Məhkəmə qərarları › İş №2(029)-1199/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1199/2025

02.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1199/2025 02.02.2026 QUSAR RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment və əlavə xərc tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment və əlavə xərc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə yaşadıqları müddətdə anadan olmuş 02 may 2024-cü il təvəllüdlü X1 üçün sonrakı artımları nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.70 misli həddində sabit pul məbləğində alimentin tutularaq uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsinə, habelə 02 may 2024-cü il təvəllüdlü X2 üç il tamamına kimi 250 manat alimentin tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 2022-ci il tarixdə rəsmi nikahı qeyd etdirmədən el adəti ilə toy edərək Cavabdeh ilə evlənmiş, birgə yaşadıqları müddətdə 02 may 2024-cü il təvəllüdlü X4 anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. Ayrılmaqlarının səbəbi cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsi olmuşdur. Artıq uzun müddətdir ki, onlar ayrı yaşayırlar. Ayrıldığı vaxtdan azyaşlı uşaq onun himayəsindədir. O, cavabdehlə aralarında olan ailə hüquq münasibətlərindən irəli gələn mübahisəni həll etmək məqsədi ilə Cavabdeh daha sonra isə Mediasiya Şurasına müraciət etmişdir. Mediasiya şurasında məsələ həll olunmamışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh uşağın saxlanılmasının və tərbiyəsinin qayğısını çəkmir, uşağın maddi, məişət ehtiyaclarının ödənilməsini təmin etmir, ona uşağm saxlanması üçün heç bir köməklik göstərmir. Uşağı təkbaşına saxlamaq onun üçün çətindir. Ona görə də uşağm saxlanması üçün Cavabdeh onun xeyrinə aliment tutulmalıdır. İddiaçı eyni zamanda şəxsi işləri ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini göstərərək işə onun iştiraki olmadan baxıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qeydiyyatda olduğu ünvana məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri göndərilsə də, həmin bildiriş “evdə yoxdur” qeydi ilə geri qayıtdığına görə məhkəmə Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan AZ-V 014463 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2024-cü ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan AZ-İ 469641 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü ildə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Həmçinin, həmin qərarda qeyd olunmuşdur ki, ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 5-ci maddəsi). Bu baxımdan məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarından görünür ki, Qərarın 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə birgə yaşadığı dövrdə anadan olmuş Muhammədəli adlı uşağın qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aliment tutulmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göründüyü kimi, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması prinsipi əsas götürülməlidir. Bundan başqa, cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları nəzərə alınmalıdır. Odur ki, yuxarıda sadalanan hallara əsasən və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində (180 manat) sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan, yəni 03 noyabr 2025-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə iddiaçı X7 adlı uşağın üç yaşınadək cavabdeh tərəfindən ona aliment ödənilməsi tələbini müzakirə edərək hesab edir ki, həmin hissədə iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları ər və arvadın bir-birinə maddi cəhətdən kömək etmək öhdəliyini müəyyən edir. Lakin, iş materialları, o cümlədən iddiaçının özünün iddia ərizəsi ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olmamışlar. Ailə Məcəlləsinin 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Belə olan halda, tərəflər arasında rəsmi nikah bağlanmadığına görə onların birbirinə münasibətdə hüquq və vəzifələri mövcud deyil və ona görə də, iddiaçının cavabdehdən uşağın 3 yaşı tamam olanadək aliment tələb etməsi əsassızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı Ramilə Yaqubovanın öz tələbinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, İddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı, yəni iş üzrə iddianın qiyməti 2160 manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 41.60 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx xxxx 1980-ci ildə ünvan 1 ünvanda yaşayan Cavabdeh İddiaçı xeyrinə 02 may 2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli miqdarında sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması 03 noyabr 2025-ci il tarixdən hesablansın. Qalan hissədə iddia təmin edilməsin. Cavabdeh 41.60 (qırx bir manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar