Məhkəmə qərarları › İş №2(029)-132/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-132/2021

29.01.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-132/2021 29.01.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı hesablanmış, lakin ödənilməmiş əmək haqqının tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndə sosial-iqtisadi inkişaf komissiyasının sədri vəzifəsində işlədiyi xx xxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan dövr üçün hesablanmış 3360 (üç min üç yüz altmış) manat əmək haqqının Cavabdehndən alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair Ərizə verərək, Cavabdehndən 780 (yeddi yüz səksən) manat əmək haqqının alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, O, xx xxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək Cavabdehndə sosial-iqtisadi inkişaf komissiyasının sədri vəzifəsində işləmişdir. Cavabdeh üzrə verilmiş xx xxxxxx 2018-ci il tarixli 20 saylı əmrə əsasən o, ailə vəziyyəti ilə əlaqədar işdən azad olunmuşdur. İşlədiyi bütün dövr üçün yəni xx xxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək ona 2520 ( iki min beş yüz iyirmi) manat əmək haqqı hesablanmışdır, həmin əmək haqqından hal-hazırda 780 (yeddi yüz səksən) manat ödənilməmiş qalmışdır. Lakin 780 (yeddi yüz səksən) manat əmək haqql borcu ona hal-hazıradək ödənilməmişdir. Həmin borcun ödənilməsi üçün dəfələrlə Cavabdehnə müraciət etmiş, lakin cavabdeh bank hesabında pul vəsaiti olmadığına görə əmək haqqı borcunu ödəməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənlərə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh tərəfindən verilmiş xx xxxxx 2017-ci il tarixli 16 saylı Əmrdən görünür ki, İddiaçı Həzrə Bələdiyyəsinin ştat cədvəlinə uyğun olaraq sosial-iqtisadi inkişaf komissiyasının sədri vəzifəsinə işə qəbul olunması, alacağı əmək haqqı ştat cədvəlinə uyğun olaraq ödənilməsi qərara alınmışdır. İşdə olan Cavabdeh tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli 20 saylı Əmrdən görünür ki, İddiaçı ailə vəziyyəti ilə bağlı işdən sosial-iqtisadi komissiyasının sədri vəzifəsindən azad edilməsi, iki aylıq əmək haqqının hesablanması qərara alınmışdır. İşdə olan Cavabdeh tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli 45 saylı Arayışdan görünür ki, İddiaçı xx xxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixinə kimi Cavabdehndə sosial-iqtisadi inkişaf komissiyasının sədri vəzifəsində çalışmış, aldığı əmək haqqı ştat cədvəlinə uyğun hesablanmış və alacağı əmək haqqı 160 (bir yüz altmış) manat təşkil edir. İşdə olan Cavabdeh tərəfindən Qusar rayon Məhkəməsinə ünvanlanmış 235 saylı məktubdan görünür ki, İddiaçı xx xxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixinə kimi Cavabdehndə sosial-iqtisadi inkişaf komissiyasının sədri vəzifəsində işləməsinə görə 2520 (iki min beş yüz iyirmi) manat əmək haqqı hesablanmış, həmin puldan 781 (yeddi yüz səksən bir) manat isə ödənilməmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı xx xxxxx 2017-ci il tarixli 16 saylı Əmrə əsasən Cavabdehndə sosial-iqtisadi inkişaf komissiyasının sədri vəzifəsinə təyin olunmuş, xx xxxxxx 2018-ci il tarixli 20 saylı Əmrə əsasən ailə vəziyyəti ilə əlaqədar işdən azad olunmuşdur. xx xxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixinə kimi hesablanmış 2520 (iki min beş yüz iyirmi) manat əmək haqqından hal-hazıradək 780 (yeddi yüz səksən) manat ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-i və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli,öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178.1-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə yuxarıda qeyd edilən qanun normaları və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdehndən 780 (yeddi yüz səksən) manat pul alınıb İddiaçı verilməlidir. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehndən 780 (yeddi yüz səksən) manat ödənilməmiş əmək haqqı alınıb İddiaçı verilsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar