Məhkəmə qərarları › İş №2(028)-345/2022

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-345/2022

21.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-345/2022 21.07.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X9 Ruvinovun sədrliyi Reyhan Cəmil qızı Quliyevanın katibliyi İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbinə və Cavabdeh İddiaçı qarşı aliment məbləğinin artırılmadı tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin 2(028)-367/2021 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan hər ay sabit pul miqdarında tutulması müəyyən olunmuş aliment məbləğinin azaldılaraq hər uşağa görə 100 (bir yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat məbləğində müəyyən edilməsi, maddi vəziyyətinin məhkəməyə müraciət edənədək yaranmış aliment üzrə borcları ödəməyə imkan vermədiyinin nəzərə alınaraq onun həmin borcları ödəməkdən tamamilə azad edilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin 2(028)-367/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin artıraraq hər uşağa görə 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat məbləğində aliment tutulmsı barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı ilkin iddianı müdafiə, qarşılıqlı iddianı rədd edərək göstərdi ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-367/2021 saylı qətnaməsi ilə onunla cavabdeh arasında bağlanılmış nikaha xitam verilmiş, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 cavabdehin yanında qalması müəyyən edilmiş, ondan 10 iyun 2021-ci il tarixdən başlayaraq tutulub hər ay 175 manat sabit pul məbləğində alimentin xx.xx.2011-ci ii təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün və hər ay 175 manat sabit pul məbləğində alimentin xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh verilməsi qət olunmuşdur. Adı çəkilən məhkəmə qətnaməsindən o, şikayət verməmiş, həmin qətnamə qanuni qüvvəsini almış və o, müəyyən edilmiş aliment məbləğini mütəmadi olaraq cavabdehə ödəmişdir.Ancaq onun maddi imkanı həmin aliment məbləğini tam şəkildə ödəməyə imkan vermir.Belə ki, o, “Qayalı” marketdə fəhlə işində işləyir, əmək haqqısı cəmi 300 manat təşkil edir. Gün ərzində marketdə çalışdığından başqa bir işlə də məşğul olub əlavə qazanc əldə edə bilmir.Nəticədə 300 manat qazancı olduğu halda ondan 350 manat aliment tələb olunur ki, bu pulu ödəmək iqtidarında deyil.Nəticədə cavabdehin onun guya alimenti ödəməməyi barədə etdiyi şikayətlər əsasında icra məmuru tərəfindən onun barəsində inzibati qaydada tədbirlər görülməsi təhlükəsi ilə üz-üzə qalmışdır.Bu səbəbdən hesab edir ki, onun işlədiyi yer üzrə rəsmi əmək haqqı olduğu halda aliment məbləği sabit pul məbləği şəklində deyil, alimentin məbləği azaldılmaqla əmək haqqısından qanunvericiliklə müəyyən edilmiş qaydada tutulmalıdır.Bu səbəbdən yaranmış belə bir şəraitdə onun bütün bu yükü daşımağı mümkünsüzdür ki, bununla bağlı olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müəyyən olunmuş aliment məbləğinin azaldılmasını tələb etməyi qərara almışdır.Göstərilənləri nəzərə alaraq ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh vəkili və nümayəndəsi ilkin iddianı rədd, qarşılıqlı iddianı müdafiə edərək göstərdi ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-367/2021 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş və hər bir uşağın saxlanması üçün 175 manat sabit pul məbləğində aliment müəyyən olunmuşdur. Hal-hazırda Cavabdeh uşaqları saxlamaqda çətinlik çəkir, çünki uşaqlarının tələbatları artır. Oğlu xəstədir və mütəmadi olaraq onun müalicəyə ehtiyacı var. Cavabdeh hipotit xəstəsidir, özü heç bir yerdə işləmir.Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və hər bir uşağın saxlanması üçün 200 manat aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.Göstərilənləri nəzərə alaraq ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını, cavabdehin vəkili və nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(028)-367/2021 saylı xx.xx.2011-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı və X6 arasında xx.xx.2010-cu ildə Cəbrayıl rayon Qeydiyyat şöbəsində bağlanılmış nikahın pozulması, nikahın pozulması ilə əlaqədar İddiaçı 15 (on beş) manat dövlət rüsumunun tutulması, Cavabdeh bu rüsumundan azad edilməsi, xx.xx.2011-ci il tarixdə doğulmuş X8 və xx.xx.2013-cü il tarixdə doğulmuş X2 Cavabdeh yanında qalması, İddiaçı hər ay 175 (yüz yetmış beş) manat sabit pul məbləğində alimentin xx.xx.2021-ci il tarixdən başlayaraq tutulub xx.xx.2011-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün və hər ay 175 (yüz yetmış beş) manat sabit pul məbləğində alimentin xx.xx.2021-ci il tarixdən başlayaraq tutulub xx.xx.2013-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh verilməsi və alimentə dair hissədə qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Fiziki şəxs X7 35 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Qayalı Marketdə xx.xx.2020-ci tarixindən etibarən fəhlə vəzifəsində işləyir.Aylıq əmək haqqı 300 (üç yüz) manatdır. MŞB/6-3041 saylı xx.xx.2022-ci il tarixli İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, X3 və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etmək qərarını qəbul etməmişdilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bu səbəbə görə məhkəmə hesab edir ki, alimentin müəyyən olunmuş miqdarının azaldılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcüd deyil.Eyni zamanda aliment borcunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulmuş səbəblərə görə əmələ gəldiyini təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutlar məhkəməyə təqdim olunmamışdır. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.2.-ci maddəsinə əsasən yaşayış minimumu-minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddiaçı bir uşağının saxlanılması üçün cavabdehdən tutulacaq alimenti 200 manat məbləğində məbləğində tələb etsə də, öz tələbini əsaslandıran halları, cavabdehin maddi vəziyyəti barədə, onun aylıq qazancının tələb edilən alimenti ödəməyə maddi cəhətdən imkanı olduğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilmədi, lakin məhkəmə uşağının mənafeyini nəzərə alıb hesab edir ki, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanuna uyğun olaraq 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edildiyindən X1 bir uşağının saxlanması üçün hər ay 200 manat deyil, 193 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməlidir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-ci il qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqlarla validenlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-ci il tarixli qərarın 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.7-ci bəndində göstərilir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin qərarın 8.13 bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Azərbaycan Respublikas Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı aliment məbləğinin azaldılması tələbinə dair iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı Qubadlı Rayon Məhkəməsinin 2(028)-367/2021 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə qət edilmiş alimentin məbləğini dəyişərək xx.xx.2011-ci il tarixdə doğulmuş X8 və xx.xx.2013-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində aliment qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub Cavabdeh ödənilsin. Qalan hissədə qarşılıqlı iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar