Məhkəmə qərarları › İş №2(029)-1057/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1057/2021

23.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1057/2021 23.12.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)- 6943/2019 saylı iş üzrə 06.09.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh xeyrinə 16.06.2017-ci il tarixdə doğulmuş X4 18 yaşına çatana kimi saxlanılması üçün ondan hər ay tutulması müəyyən edilmiş 200 manat məbləğində alimentin miqdarının azaldılıb hər ay 130 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 12.08.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-6943/2019 saylı 06.09.2019-cu il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah ləğv edilmiş, 16.06.2017-ci il təvəllüdlü X4 anasının yanında qalması və yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay 200 manat məbləğində sabit pul şəklində aliment tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. O, 24.08.2020-ci il tarixdə yeni nikaha daxil olmuş, həmin nikahdan 26.04.2021-ci il təvəllüdlü X10 dünyaya gəlmişdir. Hal-hazırda işsiz olduğunu və himayəsində 2 nəfərdən ibarət ailənin olduğunu nəzərə alaraq alimentin miqdarının azaldılması zərurəti yaranmışdır. Belə ki, hazırkı maddi vəziyyəti həm qeyd olunan məbləğdə alimentin ödənilməsinə, həm də ailəsinin təminatına kifayət etmir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək daimi yaşayış yeri Bakı şəhəri olduğundan Qusar rayon məhkəməsinə gəlib-getməkdə çətinlik çəkdiyi üçün işə onun iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia rədd olunmalıdır. Belə ki, işdə olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-6943/2019 saylı 06.09.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X5 arasında 12.08.2016-cı il tarixdə 2 saylı Bakı “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış və 686 nömrə ilə qeydə alınmış nikah pozulmuş, boşanmadan sonra 16.06.2017-ci il təvəllüdlü X4 anası X2 yanında qalması müəyyən edilmiş, cavabdeh İddiaçı birgə nikahdan anadan olmuş 16.06.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat, həmçinin uşaq 3 yaşına çatana kimi saxlanması üçün 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. İşdə olan AZ-İİ 407442 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki,İddiaçı ilə X8 arasındakı nikah 24 avqust 2020-ci il tarixdə 2 saylı Bakı “Asan” xidmət mərkəzinin Qeydiyyat şöbəsində 1299 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra Günay Nuriyeva “Məmmədova” soyadını qəbul etmişdir. İşdə olan AZ-İV 583177 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 26.04.2021-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası X6r. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələblərinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələblərinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, İddiaçı məhkəmə tərəfindən tutulmuş 200 (iki yüz) manat məbləğində alimentin azaldılaraq 130 (yüz otuz) manat məbləğində müəyyən edilməsi barədə iddiası işin faktiki hallarına uyğun deyildir. Belə ki, qanunvericilik tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin, qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətinin əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. İş materiallarından görünür ki, iddiaçı alimentin məbləğinin azaldılması üçün özünün maddi vəziyyətinin pisləşməsini sübut edə bilməmiş və bu hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-6943/2019 saylı 06.09.2019-cu il tarixli qətnaməsi ilə 16.06.2017-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş hər ay 200 (iki yüz) manat alimentin miqdarının azaldılması hazırkı vəziyyətdə uşağın bir ay ərzində zəruri ehtiyaclarının ödənilməsi üçün kifayət etməməklə yanaşı, iddiaçının tələbi təmin olunarsa, bu, qarşı tərəfin marağının əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxarar, ən əsası isə uşağın mənafeyinə uyğun olmayaraq, uşağın hərtərəfli inkişafına, qanunvericiliklə qorunan hüquqlarına, mənafelərinə zərər vura bilər. Odur ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar