Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-123/2022 12.01.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.03.2007-ci il təvəllüdlü X3, 26.05.2008-ci il təvəllüdlü X1 və 17.03.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər uşağa görə hər ay 175 (yüz yetmiş beş) manat, cəmi 525 (beş yüz iyirmi beş) manat miqdarda alimentin tutumasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, nikahı 28 noyabr 2006-cı il tarixdə Rusiya Federasiyasının Arxangelsk vilayəti administrasiyasının VVAQ İdarəsi üzrə qeydiyyatdan keçirərək Cavabdeh ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan 28.03.2007-ci il təvəllüdlü X6, 26.05.2008-ci il təvəllüdlü X4 və 17.03.2010-cu il təvəllüdlü X5 adlı üç uşaqları anadan olmuşdur. O, cavabdehlə xasiyyətlərinin uyğun gəlmədiyi üçün ailənin saxlanmasının qeyri-mümkünlüyünü hesab etmiş və uşaqları ilə birlikdə ata evinə qayıtmış və hal-hazırda 6 aydır ki, atası evində yaşayır. 6 ay ərzində cavabdeh ona uşaqların saxlanması üçün heç bir maddi yardım göstərməmiş və uşaqları ilə maraqlanmamışdır. Cavabdeh həmişə Rusiya Federasiyasında işləmiş, onun gəliri həmişə yaxşı olmuşdur. Halhazırda uşaqların tərbiyəsi ilə özü məşğul olur. Valideynləri ona maddi yardım göstərsələr də, onların təqaüdü kifayət etmir. Odur ki, məcbur qalıb Qusar rayon Məhkəməsində cavabdehdən alimentin sabit pul məbləğində tutulmasına dair iddia qaldırmışdır. Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilməsini nəzərə alaraq, uşaqları günün tələblərinə cavab verən qaydada saxlamaq üçün ayda 175 manat sabit pul məbləğində alimentin müəyyən edilməsini məqsədəuyğun hesab edir. Onun tərəfindən qeyd edilən mübahisəni mediasiya vasitəsi ilə həll edilməsini və mediasiyaya dair xərclərin tərəflər arasında bərabər şəkildə bölünməsini təklif etmişdir. İlkin mediasiya sessiyası barədə cavabdehə lazımı qaydada məlumat verilsə də, cavabdeh 13 sentyabr 2021-ci il tarixdə, saat 09:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün mediator tərəfindən ilkin Mediasiya sessiyasında iştirak edilməsi barədə 031 saylı 13 sentyabr 2021-ci il tarixli arayış verilmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı müdafiə edir, hal-hazırda işləmədiyi üçün azyaşlı uşaqlarla evdə qalır, uşaqları evdə tək qoya bilmir və ona görə də, məhkəmədə iştirak edə bilməyəcəkdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Həmçinin, Cavabdeh məhkəməyə ərizə göndərərək iddianı qismən qəbul etdiyini, heç bir yerdə işləmədiyini göstərimiş və ondan hər uşağa görə 100 manat, cəmi 300 manat aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İİ-ИГ 543259 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 28.03.2007-ci il tarixdə Rusiya Federasiyasının Arxangelsk vilayətinin Arxangelsk şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan İ-ИГ 797984 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 26.05.2008-ci il tarixdə Rusiya Federasiyasının Arxangelsk vilayətinin Arxangelsk şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan İ-ИГ 797985 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 17.03.2010-cu il tarixdə Rusiya Federasiyasının Arxangelsk vilayətinin Arxangelsk şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 13 sentyabr 2021-ci il tarixli 031 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən poçt və mobil telefon vasitəsi ilə məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir. İş materiallarında olan Qusar rayon İHB-nın Balaqusar kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12.01.2022-ci il tarixli 28 saylı arayışdan görünür ki, Cavabdeh Qusar rayonu Bədirqala kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər artıq ər-arvad münasibətlərini kəsməklə ayrılmışlar, birgə nikahlarından anadan olmuş Renat, Alvina və Elmira adlı uşaqlar hal-hazırda İddiaçı yanında yaşayırlar. Hazırda iddiaçı həmin uşaqları təkbaşına saxlayır, bu isə onun üçün əlavə çətinliklər yaradır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə Renat, Alvina və Elmira adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün aliment tutulmalıdır. Tərəflərin maddi, əmlak və s. vəziyyətlərini, həmçinin uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq məhkəmə alimentin miqdarının hər ay İddiaçı tələb etdiyi kimi 175 manat deyil, 100 manat müəyyən olunmasını məqsədəuyğun hesab edir. Belə ki, hazırkı halda həmin şəxsin tələb etdiyi miqdarda alimentin Cavabdeh ödəmək iqtidarında olması öz təsdiqini tapmamış, onun hər hansı konkret gəlirlərinin olması məhkəmə tərəfindən müəyyən olunmamış, bu barədə iddiaçı tərəf məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirilmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni 17 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, İddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı isə 1000 manatdan artıq, lakin 10000 manatdan artıq olmamaqla 3600 manat (12 X 300=3600) təşkil edir. Bununla da, iş üzrə iddianın qiyməti 3600 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 2600 (3600-1000=2600) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 26 manat, cəmi isə 56 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75- 78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 13 may 1966-cı ildə anadan olmuş, Qusar rayonu Bədirqala kəndində yaşayan Cavabdeh İddiaçı xeyrinə 28.03.2007-ci il təvəllüdlü X3, 26.05.2008-ci il təvəllüdlü X1 və 17.03.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması 17 noyabr 2021-ci il tarixdən hesablansın. Cavabdeh 56 (əlli altı) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-123/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-123/2022
12.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver