Məhkəmə qərarları › İş №2(028)-755/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-755/2021

30.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-755/2021 30.12.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh 27.07.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin və mediasiya xərclərinin əvəzi olaraq 25 manatın tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, Cavabdeh ilə 2016-cı ildə nikaha daxil olmuş və həmin nikahdan onların bir uşaqları var. Ailə qurduqdan sonra münasibətlər yaxşı olmuş, lakin sonradan pisləşmişdir.2021-ci ilin sentyabr ayından uşaqla birlikdə valideynlərinin yanında qalırlar. Cavabdeh uşaqla maraqlanmır, onun saxlanması üçün maddi yardım göstərmir. Özü işləmir və uşağı saxlamaqda çətinlik çəkir. Buna görə cavabdehdən uşağın saxlanması üçün aliment tutulmalıdır. 23.03.2019-cu il tarixli “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununa əsasən vətəndaşlar mediasiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərdən irəli gələn mübahisələr məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasından məcburi şəkildə etməlidirlər. Azərbaycan Respublikası MPM-in 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. O ilkin olaraq mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdeh iştirak etməmişdir.Bu barədə arayış verilmişdir.Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanlanmış ərizədə göstərmişdir ki, onun işi ilə əlaqədər olaraq 30.12.2021-ci il tarixdə Qubadlı rayonunda xidmətdə olduğu üçün məhkəmə prosesində iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir.Onun 1-ci alimenti 150 manatdır.Himayəsində 2-ci qrup əlil bacı və xəstə anası var.Göstərilənlərin nəzərə alınmasını və bu alimentin 150 manat kəsilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və X4 03.12.2016-cı ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3247 № ilə qeyd edilmişdir. İş materiallarında olan Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X3 27.07.2017-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 12.11.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Qubadlı rayon Polis İdarəsi tərəfindən verilmiş 28.12.2021-ci il tarixli,148-4356-1221 saylı arayışdan görünür ki, Qubadlı rayon Polis İdarəsinin PPX tağımın manqa komandiri polis baş serjantı Cavabdeh əmək haqqından hər ay mütəmadi olaraq 146 (bir yüz qırx altı) manat məbləğındə pul tutularaq aliment pulu olaraq X1 hesabına köçürülür. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddiaçı bir uşağının saxlanılması üçün cavabdehdən tutulacaq alimenti 175 manat məbləğində tələb edir. Məhkəmə cavabdehin başqa aliment ödəmələrinin olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən bir uşağının saxlanması üçün hər ay 175 manat deyil, 150 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməlidir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-ci il qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment 25.11.2021-ci il tarixdən başlayaraq 27.07.2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün və mediasiya xərclərinin əvəzi olaraq 25 manat tutulub İddiaçı verilsin. Qalan hissədə iddia rədd edilsin. Alimentə dair hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar