Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-394/2023 27.07.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3386/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını dəyişərək, ondan birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutulub cavabdehə verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, X4 ilə 09 avqust 2015ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan bir övladı var. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3386/2017 saylı qətnaməsi ilə Qubadlı Rayon Məhkəməsinin 07 avqust 2017-ci il tarixli, 2(028)-364/2017 saylı qətnaməsi dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 4/1 hissəsi miqdarında aliment tutulması qət edilmişdir.Hal-hazırda heç yerdə işləmir."Azfen B.M" şirkətində işləyirdi, təyin olunmuş aliment məbləğini vaxtında ödəyirdi.2023-cü ilin mart ayında işdən azad olunub.Məşğulluq idarəsində işsiz kimi qeydiyyata alınmışdır.Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Abşeron Dost Mərkəzindən arayış almışdır.Başqa heç bir yerdən gəliri yoxdur. Maddi vəziyyəti ağırdır. Ona görə də o, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3386/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş hər ay qazancının və başqa gəlirlərinin 4/1 hissəsi miqdarında aliment ödəyə bilmir. Onun hər ay 170 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanı çatar. Hesab edir ki, məhkəmə onun maddi vəziyyətini nəzərə almalıdır. Ona görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3386/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və ondan birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutulub cavabdehə verilməlidir. Ailə Məcəlləsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi uşaqları saxlamaq tək atanın yox, hər iki valideynin borcudur. Hesab edir ki, uşağın saxlanılması üçün aliment tutulması barədə iddiaya baxarkən məhkəmə "Yaşayış minimumu haqqında" Qanunun yox, Ailə Məcəlləsinin tələblərinə əsasən mülki prosessual qanunvericiliyin normalarına müvafiq olaraq alimentin miqdarını müəyyən etməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il qərarında Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qəbul etmədi və göstərdi ki, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq uşağın saxlanması üçün hər ay 220 manatdan az olmayan məbləğdə aliment tutulmalıdır.Buna görə o, hesab edir ki, iddiaçı uşağın saxlanması üçün hər ay 220 manatdan az olmayan məbləğdə aliment ödəməlidir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli qətnaməsi ilə Qubadlı Rayon Məhkəməsinin 2 (028)-364/2017 saylı 07 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmiş və xx.xx.2015-ci il təvəllüdlü X1 uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay qazancının və gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, iddiaçının aylıq əmək haqqısı 871,20 manatdan 1316 manatadək olmaqla təxminən 1000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin №xxxxxxx230002 saylı xx.xx.2023-cü il tarixli müraciət vərəqəsindən görünür ki, müraciət edən Alıyev X5 DOST Mərkəzinə işsizlikdən sığorta ödənişinin təyin edilməsi üçün müraciət etmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, X4 ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.2.-ci maddəsinə əsasən, yaşayış minimumu-minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər . “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşıqa çatmayan uşaqlarla validenlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-ci il tarixli qərarın 8.13 bəndində göstərilir ki,alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının cəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmədə müəyyən edildi ki, iddiaçınin maddi vəziyyətində dəyişiklik olmuş və xx.xx.2023-cü il tarixindən başlayaraq iddiaçı işsizdir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3386/2017 saylı xx.xx.2017ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub Cavabdeh ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-394/2023
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-394/2023
27.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver