Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-121/2025 04.02.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “ bağlanmış müqavilənin ləğv edilməsi və pul” tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “bağlanmış müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə bağlanmış 07 oktyabr 2024-cü il tarixli müqaviləsinin ləğv edilməsi və qanunsuz alınmış 100 (bir yüz) manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 07 oktyabr 2024-cü il tarixdə qanunun tələblərinə uyğun "xxxx" MMC ilə müqavilə bağlayaraq RO-452 LED markalı su təmizləmə sistemi (qurğunu) satın almışdır. Malın növü, çeşidi, tərkibi, digər əlamətləri və xarakterlik xüsusiyyətləri yerindəcə izah olunmuşdur. Malın qiyməti və müqavilənin ümumi dəyəri 1.790 (bir min yeddi yüz doqsan) AZN məbləğində müəyyən edilmişdir. "xxxx" MMC-nin əməkdaşları ona bildirmişlər ki, sakinlərə verilən içməli su yararsızdır, müxtəlif infeksion xəstəlklərə düçar olur və su təmizləmə qurğunun alınması məsləhət görmüşdür. O da, onlara inanmış və iki tərəfli bağlanmış müqaviləni imzalamışdır. Onun 85 yaşı var, xəstədir, aldığı pensiyanı dərmanlara və kommunal ödənişlərə çatdıra bilmir, aldanmışdır. Bundan əlavə həmin şirkətin əməkdaşları ondan 100 manat məbləğində pulu alıb mənimsəmiş, ödəniş qəbzi verməmişlər. Dəfələrlə həmin şirkətə telofonla zəng edərək su təmizləyici qurğunu geri almağını xahiş etsə də heç bir müsbət nəticə əldə edə bilməmişdir. Qurğunu müqavilə əsasında satmış, malı geri götürə bilmirlər və məsləhət görmüşlər ki, pulu yavaş yavaş ödəsin. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq 08 sentyar 2016-ci tarixdə Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə onun yaşadığı Yeni yaşayış massivinə su çəkilb və su təchizatı ilə bağlı heç bir problem yoxdur. Cavabdeh "xxxx" MMC məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddiaçının iddiası əsassızdır və həmin iddia təmin edilə bilməz. Belə ki, iddiaçı, ünvan 1 ünvanında yaşayan İddiaçı həqiqətən də, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC ilə RO-452 LED markalı su təmizləmə sistemini kredit şərti ilə alınmasına dair müqavilə bağlamışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı”ya “RO 452 LED” markalı su təmizləmə sistemini (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin “Mal”ı qəbul edir və müqaviləyə əlavə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı”ya ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə (“Mal”in qiyməti, ödəniş şərtləri və miqdarı “Müqavilə”nin ayrılmaz tərkib hissəsi olan “Əlavə” ilə müəyyənləşdirilir.) Müqavüəyə bir saylı əlavənin 1-ci bəndinə əsasən malın ümumi dəyəri tərəflər arasında 1.890.00 (min səkkiz yüz doğsan) manat məbləğində razılaşdırılmışdır. Eyni zamanda həmin müqavilənin bir saylı əlavəsinə əsasən “Alıcı” müqavilənin ümumi dəyərinin 100.00 (bir yüz) manatını ilkin ödəniş kimi etməklə qalıq 1.790.00 (min yeddi yüz doxsan) manat pul məbləğini on səkkiz ay müddətində, on yeddi ay 100 (bir yüz) manat sonuncu ay 90.00 (doxsan) manat olmaqla kredit şəklində ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin tərəflər arasında bağlanmış müqavilənin 4.8-ci bəndinə əsasən (“Alıcı ” əldə etdiyi ”Mal”ı əsassız, səbəbsiz geri qaytardığı və ya müqavilə şərtlərini lazımınca icra etmədiyi təqdirdə “Satıcı ”ya ödədiyi ilkin pul məbləğini geri tələb etmək hüququna malik deyil və bununla bağlı gələcəkdə mübahisə qaldırmamaq öhdəliyini öz üzərinə götürür). Tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndinə əsasən Alınmış “Mal”ın qaytarılması və dəyişdirilməsi İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 623-cü maddəsinə əsasən tənzimlənir. Həmin müqavilənin 8.4-cü bəndinə əsasən “Tərəf’lər “Müqavilə ”nin bütün mühüm şərtləri barəsində razılığa gəldilər və müqavilədəki öhdəlikləri tam olaraq qəbul edirlər. “Alıcı ” “Müqavilə ” və RO-452LED markalı su təmizləmə sisteminin istismar üzrə təlimatı ilə tanış olduğunu və “Malı qəbul etdiyini təsdiq edir. İddiaçının iddiasında guya şirkət tərəfindən müqavilə bağlanılarkən qeyd edilən rayon sakinlərinə verilən içməli suyun yararsızlığı və ya suda müxtəlif infeksion xəstəliklərin olması barədə yazılanlara münasibət olaraq, bildirir ki, hər-hansı belə bir fikir və ya məlumat iddiaçıya verilməyib və həmin yazılanları şirkətə qarşı şər hesab edir. Həmçinin, iddiaçı tərəfindən iddiada qeyd edilən mal üçün ilkin ödənilmiş 100 (bir yüz) manat pul məbləğinə dair şirkət tərəfindən ödəniş qəbzinin verilməməsi ilə bağlı bildirir ki, xx.xx.2024-cü il tarixində tərəflər arasında müqavilə bağlanılarkən iddiaçıya şirkət tərəfindən müqavilə ilə bərabər 07 oktyabr 2024-cü il tarixli, THƏ seriyalı, 001547 №-li kassa mədaxil orderinin qəbzi təqdim edilmişdir. İddiaçı iddiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iddianı qəbul etməmiş və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, işdə olan 07 oktyabr 2024-cü il tarixli müqavilədən və ona 1 saylı əlavədən görünür ki, müqaviləyə əsasən satıcı alıcıya RO-452 LED markalı su təmizləmə sistemini 18 ay meddətinə 1890 manata satmışdır. Alıcı 100 manat məbləğində ilkin ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 387.1. Öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. 397.1. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. 397.2. Müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 398.3. Əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.4. Əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Bağlanmış alğı-satqı müqaviləsi tərəflərin həqiqi iradələrini ifadə edən bir müqavilə olmuşdur. Belə ki, iddia tələbində qeyd edilən ləğv edilməsi tələb edilən müqavilə iddiaçı və cavabdeh tərəf bağlamışlar. Həmin müqaviləni tərəflər qarşlılıqlı razılıq əsasında bağlamışlar. Həmin müqaviləyə dair hüquqi proseslər barəsində onların müqavilə tərəfi kimi azadlığı olmuş, "müqavilə azadlığı” prinsipi çərçivəsində onlar, tam sərbəst iradələri ilə hərəkət edərək müqavilə şərtləri (eləcə də satılan əmlakın qiyməti ilə bağlı şərt) qarşılıqlı razılıqları ilə müəyənləşdirilmişdir. Qeyd edilən alqı-satqı müqavilələrinin ləğv edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslardan heç biri mövcud deyildir. Alqı-satqı müqaviləsi təsdiq edilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. İddia ərizəsində qeyd edilən hallara görə, iddiaçının məhkəmə iclasında vermiş olduğu izahata əsasən, həmçinin cavabdehin mövqeyinə əsasən iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Əgər, müqaviləni bağlamış hər iki tərəf, yəni həm iddiaçı, həm də cavabdeh müqavilənin dəyişdirilməsi və ləğv edilməsi barədə razılıq əldə olunsa idi, iddiaçının iddia tələbi uğurlu ola bilərdi, hazırkı halda isə cavabdeh tərəf müqavilənin ləğv edilməsinə razı olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “ bağlanmış müqavilənin ləğv edilməsi və pul” tələbinə dair tələbi əsassız olduğundan iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “ bağlanmış müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM: ƏLİ CƏLİLOV