Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-646/2025 27.10.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 İddiaçı Cavabdeh qarşı uşağın onun notarial qaydada razılığı olmadan ölkədənə çıxarılmasına dair tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə müraciət edərək, qızı X3 18 yaşına çatana qədər onun notarial qaydada razılığı olmadan ölkədən çıxarılmaması barədə qərar qədul edilməsi və anası Cavabdeh qızı X3 onun notarial qaydada icazəsi olmadan 18 yaşına çatana qədər Azərbaycandan kənara aparılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarının 2.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaşlar isə Miqrasiya Məcəlləsində xüsusi subyekt kimi tanınmaqla, onların ölkədən getməsinin həmin Məcəllənin 11-ci maddəsi ilə tənzimlənən ayrıca qaydası nəzərdə tutulmuşdur. Məcəllənin 11.1-ci maddəsinə əsasən, 11.2-ci maddədə nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilərlər. 11.2-ci maddədə isə göstərilir ki, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə isə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. - 5.1-ci bəndinə əsasən uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında mübahisələr ailə münasibətlərindən irəli gələn mübahisələrə aid olduğundan “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən, həmin Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirakları tələb olunur. - 5.2-ci maddəsinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, iddia ərizəsinə ilkin mediasiya sessiyasında iştirakı təsdiq edən sənədlərin əlavə edilməməsi, onun MPM-in müvafiq olaraq 152.1.6-1-ci maddəsinə əsasən geri qaytarılması, iddia ərizəsi icraata qəbul edildiyi halda isə həmin Məcəllənin 259.0.13-cü maddəsinə əsasən baxılmamış saxlanılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları)göstərilməlidir. Həmin Məcəllənin 150.1.7-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd, iddia ərizəsinə əlavə edilir Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə qeyd edir ki, qüvvədə olan qanunvericilik normalarına əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. İndiki halda qanunvericilikdə müəyyən edilmiş halın məhkəmə qaydasında təsdiqinə lüzum yoxdur. Əgər belə razılıq verilmərsə, qarşı tərəf məhkəmədə iddia qaldıraraq yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsini məhkəmənin qərarı əsasında həll edir. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Eyni zamanda qeyd olunur ki, iddia ərizəsi tərtib olunarkən onun forma və məzmununa riayət edilməmiş, dövlət rüsumunun ödənilməsinə dair qəbz və mediasiyaya dair arayış işə əlavə edilməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 153-cü və 263-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı uşağın onun notarial qaydada razılığı olmadan ölkə xaricinə çıxarılmaması tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. HAKİM SAMİR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(028)-646/2025
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-646/2025
27.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver