamanı vacib məqamları gizlətmiş və icra məmuruna doğru məlumat verməmişdir. Cavabdehlə bir müddət ayrı qalsalar da, sonradan ağsaqqallar işə müdaxilə etdilər və cavabdehin onunla barışmasını və yaşadıqları evə gəlməsini təmin etdilər.Onlar məcburi köçkün olaraq Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində olan 10 saylı peşə məktəbinin inzibati binasında məskunlaşmışlar.Cavabdeh 2018-ci ilin dekabr ayından onların evinə qayıtmışdır.Həmin ərəfələrdə məcburi köçkünlərin yeni tikilmiş binalarda yerləşdirilməsi barədə siyahıya alınma həyata keçirilirdi.Onlar 2019-cu ilin fevral ayında birlikdə St.Sumqayıt ərazisində məcburi köçkünlər üçün tikilmiş evlərə köçürülmüşlər və orada məskunlaşmışlar. 2019-cu ilin may ayında cavabdeh onun bacısının toyunda iştirak etmişdir. 2019-cu ilin avqust ayında cavabdehlə onun münasibətləri yenidən pisləşmişdir.Bu barədə ona bir kəlmə söz demədən valideynləri çağırmış və əşyalarını götürüb getmişdir. 2019-cu ilin sentyabr ayından o, cavabdehlə birgə yaşamır. AZFEN Birgə Müəsissəsindən yenidən layihənin başlanması barədə məlumat daxil olduqda onunla yeni müqavilə bağlanıldı və icra məmurunun qərarı ilə yenidən hesablanma aparılmaqla əmək haqqının 70 %-lik hissəsinin tutulmasına başlanıldı.Lakin məbləğ barədə iradını bildirdikdə cavabdehin həmin məlumatı verdiyini bildirilmişdir.Bu səbəbdən də hesab edir ki, cavabdehin onunla birlikdə yaşadığı dövr üçün 2018-ci ilin dekabr ayından 2019-cu ilin avqust ayına qədər aliment hesablanmamalıdır.Cavabdeh tərəfindən icra məmuruna təqdim edilmiş şifahi məlumatda bu aylara görə də aliment məbləğinin hesablanmasını əsassız varlama hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biri əsassız varlanmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-ci maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək göstərdi ki, iddianı qəbul edir və təmin ediıməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək həyat yoldaşı Cavabdeh ilə birlikdə köhnə 10 №-li Sumqayıt Peşə Liseyində (hal-hazırda Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi adlanır) yaşamışdır. İş materiallarında olan və 2 saylı Abşeron rayon MKİS tərəfindən İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək həyat yoldaşı Cavabdeh ilə birlikdə Abşeron rayon “Stansı ünvan 1 ünvanda yaşamışdır. İş materiallarında olan və Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən AZFEN Birgə Müəsissəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda göstərilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən 2280 manat məbləğində aliment borcu ödənilənədək (cari aliment borcu ödənilən dövrdə yaranacaq olan aylıq aliment borcu da nəzərə alınmaqla) borclu İddiaçı Abbas oğlunun hər ay qazancının və başqa gəlirlərinin 70 % (yetmiş faiz), borc tam ödənildikdən sonra isə hər ay ¼ (dörddə bir) hissəsinin tutulub X2 hesabına köçürülməsi üçün xx.xx.2020-ci il tarixdə sizə göndərilmişdir.X1 Sumqayıt şəhəri üzrə İcra İdarəsinə şifahi müraciətindən sonra aliment borcu icraat materiallarına əsasən yenidən hesablanmış və İddiaçı Abbas oğlunun 4090 manat məbləğində borcunun qaldığı müəyyən edilmişdir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 17.1.10-ci maddəsinə əsasən tələbkarın müvafiq xahişi olduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.3-cü maddəsinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-in 52.5-cı maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Hazırki işdə iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə iddianın etiraf edilməsini qəbul edir. Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh tərəfindən icra məmuruna verilmiş məlumat etibarsız hesab edilsin və aliment məbləğinin hesablanmasında 2018-ci ilin dekabr ayından 2019-cu ilin avqust ayına qədər olan 9 (doqquz) aylıq müddət aliment borcu hissəsindən silinsin və borc azaldılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar