Məhkəmə qərarları › İş №2(028)-417/2022

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-417/2022

27.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-417/2022 27.09.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Ruvinovun sədrliyi, Mustafayeva Aynurə Akif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından xx.xx.2007-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Qubadlı Rayon Məhkəməsinin 29 fevral 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılaraq, hər ay hər uşaq üçün 75 manat sabit pul məbləğində alimentin tutulması, cavabdehlə faktiki nikahlarından xx.xx.2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Qubadlı Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının azaldılaraq, hər ay 75 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, Qubadlı Rayon Məhkəməsinin 29 fevral 2016-cı il tarixli qətnaməsi ilə cavabdehlə olan nikah pozulmuş, ondan birgə nikahdan olan bir uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün 150 manat miqdarında aliment tutulmalıdır. Boşanmadan sonra cavabdehlə münasibətlər normanlaşdığına görə barışıb bir müddət birgə yaşamışlar və onların xx.xx.2019-cu il tarixdə bir uşağı anadan olmuşdur. Qubadlı Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə həmin uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün 150 manat miqdarında aliment tutulmalıdır. Qubadlı Rayon Məhkəməsi 22 sentyabr 2020-ci il tarixdə qətnaməsini çıxarılanda o, işləyirdi və çətinliklə də olsa, alimenti ödəyə bilirdi.Artıq xeyli vaxtdır ki, işləmir, heç bir qazancı və gəliri yoxdur.Bu səbəbə görə alimentin miqdarını azaltmaq istəyir. Bu barədə mediasiya təşkilatına müraciət etmişdir. O və cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin prosesi davam etdirmək barədə qərar qəbul etmədilər.Bu barədə xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər . Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanlanmış ərizədə iddianın təmin edilməsini və işə onunu iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 29 fevral 2016-cı il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, iddiaçıdan birgə nikahdan olan bir uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün 150 manat miqdarında aliment tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.2.-ci maddəsinə əsasən, yaşayış minimumu-minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər . Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşıqa çatmayan uşaqlarla validenlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-ci il tarixli qərarın 8.13 bəndində göstərilir ki,alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-cı maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Hazırki işdə iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə iddianın etiraf edilməsini qəbul edir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçınndan xx.xx.2007-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Qubadlı Rayon Məhkəməsinin 29 fevral 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılaraq, hər ay hər uşaq üçün 75 manat sabit pul məbləğində aliment qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. xx.xx.2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Qubadlı Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının azaldılaraq, hər ay 75 manat sabit pul məbləğində aliment qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar